Media: Tramp Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar ödəyə bilər
Qrenlandiya əhalisi ABŞ-ın tərkibinə keçməyə səs verərsə, Donald Tramp adanın hər bir sakininə 1 milyon dollar ödəməyi düşünür.
AZƏRTAC xəbər verir ki, bu barədə “Daily Mail” nəşri mənbələrə istinadla məlumat yayıb.
Qəzet qeyd edir ki, adanın hazırkı əhalisi 57 min nəfərdir.
Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Tramp Qrenlandiya üzərində nəzarətə nail olmaq üçün güc tətbiq etməyi planlaşdırmadığını və Qrenlandiyanı dəstəkləyən Avropa ölkələrinə qarşı əvvəllər elan etdiyi tariflərin dayandırıldığını bildirib. O, həmçinin “Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək saziş üçün çərçivə”nin hazırlandığını da deyib.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq müdafiə müqaviləsi imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb.