
Mərakeşli nazir: Bütün sahələrdə əməkdaşlığı gücləndirməliyik
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin İcraiyyə Şurasının iclasında iştirak etməkdən böyük məmnunluq duyuram. Bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri Mərakeş olub və biz İslam ölkələri ilə əməkdaşlıqda öz təcrübəmizi paylaşmaqdan qürurluyuq. Azərbaycan Mərakeşin yaxın və etibarlı dostudur. İki ölkə arasında münasibətlər həmişə sıx və mehriban olub. Vizaların ləğvi ilə əlaqələr daha da genişlənib. Azərbaycandan olan turistlərin Mərakeşə, Mərakeş vətəndaşlarının isə Azərbaycana səfərləri artıb.
Bunu jurnalistlərə müsahibəsində Mərakeşin iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Younes Sekkouri bildirib.
Nazir deyib ki, əmək, məşğulluq və peşə təhsili sahəsində ortaq məsuliyyət mövcuddur: “Gənclərin tez iş tapması, ən yüksək səviyyədə təhsil və peşə hazırlığı alması, sürətlə dəyişən əmək bazarına uyğunlaşması üçün birgə addımlar atmalıyıq. Bu gün rəqəmsal transformasiya, süni intellekt və platforma iqtisadiyyatları əmək dünyasını dəyişir. Ona görə də bacarıqların artırılması və yenidən öyrədilməsi üçün xüsusi proqramlar hazırlamalı, yeni təlim imkanları yaratmalıyıq. Əks halda, bu sahədə imkanlarımızı xarici korporasiyalardan almağa məcbur qalacağıq ki, bu da kifayət qədər yetərli deyil. Əlavə olaraq, iqlim dəyişikliyi və beynəlxalq əmək miqrasiyası da əmək bazarına təsir göstərir. Buna görə biz bütün sahələrdə: aviasiya, avtomobil istehsalı, neft-qaz, xidmətlər, xüsusilə də rəqəmsal xidmətlərdə əməkdaşlığı gücləndirməliyik. Ölkələrimiz bir-birini tamamlayır. Məsələn, Mərakeş bu ilin sonuna qədər 1 milyon avtomobil, o cümlədən elektrikli maşın ixrac etməyi hədəfləyir. Aeronavtika sənayesində də illik gəlirlərimiz 22 milyard dollardan çoxdur. Azərbaycanın isə neft-qaz və digər strateji sahələrdə böyük təcrübəsi var. Bu təcrübələrin paylaşılması, yeni investisiyaların əmək bazarına təsirinin öyrənilməsi və gələcək nəsillərin hazırlanması ortaq vəzifəmizdir. Mən əminəm ki, bu istiqamətdə ən yaxşı nəticələri yalnız biz – dost və qardaş ölkələr birlikdə əldə edə bilərik”.