
Kəlbəcər növbəti sakinlərini qarşılayıb
“Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Dövlət sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”. Ali Baş Komandan İlham Əliyevin avqustun 21-də Kəlbəcər şəhərində keçmiş məcburi köçkünlərlə görüşü zamanı qeyd etdiyi kimi, azadlığına qovuşmuş digər bölgələrimizlə bərabər, Kəlbəcərdə də sürətli quruculuq və tikinti-bərpa işləri həyata keçirilir, uzun illər yurd nisgili çəkən insanlar mərhələli olaraq əzəli torpaqlarına qovuşurlar.
Dünən Kəlbəcər şəhəri növbəti qayıdış karvanını qarşılayıb. Bu mərhələdə Gəncə şəhərindən 14 ailə (56 nəfər), Bakı şəhərindən 12 ailə (56 nəfər), Abşeron rayonundan 3 ailə (13 nəfər), Tərtər rayonundan 1 ailə (6 nəfər), Samux rayonundan 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən 1 ailə (4 nəfər), ümumilikdə 32 ailə – 139 nəfər Kəlbəcər şəhərinə qayıdıb. Bununla da şəhər sakinlərinin sayı 223 nəfərə çatıb.
Üç onillikdən çox dədə-baba torpaqlarından uzaq düşmüş vətəndaşlarımız artıq müasir yaşayış məskənlərində həyat sürəcəklər. Şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa-quruculuq işlərini ölkəmiz öz daxili imkanları hesabına həyata keçirir. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, təkcə 2025-ci ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 1 milyard 989 milyon 798 min manat vəsait sərf edilib. Bu vəsaitin böyük bir qismi, yəni 408 milyon 11 min manat məhz Kəlbəcər üçün ayrılıb.
Kəlbəcər şəhərində reallaşdırılan layihələr baş plan əsasında həyata keçirilir. Şəhərin baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə “yaşıl şəhər” mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunur. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatdırılacağı proqnozlaşdırılır.
Böyük qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur. Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva artıq 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. 10 hektara yaxın ərazisi olan yaşayış kompleksinə ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq. Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.
Artıq 18777 nəfər (4743 ailə) əzəli torpağına qovuşub. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Ağdərə rayonunun Talış kəndində, 571 ailə (2091 nəfər) Laçın şəhərində, 824 ailə (3141 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 376 ailə (1409 nəfər) Şuşa şəhərində, 86 ailə (346 nəfər) Xocalı şəhərində, 659 ailə (2856 nəfər) Cəbrayıl şəhərində, 197 ailə (902 nəfər) Xocalı rayonunun Ballıca kəndində, 159 ailə (566 nəfər) Ağdərə rayonunun Həsənriz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 187 ailə (779 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində, 277 ailə (1176 nəfər) Ağdam rayonunun Kəngərli kəndində, 89 ailə (363 nəfər) Laçın rayonunun Bəylik kəndində, 360 ailə (1359 nəfər) Ağdam rayonunun Xıdırlı kəndində, 28 ailə (125 nəfər) Xocalı rayonunun Təzəbinə kəndində, 69 ailə (237 nəfər) Xocalı rayonunun Xanyurdu kəndində, 26 ailə (89 nəfər) Ağdərə rayonunun Kolatağ kəndində, 51 ailə (188 nəfər) Ağdərə rayonunun Vəngli kəndində, 52 ailə (223 nəfər) Kəlbəcər şəhərində, 15 ailə (59 nəfər) Xocalı rayonunun Şuşakənd kəndində, 10 ailə (39 nəfər) Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, 10 ailə (45 nəfər) Xocavəndin Sos kəndində, 14 ailə (55 nəfər) Xocalı rayonunun Badara kəndində, 10 ailə (41 nəfər) Xocavənd rayonunun Hadrut qəsəbəsində, 9 ailə (30 nəfər) Xocalı rayonunun Seyidbəyli kəndində, 13 ailə (67 nəfər) Xocalı rayonunun Daşbulaq kəndində məskunlaşıb.
Düşmənin uzun illər daşı daş üstündə qoymadığı, xarabalığa çevirdiyi bütün yurd yerlərimiz tezliklə sakinlərinə qovuşacaq, bu topraqlarda yenidən həyat çiçəklənəcək, ocaqlar tüstülənəcək. Bir vaxtlar viranə qalmış bütün kənd və şəhərlərimiz yenidən əvvəlki gözəlliyinə qovuşacaq.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”