Nazirlik: İki mindən çox şəxs sosial xidmətlərə cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bütün respublikanı əhatə edən 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə ümumilikdə 2 mindən çox şəxs sosial xidmətlərə cəlb edilib. Bu müəssisələr vasitəsilə bütün yaş qruplarına aid imtiyazlı şəxslər müvafiq xidmətlərlə təmin olunurlar.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evlərində, yəni səyyar formada sosial-məişət xidməti göstərilir. Hazırda 4 mindən çox tənha ahıl və əlilliyi olan şəxs bu xidmətlə təmin edilir. Sosial xidmətçilər onların evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə kömək göstərirlər.
Məişət zorakılığından zərər çəkmiş şəxslər də agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar. Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə həmin şəxslər sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülür. Onlara burada sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir. Bu il də məişət zorakılığından zərər çəkmiş 66 nəfər qeyd edilən şöbədə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilib.
Bundan başqa, uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, həssas əhali kateqoriyasına aid olan uşaqların psixososial reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası məqsədlə 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələrinin nəzdində yarımstasionar formada xidmət göstərən daimi Günərzi Qayğı Mərkəzləri yaradılıb. Həmçinin cari ildə respublikanın 30 şəhər və rayonunu əhatə edən günərzi qayğı mərkəzləri də yaradılıb və onlarda 900-dən çox uşağa sosial xidmət göstərilir. Bu mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların korreksiya, abilitasiya, reabilitasiya və digər xidmətlərlə təminatı həyata keçirilir.