Konstitusiya – suverenliyin və insan hüquqlarının təminatçısı
Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 30 il keçir. Bu dövr müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının möhkəmlənməsi, insan hüquq və azadlıqlarının təminat mexanizmlərinin formalaşması, eləcə də suveren dövlət kimi beynəlxalq nüfuzumuzun artması ilə xarakterizə olunur.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Bu tarixi sənəd yalnız milli dövlət quruculuğu və demokratik cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən əsas hüquqi baza olmaqla kifayətlənmir. O, eyni zamanda Azərbaycanın suverenliyinin, hüquqi dövlət prinsipinin və insan hüquqlarının təminatçısı kimi strateji əhəmiyyət daşıyır və ölkənin müasir hüquqi sisteminin möhkəm təməlini təşkil edir.
Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu əlamətdar yubileyin dərin tarixi və ideoloji məna daşıdığını göstərir. Bu qərar həm müstəqilliyimizin hüquqi dayaqlarına ehtiramın ifadəsi, həm də gələcəyə yönəlmiş dövlətçilik baxışının təzahürüdür. Bu təşəbbüs yalnız yubiley xarakteri daşımır, həm də milli dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi düşüncənin inkişafı və insan hüquqları mədəniyyətinin daha da dərinləşməsi baxımından mühüm konseptual məna kəsb edir. Çünki Konstitusiya sadəcə dövlətin hüquqi əsaslarını müəyyənləşdirmir, eyni zamanda xalqın azadlıq, ədalət və milli birliyə olan sarsılmaz inamını ifadə edən ali mənəvi dəyər kimi çıxış edir. “Konstitusiya və Suverenlik İli” isə ölkəmizin hüququn aliliyinə və insan hüquqlarına əsaslanan müstəqil inkişaf yoluna sadiqliyinin rəmzidir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin təşkili prinsiplərini, vətəndaşların əsas hüquq və azadlıqlarını və qanunun aliliyinə əsaslanan idarəetmə sistemini müəyyən edərək bu gün də cəmiyyətin hüquqi inkişafına istiqamət verən başlıca sənəd olaraq qalır. 30 illik dövrdə ölkəmizdə hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar və insan hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə edilmiş, Konstitusiyanın müddəaları həyatın bütün sahələrində reallığa çevrilmişdir.
Konstitusiyanın 30 illiyinin qeyd olunması sadəcə bir tarixi hadisənin xatırlanması deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin hüquqi və mənəvi təməl prinsiplərinə yenidən nəzər salmaq üçün mühüm imkandır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər milli suverenliyin qorunması, hüquqi mədəniyyətin inkişafı və insan hüquqlarının təminatı istiqamətində strateji məqsədlərə xidmət edir.
Konstitusiyanın ali məqsədləri və dəyərlər sistemi
Azərbaycan xalqı öz müstəqilliyini qorumaq, dövlətçilik ənənələrini yaşatmaq və bütün vətəndaşların rifahını təmin etmək iradəsini birləşdirərək, ədalət, azadlıq və təhlükəsizliyi möhkəmləndirmək, həmçinin gələcək nəsillər qarşısında daşıdığı məsuliyyəti dərk edərək, referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir.
Bu tarixi addım təkcə ölkənin hüquqi əsaslarını müəyyən etməklə kifayətlənmir, eyni zamanda dövlətin inkişaf strategiyasını, milli prioritetlərini və ali məqsədlərini aydın şəkildə ifadə edən, Azərbaycanın suverenliyinin, demokratik idarəetməsinin və insan hüquqlarının təminatçısı olan fundamental sənəd kimi mühüm əhəmiyyət daşıyır. Göründüyü kimi, Azərbaycan xalqının qəbul etdiyi Konstitusiya yalnız dövlətin hüquqi əsaslarını müəyyən etmir, eyni zamanda onun inkişaf strategiyasının və ali məqsədlərinin ifadəsi kimi çıxış edir.
Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafı Konstitusiyanın əsas məqsədlərindən biridir. Əsas Qanun dövlətin ali dəyərlər sistemini müəyyən edir – burada insan, onun hüquqları və azadlıqları, ədalət, bərabərlik və sosial rifah prinsipləri xüsusi yer tutur. Bu dəyərlər dövlət idarəçiliyinin və bütün qanunvericilik fəaliyyətinin ideya əsasını təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini ifadə edən ali hüquqi sənəd olaraq dövlətin məqsədlərini və dəyərlər sistemini müəyyənləşdirir. Onun mahiyyəti suverenlik, ədalət, insan ləyaqəti, azadlıq və hüququn aliliyi prinsipləridir. Bu prinsiplər həm dövlətin daxili idarəetməsində, həm də beynəlxalq münasibətlərdə əsas istiqamətverici ideyalar kimi çıxış edir.
