
“İstəyirəm ki, məni sevənlər həmişə cavan olduğumu düşünsünlər”
Telefonla danışıb görüşmək istədiyimizi bildirdik. “Xətai rayonunda yaşayıram. Gələrsən birlikdə parkda gəzərik, bir şirin söhbət də edərik”, – dedi. Razılaşdıq…
Bir neçə dəqiqədən sonra telefonuma zəng gəldi. Zəng edənin az əvvəl görüşmək üçün razılığını aldığım Cavan Zeynallı olduğunu görüb düşündüm ki, yəqin bir işi çıxdığı üçün görüş vaxtını dəyişmək istəyir. Yanılmışdım…
Yarızarafat, yarıciddi, “siz söhbət etmək istədiniz, mən də məmnuniyyətlə razılıq verdim. Olarmı ki mən də sizdən bir xahiş edim, siz də onu edəsiniz”. “Buyurun”, – dedim. “Mən bu yaşda çox gözəl pianino çalıram, oxuyuram. Mənim musiqimi dinlyənlərin çoxu yaşımın 80 olduğunu bilmirlər. Elə zənn edirlər ki, 60 yaşım var. Heç 80 yaşımın olması barədə düşünmək belə istəmirəm. Özümü çox gənc hesab edirəm. Axı mən həmişə Cavanam. İstəyirəm ki, məni sevənlər də həmişə cavan olduğumu düşünsünlər”, – deyir. “Cavan müəllim, yaşın nə fərqi var ki, əsas ürəkdir. Sevən ürəyiniz varsa, həmişə cavansınız”, – deyirəm.
Gülərək cavab verir: “Oldu, mən razı, qoy onda sevənlərim desinlər ki, 80 yaşlı kişi gör necə çalıb-oxuyur”. Əslində, dediyi kimi də var. Cəld yerişi, söhbətə çevik reaksiyası, səliqə-sahmanı, hamısı öz yerindədir. Söhbətə uşaqlıq illərini xatırlamaqla başlayır.
1945-ci il sentyabrın 29-da anadan olmuşam. Əslən bakılıyam. “Beşmərtəbə”nin yaxınlığında evimiz var idi. Atam Mirzəməmməd evimizin yaxınlığındakı 18 nömrəli məktəbin direktoru işləyirdi. Anam isə “Hökumət evi”nin yaxınlığında bir idarə var idi, indi adını unutmuşam, orada katibə işləyirdi. Özümdən böyük Zenfira adlı bir bacım da var idi. Çox cəld, qaynar uşaqlığım keçib. Bir yerdə qərar tutub dayanmırdım. Kiçik yaşlarımdan musiqiyə marağım olub. Necə deyim, musiqi mənim içimdə, ruhumda idi. Eşitdiyim, xoşuma gələn musiqi dərhal yaddaşıma həkk olurdu. Bunu hiss edən atam üçüncü sinifdə oxuyanda bir gün əlimdən tutub evimizin yaxınlığındakı musiqi məktəbinə gətirdi. Orada məndən soruşdular ki, musiqini sevirsən? Cavab verdim ki, bəli, mən musiqi ilə yaşayıram. Əvvəl skripka sinfində oxudum. Skripkada ifa etmək bir qədər çətindir. Arıq, çəlimsiz adamdan yaxşı skripka ifaçısı olmaz. Filarmoniyanın solisti Lavinski bizə skripkadan dərs deyirdi. Bir dəfə məni “Smiçok”la da vurdu ki, çal. Mən də ağladım. Dedim ki, gücüm çatmır, bacarmıram. Sonra məni fortopiano sinfinə keçirdilər. Fortopiano tamam başqa alətdir. Fortopiano ilə işləmək çox rahatdır. Evdə də piano var idi. Bir musiqini eşidən kimi pianinoda çalırdım. Məktəbdə bir tədbir keçiriləndə oxuyurdum da. Yeddiillik musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib Azərbaycan Dövlət Konservatoriyasının Vokal fakültəsində musiqi təhsilimi davam etdirdim.
Cavan Zeynallı deyir ki, ömrümün 64 ilini “Beşmərtəbə” deyilən ərazidə yaşamışam. Amma buna tam 64 il də demək olmaz. Elə orada yaşadığım illər qədər də qastrollarda olmuşam. Bir gün cənab Prezident mənə gördüyünüz bu binada ev bağışladı. Çox sağ olsun, gözəl, yaraşıqlı mənzildir. Evimin pəncərəsindən baxanda gözüm gözəllik görür, ruhum canlanır, yaşamaq həvəsim daha da artır.
