
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında hansı məsələlər müzakirə edilib?
Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Anar İsgəndərov gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
Müzakirəyə əvvəlcə Milli Məclisin Elm və təhsil komitəsinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti barədə hesabatı təqdim olunub. Ötən dövrdə komitədə görülən işlər barədə məlumat verən komitə sədri qeyd edib ki, komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan müraciətlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.
Sonra A.İsgəndərov Elm və təhsil komitəsinin 2025-ci il payız sessiyası üçün iş planı haqqında məlumat verib. Bildirilib ki, qarşıdakı sessiyada komitəyə təqdim olunmuş qanun layihələrinə baxılması, müvafiq mövzular üzrə dinləmələrin təşkil olunması və digər məsələlər nəzərdə tutulub.
Gündəliyin üçüncü məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edən Anar İsgəndərov dəyişikliyin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün keçirilən müsabiqədə ilk dəfə iştirak etmək ödənişsiz olaraq qalır. Bundan başqa, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər bütün hallarda bu müsabiqədə ödənişsiz olaraq iştirak edirlər.
Qanun layihəsi ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O bildirib ki, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. Lakin hər il müsabiqə üçün qeydiyyatdan keçən şəxslərin əhəmiyyətli bir hissəsi imtahanda iştirakdan imtina edir. Bu da izafi xərclərin çəkilməsinə səbəb olur. Ona görə də layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadəsi məqsədilə müsabiqədə təkrar iştirakın ödənişli əsaslarla həyata keçirilməsi təklif edilib.
Müzakirədə çıxış edənlər gündəlikdəki məsələlər barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Ötən sessiyada görülmüş işlər məqbul hesab edilib, komitəsinin qarşıdakı payız sessiyası üçün iş planı təsdiqlənib və gündəlikdəki qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.