Konstitusiyada təsbit olunmuş ali dəyərlər olan suverenlik, ərazi bütövlüyü, demokratiya, sosial ədalət və insan hüquqlarına hörmət müasir Azərbaycan dövlətinin siyasi-hüquqi əsaslarını formalaşdırır. Bu dəyərlər yalnız hüquqi norma deyil, həm də milli şüurun, vətəndaş məsuliyyətinin və ictimai həmrəyliyin dayağıdır. Azərbaycan Konstitusiyası insan hüquqlarının bölünməz və universallıq prinsipini təsbit etməklə, onları dövlətin verdiyi imtiyaz deyil, təbii və ayrılmaz dəyər kimi qəbul edir. Bu hüquqi dəyərlərin reallaşdırılması məqsədilə ölkədə genişmiqyaslı islahatlar həyata keçirilmiş, məhkəmə-hüquq sistemi təkmilləşdirilmiş, insan hüquqlarının müdafiəsini təmin edən institusional mexanizmlər – o cümlədən Ombudsman təsisatı yaradılmışdır.
Ərazi bütövlüyü və suverenliyin bərpası konstitusion prinsiplərin təcəssümüdür
Azərbaycan Respublikasının Konstitusiyası xalqın dövlətçilik iradəsini, müstəqillik əzmini və milli birliyini ifadə edən ali hüquqi sənəd kimi ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və insan hüquqlarını dövlətin ali məqsədləri səviyyəsinə yüksəltmişdir. Bu dəyərlər yalnız hüquqi norma deyil, həm də dövlətin varlıq fəlsəfəsini, milli kimliyimizin və ədalət anlayışımızın əsasını təşkil edir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər, Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipinin bərpasını təmin etmiş, milli hüququn beynəlxalq hüquqla uzlaşdığı bir ədalət təntənəsinə çevrilmişdir. 2023-cü il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror əməliyyatı ilə suverenliyin tam təmin olunması prosesi başa çatmış, Azərbaycanın konstitusion məkanında hüquqi hakimiyyət tam bərqərar edilmişdir.
Bu hadisələr yalnız hərbi-siyasi qələbə deyil, həm də Konstitusiyanın ruhunun – suverenlik, ədalət və xalqın iradəsinin parlaq təcəssümü idi. Ərazi bütövlüyünün bərpası ilə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarda bərpa olunmuş, dövlət hakimiyyətinin legitim təsir dairəsi ölkənin bütün ərazisində təmin edilmişdir. Ərazi bütövlüyünün bərpası həm də konstitusion dəyərlərin praktik həyata keçməsi baxımından yeni mərhələ açmışdır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma prosesləri, Böyük qayıdış proqramı, müasir infrastruktur və sosial layihələrin icrası Konstitusiyada təsbit olunmuş sosial ədalət, insan hüquqları və layiqli həyat prinsiplərinin real təmininə yönəlmişdir. Bu, dövlətin hüquqi və sosial mahiyyətinin canlı təcəssümüdür.
İnsan hüquqları və Ombudsman təsisatının inkişafı
Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminini dövlətin ali məqsədi kimi təsbit etməklə, bu istiqamətdə kompleks institusional sistemin formalaşmasına zəmin yaratmışdır.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri üzərində quraraq, ölkədə insan hüquqlarının müdafiəsində yeni mərhələnin əsasını qoymuşdur.
Ombudsman vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis olunmuşdur.
Bu təsisatın fəaliyyətə başlaması ilə ölkəmizin yurisdiksiyası altında yaşayan hər bir şəxs – vətəndaş, əcnəbi, vətəndaşlığı olmayan şəxs və ya hüquqi şəxs üçün hüquqların müdafiəsi və dövlət orqanları ilə münasibətlərdə ədalət və qanunçuluğun təmininə əlavə institusional təminat yaradılmışdır.
Ombudsmanın çoxşaxəli mandatının mühüm istiqamətlərindən biri “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın Fakültativ Protokoluna əsasən, milli preventiv mexanizmin funksiyalarını həyata keçirməkdir. Bu mandat çərçivəsində ombudsman işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə saxlanılan şəxslərin öz iradəsilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir. Bu fəaliyyət həm işgəncə hallarının qarşısının alınmasına yönəlmiş effektiv nəzarət mexanizmi rolunu oynayır, həm də ölkədə insan ləyaqətinə hörmət prinsipinin təmininə real töhfə verir.
