
İlham Əliyevin təşəbbüsləri regional və qlobal əməkdaşlığı gücləndirir
Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirən amillərdən biri həyata keçirdiyi enerji, nəqliyyat və digər infrastruktur layihələridir. Bütün bunlar respublikamızın yüksəlişini təmin etməklə yanaşı, ona yerləşdiyi regionun aparıcı dövləti statusunu qazandırıb. Reallıq budur ki, Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda bu günədək hər hansı bir regional infrastruktur layihəsi reallaşmayıb. Olanların isə hamısının təşəbbükarı məhz Azərbaycandır.
Əməkdaşlığın nadir və unikal formatı
Respublikamızın inkişafında, gəlirlərinin yüksəlməsində yaradılan enerji və nəqliyyat infrastrukturlarının böyük rolu və payı var. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub qaz dəhlizi” kimi ixrac imkanlarına nail olmaqla ölkəmiz özünün karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarır. Azərbaycanın mükəmməl nəqliyyat infrastrukturları isə tranzit imkanlarımızı, beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirakımızı gücləndirir, respublikamızın gəlirlərini artırır. Eyni zamanda bu cür layihələr Azərbaycanın Cənubi Qafqazda regional iqtisadi proseslərin gedişatını müəyyən edən aparıcı dövlət kimi statusa malik olmasını şərtləndirir.
Bununla yanaşı, Azərbaycanın təşəbbüsləri həm də regional və dövlətlərarası əməkdaşlığı, onlar arasındakı iqtisadi tərəfdaşlığı əhəmiyyətli şəkildə gücləndirir. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri həm də Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji sferasında əməkdaşlıq formatı deməkdir. Hansı ki, bu əməkdaşlıq onlar arasında digər sahələrdə, o cümlədən siyasi sferada münasibətlərin daha güclü səviyyədə qurulmasına təsirsiz ötüşmür.
Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn “Cənub qaz dəhlizi”nin isə dövlətlər arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa töhfələri daha böyükdür. Avropaya qədər uzanan bu dəhliz öz ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Rumıniya, Macarıstan kimi dövlətləri, o cümlədən Avropa Birliyini birləşdirir. Bu baxımdan “Cənub qaz dəhlizi”ni ərsəyə gətirməklə Azərbaycan dövləti beynəlxalq əməkdaşlığın unikal bir formatını yaradıb. “Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki “Cənub qaz dəhlizi”nin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, layihənin həyata keçirilməsi mümkün olmazdı”, – deyə Prezident İlham Əliyev bildirib.
“Cənub qaz dəhlizi” formatında əməkdaşlığın nəticəsidir ki, hazırda Azərbaycanın təbii qazı 12 dövlətə ixrac olunur. Onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür.
Azərbaycan Orta dəhlizin rəqabətdə fərqlənməsinə böyük töhfələr verir
Azərbaycanın təşəbbüsləri həm də nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində regional və beynəlxalq əməkdaşlığı stimullaşdırır. Qeyd etdiyimiz kimi, Azərbaycan mükəmməl nəqliyyat arteriyasına malikdir. Həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” marşrutları üzrə respublikamızda indiyədək ən müasir standartlara cavab verən nəqliyyat layihələri həyata keçirilib. Son bir neçə ildə isə işğaldan azad edilmiş əraziləri əhatə edən, o cümlədən Zəngəzur dəhlizinin (TRIPP) seqmentlərinin yaradılması istiqamətində layihələr icra olunur.
Bu bir həqiqətdir ki, Orta dəhlizin qlobal rəqabətdə fərqlənməsi, özünü çevik nəqliyyat marşrutu kimi göstərməsi məhz Azərbaycanın sayəsində mümkün olmuşdur. Həm Azərbaycanın daxildə yaratdığı mükəmməl yollar, logistika və digər nəqliyyat imkanları, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi Orta dəhlizin tranzit rəqabətində imkanlarını daha da artırıb. Son illərdə isə Rusiya ilə Ukrayna arasında, habelə Yaxın Şərqdə baş verənlər bütün diqqətləri məhz Orta dəhlizə yönəldib. Və hazırkı reallıqlar bir daha Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən xəbər verir.
Nəqliyyat dəhlizi də ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaradılması deməkdir. Bu baxımdan heç təsadüfi deyil ki, Azərbaycanın Türkiyə, İran, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Rusiya ilə əlaqələrinin mühüm bir istiqamətini nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq təşkil edir. Eyni zamanda nəqliyyat dəhlizləri həm də onun keçdiyi bütün ölkələr arasında əməkdaşlığı stimullaşdırır.
Məsələn, Zəngəzur dəhlizi (TRIPP) təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal tranzit sistemləri üçün strateji əhəmiyyət daşıyır. Bu layihə həm Şərq ilə Qərbi, həm də Şimal ilə Cənubu birləşdirəcək, bölgədə yeni əməkdaşlıq imkanları yaradacaq. Prezident İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bu barədə deyilir: “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda şübhə etmirəm ki, Orta dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”.
Regionun aparıcı dövləti olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat infrastrukturları regiondakı dövlətləri birləşdirir, onlar arasındakı əməkdaşlığa töhfələr verir. Azərbaycanın təşəbbüsləri beynəlxalq iqtisadi əməkdaşlıq proseslərini də stimullaşdırır. Təbii ki, bütün bunlar Azərbaycanın hər bir məsələdə etibarlı tərəfdaş kimi nüfuzunu daha da yüksəldir. Bu baxımdan Prezident İlham Əliyevin yürütdüyü siyasət həm regional sabitliyin təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır.
Həm də orta güc kimi tanınan Azərbaycan hazırda yalnız regionda deyil, qlobal müstəvidə baş verən proseslərdə, dünyanı narahat edən aktual məsələlərin həllində fəal iştirak edən dövlətdir. Bu da bir həqiqətdir ki, regional əməkdaşlığa töhfələr verən, qlobal gündəliyə təsir imkanına malik olan ölkələr beynəlxalq münasibətlərin nüfuzlu subyektləri kimi çıxış edirlər. Bu baxımdan əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq münasibətlər sistemində daha güclü mövqelərə malik olmasını təmin edir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”