
Gürcüstanlı və israilli nazir Cənubi Qafqazda təhlükəsizlik mühitini müzakirə ediblər
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İsrailin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi naziri Avi Dixter ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər gürcü və yəhudi xalqları arasında tarixi dostluğu, Gürcüstanla İsrail arasındakı sıx münasibətləri vurğulayıblar.
Nazirlər xüsusilə ticarət, iqtisadiyyat, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər. Daha çox diqqət, dünyanın aktual çağırışlarından biri kimi ərzaq təhlükəsizliyinə və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə yönəldilib.
Söhbət zamanı Yaxın Şərqdə cərəyan edən hadisələr, Cənubi Qafqazda təhlükəsizlik mühiti müzakirə edilib.
Davamlı inkişaf üçün sülhün təmin edilməsinin və güclü dövlət institutlarının mövcudluğunun vacibliyi qeyd edilib.
Nazirlər, həmçinin dünyada sülh və sabitliyin möhkəmləndirilməsi üçün diplomatik səylərin vacibliyini vurğulayıblar.