Bundan əlavə, Ombudsman informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir, habelə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarının, eləcə də bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərir. Bu səlahiyyətlər Ombudsmanın insan hüquqları sahəsində vahid nəzarət, təşviq və müdafiə sistemi kimi funksional əhəmiyyətini artırır.
Ombudsman fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq edə, bu məqsədlə müqavilələr bağlaya, beynəlxalq qurumlarda təmsil oluna bilər. Onun fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bununla yanaşı, Prezidentin, Milli Məclisin deputatlarının və hakimlərin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil. Lakin Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə Prezidentinə, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair, habelə amnistiya elan edilməsi barədə Milli Məclisə təkliflər verə bilər.
Ombudsman məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququna malikdir. Bununla yanaşı, Ombudsman insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, onlara əməl olunması və təmin olunması vəziyyətinin öyrənilməsi, monitorinqi və təhlili, habelə mövcud çatışmazlıqların və pozuntuların müəyyən edilməsi, pozulmuş hüquqların bərpası və gələcəkdə bu cür halların qarşısının alınması istiqamətlərini əhatə edir.
Hər bir şəxs öz müraciətini (təklif, ərizə, şikayət) Müvəkkilə poçt və elektron poçtu, rəsmi internet saytındakı onlayn müraciət, Aparatın yerləşdiyi Hökumət Evinin inzibati binasındakı Vətəndaşların Qəbul Mərkəzi və regional mərkəzlərdə fəaliyyət göstərən qəbul otağı, 24/7 rejimində işləyən 916 nömrəli Çağrı Mərkəzi vasitəsilə, habelə müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə, müxtəlif sosial xidmət, tibb və təhsil müəssisələrinə monitorinq və başçəkmələr, habelə digər qanuni vasitələrlə təqdim edə bilər. Bu çoxkanallı müraciət sistemi Ombudsmanın fəaliyyətində ictimai inamı və vətəndaşların hüquq müdafiəsi imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır.
Müasir dövrdə Ombudsman fəaliyyətinin rəqəmsallaşdırılması, elektron müraciət sistemlərinin təkmilləşdirilməsi, eləcə də regional mərkəzlərin maddi-texniki imkanlarının artırılması insan hüquqlarının daha əlçatan və operativ müdafiəsinə xidmət edir. Bu proses ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquqi və institusional islahatların mühüm tərkib hissəsi kimi şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanır, dövlət idarəçiliyində insan amilinin prioritetliyini bir daha təsdiqləyir.
Nəticə etibarilə Ombudsman təsisatı Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi kimi özünü tam şəkildə təsdiqləmişdir. Müvəkkilin fəaliyyəti hüquqi dövlət prinsiplərinin reallaşmasına, ədalət və bərabərlik dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. İllər ərzində bu təsisatın operativ, şəffaf və obyektiv fəaliyyəti nəticəsində cəmiyyətin Ombudsman institutuna inamı davamlı şəkildə artmış, vətəndaş müraciətlərinin sayı və və məmnunluq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Bu həm dövlətin insan hüquqlarının qorunması sahəsində həyata keçirdiyi siyasətin səmərəsini, həm də Ombudsman institutunun cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin təşəkkülündə mühüm rol oynadığını nümayiş etdirir. Müasir mərhələdə Ombudsman fəaliyyəti artıq təkcə fərdi hüquqların bərpası deyil, həm də insan amilinə söykənən idarəçiliyin, ictimai etimadın və sosial məsuliyyətin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
“Konstitusiya və Suverenlik İli” – hüquqi dövlətin yeni mərhələsi
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələdir. Bu təşəbbüs, müstəqilliyimizin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun dərinləşdirilməsi, suverenliyin və insan hüquqlarının qorunması istiqamətində əldə edilmiş nailiyyətlərin daha geniş təbliğini, konstitusion dəyərlərin cəmiyyətdə möhkəmlənməsini hədəfləyir. Bu il çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ictimai təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər həm hüquq mədəniyyətinin inkişafına, həm də gənc nəslin vətəndaş məsuliyyətinin artırılmasına yönəlib.
Ombudsman təsisatı da bu prosesdə fəal iştirak edir. Ölkənin müxtəlif regionlarında konstitusion hüquqların müdafiəsi, suverenliyin hüquqi əsasları, insan hüquqlarının təminatı, şəffaf idarəetmə və sosial ədalət kimi mövzularda silsilə maarifləndirici tədbirlər həyata keçirilmişdir. Ənənəvi olaraq elan edilən “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici kampaniyalar, açıq müraciətlər və ictimai təşəbbüslər həyata keçirilmiş, əsas diqqət qanunun aliliyinə, hüquq mədəniyyətinə, inklüziv cəmiyyət dəyərlərinə və vətəndaş məsuliyyətinə yönəldilmişdir. Aylığın əsas məqsədi əhalinin hüquq biliklərini artırmaq, hüquq pozuntularının qarşısını almaq və insan hüquqlarının səmərəli müdafiəsini təmin etmək olmuşdur.
