
Müasir çağırışlar və konseptual əsaslar
Azərbaycan Respublikasında aparılan hüquqi və iqtisadi islahatlar dövlət idarəetmə sisteminin köklü dəyişikliyinə səbəb olmuşdur. Vətəndaşlara şəffaf, operativ xidmətlərin göstərilməsini, onların daha əlçatan və keyfiyyətli olmasını təmin etmək üçün dövlət və bələdiyyə idarəçiliyində islahatlar həyata keçirilərək cəmiyyətin tələbatına uyğun dövlət və bələdiyyə idarəçilik sistemi formalaşdırılmışdır. Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunması bu prosesin başlanğıcını qoydu. Bununla da dövlət və bələdiyyə idarəçiliyində islahatların həyata keçirilməsinə start verildi. 2025-ci il Azərbaycanın tarixində xüsusi bir önəmə malikdir, çünki bu il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il həm də Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Konstitusiya ölkənin dövlət quruluşunu, vətəndaşların hüquqlarını və vəzifələrini müəyyənləşdirən ən ali qanun olmaqla, Azərbaycanın müstəqilliyinin və suverenliyinin təminatçısıdır.
Ölkəmiz suverenlik əldə etdikdən, müstəqilliyin bərpasından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanıldı. İslahatların həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” sərəncamının (1996) və “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” fərmanının (1998) müstəsna rolu olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası müasir sivil dünyada qəbul edilmiş normaya uyğun olaraq hakimiyyətin üç hissəyə bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Son onilliklərdə Azərbaycanda iqtisadi, siyasi, sosial, hüquqi sahələrdə köklü dəyişikliklər aparılıb, hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidənqurma prosesi gedib, müasir dövlət qulluğu institutu formalaşıb.
XX əsrin sonunda dünyada baş verən qlobal proseslər, xüsusilə də SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Sovet İttifaqının parçalanmasından sonra yaranmış dövlətlər müstəqilliyini elan etməyə başladı. Konstitusiya hər bir dövlətdə qanunun əsas mənbəyidir, ölkənin hüquq sisteminin əsasını təşkil edir.
XX əsrin son on illiyində və XXI əsrin əvvəllərində müxtəlif ölkələrdə çoxsaylı konstitusiya islahatları keçirilib. Bu dövrdə qloballaşma prosesləri xüsusən milli hüquq sistemlərinə təsir edir, onların dərinliyi daha çox konstitusiya normaları səviyyəsində fundamental dəyişikliklərin başlanmasına potensial imkan yaradır və hətta bu proseslər qaçılmaz olur.
Son bir neçə il ərzində dövlət orqanları işinin təkmilləşdirilməsi, vətəndaşların rifahının artırılması və məmnunluq səviyyələrinin yüksəldilməsi üçün dövlət qulluğunun modernizasiyası prosesi aparılır, habelə beynəlxalq təcrübə tətbiq edilir.
Azərbaycanda konstitusiya, müstəqillik və suverenlik, dövlətin hüquqi əsaslarını təşkil edən və onun gələcək inkişafını təmin edən mühüm amillərdir. Müstəqilliyinin bərpasından sonra Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü qorumaq, beynəlxalq aləmdə öz yerini tutmaq məqsədilə bir çox hüquqi və siyasi islahatlar həyata keçirmişdir. Bu islahatların əsasını isə Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. 1995-ci ildə qəbul edilmiş Əsas Qanunumuz ölkənin siyasi və hüquqi həyatını müəyyənləşdirən, vətəndaşların hüquq və azadlıqlarını təmin edən mühüm bir sənəd olaraq, Azərbaycan xalqı üçün tarixi bir əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyası, müstəqil dövlət quruluşunun və suverenliyin hüquqi əsaslarını möhkəmləndirən bir sənəd kimi, dövlətin hüquq sisteminə və idarəetmə strukturlarının formalaşmasına böyük təsir göstərmişdir. Bununla yanaşı, ölkənin beynəlxalq aləmdəki mövqeyi, Azərbaycan dövlətinin müstəqil siyasətini həyata keçirməsi, beynəlxalq hüquq və dünya ictimaiyyəti ilə əlaqələrinin inkişafı da Əsas Qanunun tətbiqi ilə daha da möhkəmlənmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olaraq elan edilməsi, Azərbaycanın Konstitusiyasına və suverenliyinə verilən önəmin daha da artırılması məqsədini güdür. Bu illik təqvim, ölkənin konstitusiyasının təbliğinə, vətəndaşların hüquqlarının daha da qorunmasına və ölkənin suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş bir il olaraq təbliğ ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm daxildə, həm də xaricdə öz mövqeyini daha da gücləndirmişdir. Prezident İlham Əliyev Azərbaycanın Konstitusiyasına və dövlət suverenliyinə sadiq qalaraq, bu prinsiplərin gücləndirilməsini öz fəaliyyətində daim ön planda tutmuşdur. Onun çıxışlarında və fəaliyyətində xalqımızın hüquqlarının qorunması, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi məsələləri daim əks olunmuşdur.
