Güclü dövlətin güclü də ordusu olur
Azərbaycanın iqtisadi qüdrəti və müzəffər silahlı qüvvələri ilə dostlarımız da qürur duyur
Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən, Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi parad Azərbaycan xalqına şanlı Zəfərimizin sevinc və qürurunu bir daha yaşatdı. Uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan və onun arxasında dayanan bəzi dövlətlər işğalçıya siyasi, iqtisadi və hərbi dəstək göstərirdi. Elə düşünürdülər ki, əzəli-əbədi torpağımız olan Qarabağı və Şərqi Zəngəzuru əlimizdən ala biləcəklər.
Tarix, zaman, dövlətimizin və xalqımızın polad iradəsi göstərdi ki, heç bir qəsbkar Azərbaycan torpağında bunu edə bilməz. Çünki Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizim siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi: “Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”.
Bəli, yalnız güclü dövlətin güclü ordusu olur. Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi ilk gündən düzgün və məqsədyönlü siyasət yeridərək xalqımızı böyük Qələbəyə doğru apardı.Bu barədə Prezidentimiz bir çox çıxışlarında bəhs edib. Dünənki paradda da həmin fikirlər bir daha vurğulandı:” Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir”.
Prezident, Ali Baş Komandan İlham Əliyev güclü Azərbaycan və müzəffər ordu yaratdı.Elə bir ordu ki, onun qarşısında heç bir qüvvə dayana bilmədi, ona heç nə maneə törədə bilmədi:”44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı”.
Budur, indi sevinclə , qürurla, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyə-diləyə şanlı Qələbəmizin 5 illiyıni qeyd edirik. Ötən bu 5 il ərzində biz yalnız iftixar hissi keçirməklə kifayətlənməmişik. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. İllərlə öz sahiblərinin nəfəsinə, ayaq izlərinə intizar qalan torpaq da, yurd-yuvası üçün həsrət çəkən insanlar da indi sevinirlər. Keçmiş məcburi köçkünlər ardıcıllıqla , mərhələ-mərhələ doğma yurda dönürlər. Hərbi paraddakı çıxışında Prezident İlham Əliyev bunları bir daha vurguladı:” Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq”.
Bu qürur hissini bizimlə bərabər dost və qardaş ölkələr,xalqlar da keçirir.Təsadüfi deyil ki, dünənki paradda da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif xalqımızla birlikdə idi.Bir sıra dost və qardaş ölkələrin müdafiə nazirləri də gəlmişdilər.Digər hörmətli qonaqlarımız da vardı.
Qarabağın azadlığa qovuşmasının təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyi olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan ölkəmizlə əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın bundan sonra da davam edəcəyini diqqətə çatdırdı:” Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk.Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarını artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə paraddakı çıxışını bu sözlərlə tamamladı:”Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu!”
Bu, hər birimizin qəlbindən keçən istək və arzudur.
Flora SADIQLI,
“Azərbaycan”