Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • “Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti
  • Ölkə

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti

LIVE PRESS 04/11/2025
“orta-guc”-strategiyasi:-coxistiqamətliliklə-coxtərəfli-əməkdasligin-vəhdəti

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti

Prezident İlham Əliyevin yaradıcı liderliyi haqqında Azərbaycan və dünya mətbuatında araşdırmalar dərc olunur. Eyni zamanda ekspert dairələrində politoloji aspektdə dövlət başçısının siyasi kursunun tədqiqi aparılır. Azərbaycan Prezidentinin siyasi lider kimi meyarlarının mühüm bir cəhəti son dərəcə çevik addımlar atması ilə bağlıdır. Bu da, faktiki olaraq, dövlət başçısının siyasi fəaliyyətini zamanında təhlil etmək tələbini ortaya qoyur. Bütün bunları nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabr-oktyabr aylarında mötəbər beynəlxalq tədbirlərdə iştirakını multivektorluq və multilaterallıq kontekstində təhlil etməyə ehtiyac duyduq.

Multivektorluq və multilaterallıq yeni tarixi mərhələdə

Azərbaycanın xarici siyasətini xarakterizə edən politoloqlar onun bir sıra xüsusiyyətlərini vurğulayırlar. Onların sırasında multivektorluq (çoxistiqamətlilik) və multilaterallıq (çoxtərəfli və ya çoxaspektli əməkdaşlıq forması) xüsusi yer tutur. Yeni tarixi mərhələdə həmin özəlliklər yeni səviyyədə xarici siyasətin prioritetləri sırasında yer alır.

Realpolitik yanaşma çərçivəsində bu iki siyasi parametr sadə mənaya malik deyildir. O, əslində, hər bir real situasiyada dövlətin xarici siyasətinin mühüm cəhətlərini əks etdirir. Yəni multivektorluq dövlətin xarici siyasətində müxtəlif istiqamətlərin siyasi və geosiyasi kontekstdə əlaqələndirilməsi ilə bağlıdır. Multilaterallıq isə daha mürəkkəb anlayışdır. Çünki burada çoxistiqamətlilik şəraitində əməkdaşlığın bütün aspektlərini mövcud siyasi və geosiyasi şərtlərə uyğunlaşdırmaq tələb olunur. Bundan başqa, xarici siyasətdə hər iki özəlliyin milli maraqlara və dövlətin strateji hədəflərinə uyğunluğunu təmin etmək lazım gəlir.

Bu fikirlərin işığında Azərbaycanın xarici siyasətində özünü göstərən mühüm bir trendə diqqət yetirək. Öncə, onu qeyd edək ki, ekspertlər bu kontekstdə müəyyən təhlillər əsasında qiymətləndirmələr aparırlar. Onların bir qisminə qısa nəzər salaq.

Ekspertlərin cari ilin sentyabr və oktyabr aylarında Prezident İlham Əliyevin qlobalmiqyaslı toplantılarda iştirakı əsasında siyasi ümumiləşdirmələri maraq doğurur. Belə ki, Azərbaycan Prezidentinin Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatındakı görüşdə, Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında, “Avropa Siyasi Birliyi”nin Kopenhagendə keçirilən 7-ci Zirvə görüşündə, Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ sammitində, Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində və ABŞ Prezidenti Donald Trampın, həmçinin Misir, Qətər və Türkiyə liderlərinin iştirak etdikləri Şarm əl-Şeyxdəki Yaxın Şərq sülh sammitində iştirakı ölkəmizin artan qlobal nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

Bunlara iki hadisəni də əlavə edək: İtaliya Prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidentinin Qazaxıstana səfəri. Bu onu göstərir ki, Prezident İlham Əliyev fəal və məqsədyönlü xarici siyasət yürüdür. Ekspertlər onu ümumən aşağıdakı kimi qiymətləndirirlər.