Azərbaycanın Konstitusiyası müstəqillik tariximizin ən mühüm hüquqi sənədidir və ölkənin siyasi, iqtisadi və hüquqi inkişafını istiqamətləndirən əsas qaydaları müəyyən edir. Xalqımızın müstəqillik uğrunda apardığı mübarizəsinin nəticəsi olaraq, Azərbaycan 34 il öncə, 1991-ci ildə Sovet İttifaqının tərkibindən çıxaraq müstəqilliyini elan etdi. Lakin müstəqillik qazandıqdan sonra hüquqi və siyasi əsasların formalaşması ölkəmiz üçün ən mühüm vəzifələrdən biri oldu. Bu müddət ərzində Azərbaycan rəhbərliyi ölkə daxilindəki hüquq və idarəetmə strukturlarını tənzimləyən yeni qanunvericilik çərçivələrinin hazırlanmasına və tətbiqinə başladı .
Əsas Qanunumuz ilk dəfə 1995-ci ildə qəbul edildikdən sonra ölkə üzərində möhkəm hüquqi təməl quruldu. Konstitusiyanın qəbul olunması ilə Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm bir addım atdı. Həmin dövrün tarixi şəraiti, beynəlxalq hüquqla əlaqələrinin təkmilləşdirilməsini və suverenliyin qorunmasını da nəzərdə tuturdu. 1995-ci ilin Konstitusiyası Azərbaycan Respublikasının suverenliyini təsdiqləyərək, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini əks etdirən əsas sənəd oldu.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixini, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Azərbaycanda Konstitusiyanın qəbul edilməsindən sonra hüquq sistemində həyata keçirilən islahatlar ölkənin idarəetmə formasına və vətəndaşların hüquqlarının qorunmasına yönəldildi. Konstitusiya vətəndaşların fundamental hüquqlarını və azadlıqlarını təmin etmək, eyni zamanda dövlətin yüksək orqanlarının fəaliyyətini tənzimləmək məqsədini güdür. Bu hüquqi sənəd eyni zamanda Azərbaycan xalqının suverenliyini təmin etmək, müstəqil dövlət quruluşunu qorumaq və ölkənin gələcək inkişafını təmin etmək baxımından vacib əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 2003-cü ildən etibarən rəhbərlik etdiyi dövrdə konstitusiyanın prinsip və dəyərlərini qorumağa, inkişaf etdirməyə və müasir dövrün tələblərinə uyğunlaşdırmağa xüsusi diqqət yetirmişdir. Dövlətimizin başçısı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin edən mühüm təşəbbüslər irəli sürmüş, beynəlxalq aləmdə ölkənin hüquqi mövqeyini gücləndirmişdir. Onun fəaliyyətində konstitusiyanın əsas dəyərləri daim vurğulanmış və ölkənin inkişafında bu prinsiplərin əhəmiyyəti önə çıxarılmışdır.
Azərbaycanda suverenlik ölkənin müstəqilliyi və ərazi bütövlüyü ilə sıx əlaqəlidir. Konstitusiya dövlətin suverenliyini təmin etmək və ölkənin beynəlxalq aləmdə öz yerini möhkəmləndirmək məqsədini güdür. Əsas Qanunumuz ölkənin suverenliyinin təməl prinsiplərini müəyyən edir və müstəqil dövlət quruluşunun əsasını təşkil edir. Bu sənəd ölkənin daxili və xarici siyasətində müstəqilliyini, xalqın iradəsini əsassız müdaxilələrdən qorumağa xidmət edir.
Dövlətin suverenliyi eyni zamanda beynəlxalq hüquq və müvafiq konvensiyalarla təsbit olunmuş bir hüquq olaraq ölkənin siyasi müstəqilliyini təmin edir. Azərbaycanın konstitusiyası həmçinin dövlətin suverenliyini qorumağa yönəlmiş daxili və xarici siyasət strategiyalarını tənzimləyir. Əsas Qanunda Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi, digər dövlətlərlə əlaqələri və ölkənin müstəqil siyasətini həyata keçirməsi də öz əksini tapır.
Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın suverenliyinin qorunması məsələsi daim prioritet olaraq qalmışdır. Onun rəhbərliyi altında respublikanın beynəlxalq aləmdəki mövqeyi güclənmiş, ölkə dünya siyasətində öz suverenliyini daha da təbliğ etmişdir. Cənab İlham Əliyev həmçinin Azərbaycanın hüquqi və siyasi sistemlərinin beynəlxalq hüquqla uyumlu olmasına böyük önəm vermişdir. 12 noyabr 2021-ci ildə Konstitusiya Günü münasibətilə Prezident İlham Əliyev çıxışında Əsas Qanunun müasir dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirildiyini vurğulamış və ölkənin hüquqi islahatlarının Konstitusiyanın prinsipləri əsasında aparıldığını bildirmişdir: “Konstitusiya dövlətçiliyimizin möhkəmlənməsi və insan hüquqlarının qorunması sahəsində əsas istiqamətverici sənəd kimi daim aktualdır.”
Konstitusiyanın suverenliklə əlaqəsi, həmçinin dövlətin müstəqil hüquqi sisteminin formalaşması və vətəndaşların hüquqlarının qorunması ilə bağlıdır. Dövlətin siyasi və hüquqi əsaslarını təkmilləşdirmək, ərazi bütövlüyünü qorumaq və ölkə daxilindəki müxtəlif təbəqələr arasında ədalət prinsiplərinə əsaslanmaq bu sənədin əsas məqsədlərindəndir.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək və ölkənin beynəlxalq mövqeyini möhkəmləndirmək sahəsində çox mühüm addımlar atmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini gücləndirərək, həm regionda, həm də dünya miqyasında öz suverenliyini təsdiqləmişdir. Cənab İlham Əliyevin siyasətinin əsas prinsiplərindən biri ölkənin Konstitusiyasına və onun əsas dəyərlərinə sadiqlikdir. Ölkə rəhbəri Azərbaycanın müstəqilliyini təmin edən və dövlətin hüquqi strukturlarını möhkəmləndirən tədbirləri davamlı olaraq dəstəkləmişdir.
Cənab İlham Əliyev konstitusiyanın və suverenliyin qorunmasını mütəmadi olaraq öz fəaliyyətində və siyasətində ön plana çıxarmışdır. Prezident İlham Əliyev Azərbaycan xalqının iradəsini və müstəqilliyini təhdid edən hər hansı bir xarici müdaxiləyə qarşı prinsipial mövqe sərgiləmiş və ölkənin daxili işlərinə qarışmağa çalışan dövlətlərə qarşı sərt reaksiyalar vermişdir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin hüquqi və siyasi müstəqilliyi qorunmuş, eyni zamanda ölkənin beynəlxalq aləmdəki rolunu artırmaq üçün müvafiq diplomatik və iqtisadi addımlar atılmışdır.
44 günlük Vətən müharibəsindən sonra cənab İlham Əliyev Vətən müharibəsində əldə edilən qələbə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və bunun tarixi bir hadisə olduğunu vurğulamışdır. Dövlətimizin başçısı “Azərbaycanın suverenliyi tam təmin edildi, torpaqlarımız işğaldan azad olundu, xalqımızın hüquqları bərpa edildi” sözləri ilə bu qələbənin suverenliyə xidmət etdiyini bildirmişdir.
Azərbaycan liderinin rəhbərliyi altında ölkəmiz regional və beynəlxalq təşkilatlarla əlaqələrini inkişaf etdirmiş, həmçinin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirmişdir. Prezidentin xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, ölkənin maraqlarını müdafiə etmək və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq olmuşdur. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə daha çox qəbul edilməsinə və hörmətlə qarşılanmasına səbəb olmuşdur. Cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində öz maraqlarını müdafiə etməyə müvəffəq olmuşdur. Bu gün BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda Azərbaycanın mövqeyi uğurla təbliğ edilir. Məsələn, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan ölkənin müstəqilliyini və suverenliyini qorumaqla bağlı mühüm təşəbbüslərlə çıxış etmişdir.
Azərbaycanın suverenliyinin gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər arasında bir sıra mühüm sahələrə diqqət yetirilmişdir. Bu sahələr arasında enerji siyasəti, nəqliyyat əlaqələrinin inkişafı, sosial və iqtisadi islahatlar və digər strateji sahələr mühüm yer tutur. Cənab İlham Əliyev bu sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycanın müstəqil və suveren bir dövlət olaraq iqtisadi, sosial və siyasi inkişafını təmin etmişdir.
