
Orta Asiyaya və Avropaya geniş imkanlar açılır
Zəngəzur dəhlizi (TRIPP) Cənubi Qafqazın kommunikasiya xəritəsini dəyişəcək
“Azərbaycan Prezidentinin AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində Zəngəzur dəhlizinin (TRIPP) xüsusi vurğulanması təsadüfi deyil. Çünki bu layihə yalnız Azərbaycanın yox, bütövlükdə regionun gələcəyini müəyyənləşdirən strateji təşəbbüslərdən biridir”.
Milli Məclisin deputatı Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, dəhlizin reallaşması Cənubi Qafqazın kommunikasiya xəritəsini tamamilə dəyişəcək, Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsini təmin etməklə yanaşı, Türkiyə üzərindən Orta Asiya və Avropaya açılan geniş imkanlar yaradacaq: “Bu, təkcə nəqliyyat deyil, həm də iqtisadi və siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşması deməkdir. Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanı mühüm tranzit qovşaqlarından birinə çevirəcək, ölkənin logistik imkanlarını genişləndirəcək, ticarət dövriyyəsinin artmasına və yeni investisiya axınına şərait yaradacaq. Eyni zamanda bu dəhliz Orta dəhlizin davamlılığı üçün vacib halqadır, Asiya ilə Avropa arasında etibarlı alternativ marşrut rolunu oynaya bilər. Prezidentin bu məsələyə toxunması Azərbaycanın regiondakı təşəbbüskar mövqeyini nümayiş etdirməklə yanaşı, beynəlxalq əməkdaşlığın daha da güclənməsinə çağırışdır”.
Deputat qeyd edib ki, əslində, Zəngəzur dəhlizi (TRIPP) təkcə iqtisadi maraqların deyil, həm də sülh və sabitliyin təminatçısı kimi dəyərləndirilə bilər, çünki o, bütün tərəflər üçün fayda gətirən layihədir. Ermənistan üçün belə bu yol yeni iqtisadi imkanlar deməkdir. Azərbaycanın bu təşəbbüsü göstərir ki, gələcəyin qazancları qarşıdurmada deyil, əməkdaşlıqda, bağlılıqda və qarşılıqlı etimadda olmalıdır vurğusu da məhz bu baxışın beynəlxalq müstəviyə çıxarılmasıdır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”