Prezident İlham Əliyevin qatıldığı sammitlər fərqli siyasi-mədəni məkanlarda keçirilib və hər biri ölkənin xarici siyasət palitrasında fərqli məna daşıyır. Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammitinin əsas məzmununu enerji təhlükəsizliyi, qitələrarası sabitlik, Avropa-Asiya əlaqələri kontekstində dəyərləndirmək olar. Ölkəmiz üçün əsas məna Azərbaycanın Qərb məkanında etibarlı enerji tərəfdaşı və təhlükəsizlik aktoru kimi qəbul edilməsidir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə isə əsas mövzu Orta dəhliz, mədəni-strateji həmrəylik idi. Bu Zirvə görüşü Azərbaycanın türk dünyasında lider və təşəbbüskar mövqeyi, türk inteqrasiyasının hərəkətverici qüvvəsi kimi fəaliyyətini ortaya qoyub.

Vurğulanan ümumi trek kontekstində ekspertlər konkret nəticələri ifadə edirlər.

Birincisi, Prezident İlham Əliyev bu platformadakı çıxışında Türk Dövlətləri Təşkilatının ideoloji birlikdən strateji güc mərkəzinə çevrilməsi zərurətini ortaya qoyub.

İkincisi, Azərbaycan Prezidenti türk dünyasının qlobal güc balansında öz yerini möhkəmləndirməsi üçün faydalı addımlar atır.

Üçüncüsü, İlham Əliyev Azərbaycanı türk dünyasının siyasi mərkəzi statusuna yüksəldir.

Dördüncüsü, Prezident İlham Əliyev təkmilləşdirilmiş əməkdaşlıq fəlsəfəsi irəli sürüb. Həmin fəlsəfənin məğzi müxtəlif dövlətləri ortaq maraqlar və qarşılıqlı hörmət əsasında bir araya gətirməkdən ibarətdir. Onun əsas əlaməti isə Azərbaycanın xarici siyasətində dəyişməz prinsipin – tarazlıq və suveren qərarvermənin bərqərar olmasıdır.

Beşincisi, Prezident İlham Əliyev Azərbaycanın Yaxın Şərq istiqamətində xarici siyasətinə yeni prioritetlər gətirib. Dövlət başçısının Yaxın Şərq sülh sammitində iştirakı bunun əyani təzahürüdür. Ekspertlərin fikirlərinə görə, Prezident İlham Əliyevin Qəzza sammitində iştirakı ölkəmizin Qərb və Şərq arasında tarazlaşdırılmış mövqeyini, beynəlxalq aləmdə vasitəçi dövlət imicini daha da gücləndirir və əlamətdardır ki, İlham Əliyev burada sülh və ədalət anlayışlarını yalnız region deyil, bütün dünya üçün universal dəyərlər kimi təqdim edən lider obrazında çıxış edir.

Başqa maraqlı məqam isə ekspertlərin gəldikləri ümumi qənaətlə bağlıdır. Onların qənaətinə görə, Prezident İlham Əliyevin müxtəlif geosiyasi məkanlarda və fərqli siyasi sistemləri təmsil edən siyasi liderlərlə dialoq aparması, ortaq dil tapması diplomatik fəallıqla yanaşı, strateji çevikliyin və liderlik enerjisinin göstəricisidir.

Bizcə, vurğulanan fikirlər fonunda xarici siyasətin multivektorluq və multilaterallıq kontekstinin yeni çalarları aydın görünür. Məsələnin substantiv tərəfi üzərində geniş dayanmağa çalışaq.

Təhlilin substantiv aspekti

Substantivlik məsələnin konkret məzmun tərəfi ilə həyata keçirilən siyasi kursun praktiki nəticələrini özündə ehtiva edir. Burada ilk qənaət ondan ibarətdir ki, Azərbaycan regional lider statusunu aşaraq regionlararası miqyasda yeni mövqeyə çıxıb. Bu mövqenin başlıca əlaməti ölkəmizin geosiyasətin subyekti olması ilə sıx bağlıdır. Belə ki, Azərbaycan postsovet məkanında buna nail olan ilk müstəqil dövlətdir (Rusiya buraya aid deyil, çünki o, artıq bir neçə yüz ildir ki, geosiyasətin subyektidir).