Ölkə daxilində də Prezident İlham Əliyev Azərbaycanın Konstitusiyasının təkmilləşdirilməsi və hüquqi dövlətin qurulması istiqamətində mühüm addımlar atmışdır. Dövlətimizin başçısı Azərbaycan Konstitusiyasının əsas prinsiplərini dəstəkləyərək, ölkənin inkişafı və sabitliyi üçün hüquqi əsasların gücləndirilməsini prioritet kimi müəyyən etmişdir. Azərbaycanın hüquq sistemi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etmiş və ölkənin suverenliyinin qorunması təmin edilmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olaraq elan edilməsi Azərbaycanın Konstitusiyasına və suverenliyinə verilən önəmin daha da artırılması məqsədi daşıyır. Bu il Konstitusiyanın qəbulunun 30 illiyi ilə bağlı qeyd ediləcək və ölkənin hüquqi inkişafı və müstəqilliyinin təmin edilməsi sahəsində yeni təşəbbüslər və tədbirlər həyata keçiriləcəkdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan xalqının konstitusiya dəyərlərinə sadiqliyi bir daha vurğulanacaq, bu prinsiplərin önəmi təbliğ ediləcək və vətəndaşlar arasında bu dəyərlərə hörmət daha da gücləndiriləcəkdir. Dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr və konfranslar təşkil ediləcək, konstitusiya və suverenliklə bağlı maarifləndirmə işləri aparılacaqdır.
Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli”nin ölkə üçün mühüm bir il olduğunu və bu ilin dövlətin gələcək inkişafında həlledici rol oynayacağını bəyan edib. Bu il çərçivəsində ölkənin hüquqi və siyasi sistemlərinin daha da möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının qorunması və müstəqil dövlət quruluşunun təmin edilməsi istiqamətində bir sıra addımlar atılacaqdır.
Prezident İlham Əliyev dövlət idarəetməsinin cəmiyyət üzvlərinin maraqları çərçivəsində həyata keçirilməsinin təmin olunması istiqamətində prinsipial addımlar atılmasını xüsusi nəzarətdə saxlayır. “Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır… Bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur” deyən Prezident İlham Əliyev dövlət siyasətinin təməlində vətəndaş mövqeyinin əhəmiyyətini vurğulayıb. Dövlətimizin başçısı Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində bununla bağlı xüsusi qeyd edib: “Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Təbii ki, xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng planları həyata keçirə bilməzdik”. Ölkə rəhbərinin bildirdiyi kimi, xalqın maraqları, ictimaiyyətin rəyi hər zaman öyrənilmə obyekti olmaqla bərabər, dövlət idarəçiliyinin əsasında dayanır.
Azərbaycan Respublikasında islahatların başlıca istiqamətini cəmiyyət üzvlərinin maraqlarına cavab verən, onların istək və tələblərini dəqiqliklə nəzərə ala bilən dövlət idarəetmə sisteminin yaradılması təşkil edir. Vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də demokratik islahatların vacib istiqamətlərindən birini təşkil edir. Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən demokratikləşmə strategiyasında əsas aparıcı qüvvə olmaqla vətəndaş cəmiyyəti quruculuğu prosesinə töhfələr verir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Respublikamızda formalaşan qanunvericilik bazasının təkmilləşdirilməsi, icra mexanizmlərinin tənzimlənməsi, çoxpartiyalı sistemin inkişaf etdirilməsi, insanlara sərbəst toplaşmaq azadlıqlarının verilməsi Azərbaycan demokratiyasının davamlı inkişafından xəbər verir. Bu gün müstəqil ölkəmiz öz siyasətini bu möhkəm təməl üzərində qurub. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması dövlətin siyasətində prioritet məsələdir. Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, icra mexanizmlərinin dövrün tələblərinə uyğun yenilənməsi və tənzimlənməsi, daha çevik idarəetmə mexanizminin formalaşması, çoxpartiyalı sistemin və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, insanların sərbəst toplaşmaq azadlıqlarının təmin edilməsi demokratiyanın dinamik inkişafını təsdiq edən təkzibedilməz şərtlərdir. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dövlət siyasətinin prioritet məsələsidir.
Nəticə olaraq, Azərbaycanın konstitusiyası və suverenliyi, dövlətin vətəndaşlarının hüquqlarını qorumaqla yanaşı, ölkənin gələcəkdə də müstəqil və güclü dövlət kimi mövcudluğunu təmin edəcək mühüm amillərdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər, bu prinsipləri gələcək nəsillərə çatdırmaq, vətəndaşların konstitusiya dəyərlərinə sadiqliyini artırmaq və Azərbaycanın hüquqi müstəqilliyini təbliğ etmək üçün mühüm bir fürsət təqdim edir. Bu tədbirlər ölkənin gələcək inkişafında həm daxili, həm də xarici siyasətdəki mövqeyində daha böyük uğurlara yol açacaqdır.
Murtəza HƏSƏNOÜLU,
siyasi elmlər üzrə fəlsəfə doktoru