Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Azərbaycanın fəaliyyəti, xüsusilə qadın və gender bərabərliyi istiqamətində təşəbbüsləri beynəlxalq səviyyədə diqqət mərkəzində qalmaqdadır. Azərbaycan 1999-cu ildən etibarən AQEM-in fəal iştirakçısıdır və ötən ildən bu təşkilata sədrlik edir. Son dövrlər Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən AQEM-də fəallığı artıb. Azərbaycan bu platformalarda yalnız üzv dövlət kimi deyil, həm də təşəbbüskar mövqeyi ilə seçilir. Ölkəmiz son illərdə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən AQEM çərçivəsində irəli sürdüyü təşəbbüslərlə fərqlənir. Bizim məqsədimiz təkcə regional əməkdaşlığı gücləndirmək deyil, həm də qadınların və gənclərin bu proseslərdə iştirakını genişləndirməkdir.
Bu fikirləri AZƏRTAC-ın sualına cavabında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O vurğulayıb ki, Azərbaycan sədrliyi dövründə təşkilat çərçivəsində Qadın Platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs qısa müddətdə üzv ölkələr tərəfindən müsbət qarşılanıb və artıq Nazirlər Şurası səviyyəsində platformanın təsis edilməsi ilə bağlı qərar qəbul olunub. “Biz bu platforma vasitəsilə qadın liderliyini, gender bərabərliyini və sosial innovasiyaları təşviq etməyi hədəfləyirik. Azərbaycanın iqlim dəyişmələri və davamlı inkişaf sahəsində əldə etdiyi təcrübə də bu istiqamətdə mühüm töhfə verəcək. Hazırda Azərbaycan sədrliyinin təşəbbüsü ilə Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır. Bu toplantı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qadınların rolunun artırılması istiqamətində yeni əməkdaşlıq imkanları yaradacaq”, – deyə komitə sədri əlavə edib.
Bahar Muradovanın sözlərinə görə, bu proses Azərbaycanın beynəlxalq aləmdə gender məsələlərinə verdiyi önəmin və bu sahədə lider mövqeyinin göstəricisidir.