Bakıda keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Beynəlxalq Simpozium da bu ilin mühüm hadisələrindən biridir. Dünyanın müxtəlif ölkələrindən insan hüquqları təsisatlarının rəhbərlərinin, dövlət rəsmilərinin və ekspertlərin iştirakı ilə keçirilən tədbir hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə, insan hüquqları üzrə milli və beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermişdir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən təşəbbüslər yalnız maarifləndirici deyil, həm də preventiv xarakter daşıyır. Bu tədbirlər vətəndaşların hüquq və azadlıqları barədə biliklərini artırır, dövlət orqanları ilə münasibətlərdə hüquqi mədəniyyəti və savadlılığı gücləndirir, eyni zamanda cəmiyyətin bütün təbəqələrində hüquq düşüncəsinin formalaşmasına töhfə verir.
Cari ilin sonunda keçiriləcək “Konstitusiya və Suverenlik uşaqların gözü ilə” və “Konstitusiya və Suverenlik medianın gözü ilə” adlı müsabiqələr, habelə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Konstitusiyasının müəllifi kimi tarixi xidmətlərinə həsr olunmuş tədbirlər bu istiqamətdə mühüm maarifləndirici təşəbbüslərdir. Bu tədbirlər gənclər, media və vətəndaş cəmiyyəti nümayəndələri arasında konstitusion şüurun dərinləşməsinə, hüquqi mədəniyyətin daha da inkişafına real töhfə verir.
“Konstitusiya və Suverenlik İli” ölkəmizdə hüquqi dövlətin inkişafında yeni mərhələnin başlanğıcı kimi çıxış edir. Bu il ərzində həyata keçirilən tədbirlər qanunun aliliyinə, insan hüquqlarına hörmətə və milli suverenliyin möhkəmləndirilməsinə xidmət edən fundamental dəyərlərin cəmiyyət həyatında daha dolğun şəkildə təcəssümünə şərait yaradır.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik iradəsinin, suverenliyinin və hüquqa əsaslanan gələcəyinin ifadəsidir. O, milli müstəqilliyimizin hüquqi əsası, dövlətin ali dəyərlər sistemi və cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd kimi 30 illik tarixində özünü tam doğrultmuşdur. Bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş əsas prinsiplərə – insan hüquqlarına hörmət, ədalət, qanunun aliliyi, bərabərlik və sosial məsuliyyət dəyərlərinə sadiq qalaraq dayanıqlı və dinamik inkişaf yolu keçmişdir. Dövlətin ali məqsədləri olan suverenliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və demokratik idarəetmənin möhkəmləndirilməsi artıq reallığa çevrilmiş, konkret nəticələrdə öz təsdiqini tapmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Konstitusiyanın əsas niyyətlərinin parlaq ifadəsidir. Bu hadisə milli birliyi, ədaləti və dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, xalq-dövlət birliyini yeni səviyyəyə yüksəltmişdir.
“Konstitusiya və Suverenlik İli” həm keçilən yolun təhlili, həm də gələcəyə yönəlik baxışların formalaşması üçün mühüm tarixi mərhələdir. Bu il çərçivəsində keçirilən tədbirlər və hüquqi islahatlar Konstitusiyanın yaşayan sənəd kimi daim yenilənən və çağırışlara cavab verən mahiyyətini bir daha nümayiş etdirir.
Azərbaycan Konstitusiyası bu gün yalnız ali hüquqi sənəd deyil, həm də milli qürur, dövlət müstəqilliyi və vətəndaş məsuliyyətinin rəmzidir. O, dövlətin gücünü hüquqla, xalqın iradəsini ədalətlə birləşdirən ali təminat mexanizmi kimi Azərbaycan dövlətçiliyinin mənəvi və hüquqi sütununu təşkil edir. Konstitusiya suverenliyimizin, azadlığımızın və insan hüquqlarının ən etibarlı təminatıdır. Bu ali sənəd gələcəyə inamla baxmağımızın, hüquqa əsaslanan, ədalətli və humanist cəmiyyət qurmaq əzmimizin parlaq simvoluna çevrilmişdir.
Səbinə ƏLİYEVA,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru