
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsində (DGK) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın müdafiəsi zamanı canından keçən qəhrəman şəhidlərimizin ruhu bir-dəqiqəlik sükutla yad edilib və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbir panel müzakirə ilə davam edib. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzovun moderatorluğu ilə keçirilən müzakirədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı Rizvan Nəbiyev, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev, professor, əməkdar elm xadimi Şahlar Əsgərov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov iştirak ediblər. Spikerlər bildiriblər ki, hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyası ümumxalq referendumu ilə qəbul edildi. Yeni qəbul edilmiş Konstitusiya humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətimizin tərəqqisinə möhkəm zəmin yaratdı, ölkəmizin müstəqillik yolunda daha da inamla addımlamasına, milli-mənəvi dəyərlərimizin qorunmasına geniş imkanlar açdı.
Diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və antiterror əməliyatı ilə dövlət suverenliyimizi tam bərpa etdi və ölkə başçısı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. O da qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması, dövlətə bağlılığın və milli kimliyin qorunması baxımından mühüm ideoloji və mənəvi missiya daşıyır.
Sonra gömrük əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb. Tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dövlət qurumlarının əməkdaşları arasında keçirilən intellektual bilik yarışında qalib olan Dövlət Gömrük Komitəsinin komandasının üzvləri təbrik edilib.
Eyni zamanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar gömrük orqanı əməkdaşları arasında “Azərbaycan Respublikasının Dövlət Suverenliyi” və “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzularında “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar təqdim olunub.