Söhbət əsnasında məlum oldu ki, estrada, rok, caz, pop musiqisinin canlı əfsanəsi Cavanşir Zeynalov 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyətə başlayır. İlk dəfə filarmoniyada səhnəyə çıxdığını xatırlayan qocaman sənətkar bir anlığa o günlərə qayıdır: “Tofiq Quliyevin mahnıları ilə tamaşaçı qarşısına çıxdım. Üç mahnı oxumalıydım. Nəbi Xəzrinin sözlərinə bəstələnmiş “Pəncərəmə qondu çiçək” mahnısını oxumağa başlamışdım ki, tamaşaçılar alqışlamağa başladı. Öz-özümə dedim, Cavanşır, bu nə gurultudur, sən nə tufan etdin ki, camaat bu qədər əl çalır?”
80 yaşlı sənətkar eyni coşqu ilə mahnını ifa edir. İlahi, bu nə səs, bu nə gözəllikdir? Səs adamın qanına hopur, ruhuna işləyir. Hələ bir sözlərdəki mənaya, gözəlliyə bax.
Pəncərəmə qondu çiçək,
O çiçək səndin, dinləndi ağ ləpələr
Əsən külək, dinən külək,
Coşan külək səndin.
Sənət fədaisi söhbətinə davam edir:
– Azərbaycan Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət göstərirdim. Bir gün Rəşid Behbudov mənə zəng vurub dedi: “Cavan, yanıma gəl”. Rəşid mənim oxuduğum mahnıları eşidib bəyənmişdi. O zaman Rəşid Behbudov “Kukla teatrı”nın binasında otururdu. Özünün ansamblı, orkestrı var idi. Cazmen Rafiq Babayevlə bir işləyirdilər. Mən də Oqtay Ağayevlə Gülarə xanımın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblı ilə ayda iki dəfə Azərbaycan televiziyası ilə çıxış edirdim. Tanınan müğənnilər idik. Onu da deyim ki, elə məşhurlaşmışdıq ki, küçəyə çıxanda cavanlar bizi dövrəyə alıb avtoqraf istəyirdilər. İndiki kimi selfi şəkil çəkdirmək imkanı olmasa da, xatirə üçün bir işlər görürdülər. Nə isə…
Məni imtahan etdilər. “Pəncərədən daş gəlir”i oxudum. Rəşid Behbudov dedi ki, bitdi. Cavan, mənimlə işləyəcəksən. Razılaşdım. Beləliklə, mənim “Mahnı teatrı”nda fəaliyyət dövrüm başladı. Rəşid müəllimlə dünyanı gəzmişik, çox ölkədə qastraollarda olmuşuq. Mən mahnıları rus, ingilis, fransız dillərində sərbəst oxuya bilirdim. Onu da deyim ki, Rəşid Behbudovla birlikdə Latın Amerikası, Argentina, Çili, Panamada konsertlər vermişik. Amma bir məsələ var idi. Rəşid Behbudov SSRİ Ali Sovetinə deputat seçilmişdi. Elə olurdu ki, Moskvaya gedir, orada ləngiyirdi. Deyirdi, “sən Bakıda ol”. Mən də müğənniyəm, burada bekar neynəyə bilərdim? Bir gün Rəşid Behbudov respublikada olmayanda Moskvaya getdim. Moskvada “Rossiya” mehmanxanasının restoranı var idi. Orada həm royalda çalırdım, həm də oxuyurdum. Rafiq Babayev zəng vurub mənə dedi ki, “Rəşid Behbudov səfərdən qayıdıb, sənin Moskvaya getdiyini bilib əsəbiləşib. Sən onun gözünə görünmə”. Bundan sonra düz beş il Rəşid Behbudovun gözünə görünmədim. Bir gün atam zəng vurub dedi ki, Cavanşir, mənim sonum yaxınlaşır. Gəl bir səni görüm. Tez bilet alıb Bakıya qayıtdım.
Cavan Zeynallı 1979-2001-ci illərdə “Qaya” Dövlət Ansamblının solisti olub. Cavan Zeynallı “Qaya”da solist kimi işə başlamasının maraqlı tarixini danışır. Deyir ki, dövlət tədbiri vardı. Ulu Öndər deyib ki, konsert proqramına “Qaya” ansamblını da salın. “Qaya”nın bir solisti var idi, Lev Yelisovetski 1979-cu ildə qrupu tərk edib Amerikaya getmişdi. Ansamblda da dörd nəfər oxumalıymış. Düşüblər əl-ayağa ki, neyniyək. Bir nəfər deyib ki, “Cavana deyin, o sizi xilas edər”. Bir də gördüm mədəniyyət naziri mənə zəng vurub xahiş edir ki, ansamblda çıxış edim. Mən solist idim. Səsim bariton idi. Lev də bariton oxuyurdu. Dedim, onun notlarını verin mənə. Cəmi bir gün Yelisovetskinin notu ilə məşq etdim. Səhər notu kənara qoyub başladım oxumağa. Konsert indiki Respublika sarayında idi. Zalda iki min nəfər adam var idi. Çıxışımız zamanı alqışların ardı-arası kəsilmədi. Konsertdən sonra o zaman filarmoniyanın drektoru Polad Bülbüloğlu idi, bizim yanımıza gəlib dedi ki, gözləyin, Heydər Əliyev sizinlə görüşəcək. Burada böyük sənətkarlar var idi. Flora Kərimova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova… Heydər Əliyevin gözü birdən mənə sataşdı. “Cavanşır, sən indi “Qaya” ilə oxuyursan?” “Bəli”, dedim. “Belə məsləhət oldu”. Zarafatla dedi ki, “Deyirəm axı “Qaya”nın çıxışı bu gün niyə belə gözəl oldu. Sənə uğurlar”. Beləliklə, mənim “Qaya”da fəaliyyətim başladı. Uzun bir zaman Rafiq Babayev, Teymur Mirzəyev, Arif Hacıyevlə birlikdə çalışmışıq. Bizi Moskvaya çağırırdılar. “Qaya” ili birlikdə dünyanı gəzmişik. O zaman “Qaya” Vokal Ansamblı bütün dünyada tanınan ən populyar ansambl idi. Beləsi yox idi.
Cavanşir Zeynalov necə oldu ki, Cavan adlandırıldı? Həmsöhbətim gülərək deyir. “Bunun öz taleyi, tarixi var”. Xəyalı onu keçmişə, gənclik illərinə qaytarır. Gülür. Sanki o illərin xatirələri gözləri önündə canlanır.
– Rusiyada konsert verirdik, səhnədə elan edirdilər ki, oxuyur azərbaycanlı müğənni Cavanşir Zeynalov. Çıxışım zamanı məni yaxşı alqışlayır, səhnəyə gül gətirirlər. Konsertdən sonra çıxdım avtoqraf verməyə. Gördüm ki, 12 nəfərə yaxın qız var idi, qaçıb getdilər. Dedim, görəsən, bunlar niyə qaçırlar? Orada filarmoniyada işləyən bir adam dedi ki, sizin adınızı görüb qaçdılar. Əgər sizin adınız qısa olsaydı, onlar indi sizin yanınızda olardı. Rusiyada, Ukraynada “Cavanşir” kimi adları düzgün tələffüz edə bilmirlər. Onda rəhbərimiz Teymur Mirzəyevə dedim ki, neyləyək ki, mənim adımı bir qədər qısaldaq, adamlar qaçmasın. Teymur dedi ki, gəl “şir”i çıxardaq, “Cavan” qalsın. Bundan sonra dedilər “oxuyur Cavan!”, hətta Zeynalovu da demirdilər, “Ay Cavan, bravo” deyib əl çalıb alqışlayır, avtoqraf alırdılar. Sən demə, bunlar “şir”dən qaçır…
Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur. Bakı Caz Mərkəzində üç dəfə solo-konsert verib. Cavan Zeynallı 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2019-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Ömrünün 80-nini yaşayan, xasiyyətcə şən, maraqlı danışığı ilə adamı özünə bağlayan qocaman musiqi xadiminin üzünü bir anlığa qara bulud alır… Sanki gözləri kimisə axtarır, soraqlayır. Nə deyəcəyini, nə danışacağını maraq etdiyimizi görüb “bağışlayın”, – deyib sözünə davam edir: “COVID19 ömür-gün yoldaşımı əlimdən aldı. Mən yaşda kişi üçün tək yaşamaq çox çətindir. Keşkə mən ölərdim, o yaşayardı…”
Azərbaycanın məşhur caz ifaçısı Cavan Zeynallı söhbət zamanı onu da vurğuladı ki, bu gün “sənətə” gələnlər istedadları, səsləri, bacarıqları, ifa tərzləri ilə yox, geyimi, hərəkətləri ilə fərqlənmək istəyirlər. “İstər ifaçıları, istərsə də aparıcıları keçmişlə müqayisə etmək istəməzdim. Sürətli inkişaf gedir. Müasir texnologiya hər şeyi üstələyir. Bununla belə, hər dövr öz qəhrəmanlarını yaradır. Biz də keçmişin qəhrəmanlarıyıq. Allah gənclərimizi qorusun. Millətimizin üstündən ağır bir yük götürdülər. Qarabağımızı qaytardılıar. Bu bizə bəsdir”.
Elşən QƏNİYEV,
“Azərbaycan”