Onu da qeyd edək ki, ilk baxışdan Baltikyanı dövlətlərin də geosiyasi proseslərin subyekti olması təəssüratı yarana bilər. Lakin bu, baş vermədi. Əsas səbəb odur ki, həmin region dövlətləri avtoritar sistemdən (sovetlərdən) xilas olmaqla müstəqil mövcudluq müstəvisinə keçə bilmədilər – Avropa İttifaqı (Aİ) dərhal “əlini üzərlərinə” qoydu. Onlar indi Brüsselin rəva gördüyü qədər geosiyasətin subyektləridirlər.

Bundan başqa, Aİ ilə TDT arasında paralellər aparmaq olmaz. Çünki Aİ-nin qurulmasında Baltikyanı dövlətlər iştirak etməyiblər. Bu mənada onlar artıq “bölünmüş suverenliklərin masasına oturublar”. Azərbaycan isə TDT-nin əsas qurucusudur. Onun ideya müəllifi və praktiki reallaşma konsepsiyasının banisidir. Azərbaycan TDT-nin lideri kimi təşkilatın geosiyasi proseslərdə yeri və rolunun müəyyən olunmasında həlledici rol oynayır. Bu nöqteyi-nəzərdən ölkəmiz, sözün həqiqi mənasında, regionlararası miqyasda geosiyasətin subyektidir. Azərbaycan Prezidenti bu məqsədinə bütövlükdə türk dünyası ilə ortaq mədəniyyət, vahid geosiyasi, iqtisadi, hərbi və ideya gücü olmaq xəttini qətiyyətlə inkişaf etdirməsi sayəsində çatıb!

Substantivlik kontekstində multivektorluqla multilaterallığın sintezi digər üç istiqamətdə də aydın ifadəsini tapıb. Onlar məzmunca Avropa ilə enerji sferasında əməkdaşlıqda, Şərqlə (xüsusən Çinlə) nəqliyyat və logistika aspektlərində qarşılıqlı faydalı əlaqələrin inkişafında və Yaxın Şərqdə nəqliyyat, enerji, logistika sferalarında əməkdaşlıqda əks olunub.

Hər bir istiqaməti birləşdirən mühüm geosiyasi faktor isə budur ki, Azərbaycan realpolitik paradiqması fonunda hər bir istiqamətdə enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin mükəmməl sintezinə nail ola bilib.

Vurğuladığımız bütün özəlliklər substantiv və funksional aspektlərdə səkkiz istiqamətin vahid geosiyasi məntiq çərçivəsində təhlili üçün nəzəri baza yaradır.

Azərbaycanın yuxarıda vurğuladığımız səkkiz istiqamət üzrə fəaliyyəti çox ciddi geosiyasi nəticələr verməkdədir. Prezident İlham Əliyev çoxistiqamətli və çoxaspektli siyasət sayəsində Azərbaycanı müstəqil dövlət kimi, Cənubi Qafqazı region olaraq, türk dünyasını Türk Dövlətləri Təşkilatının timsalında yeni geosiyasi səviyyəyə yüksəldib. Bunun fonunda Avropa və bütövlükdə dünya miqyasında həm Azərbaycanın, həm də türk dünyasının yeni pozitiv obrazı formalaşmaqdadır.

Səkkiz istiqamətin ideya müqayisəsi

Bu mövzuda yuxarıda qeyd olunan səkkiz istiqamətin ideya, məzmun və məqsədlərini motivə edən bir hadisəni mütləq vurğulamalıyıq. Çünki məhz həmin hadisə siyasi, geosiyasi, sülh və təhlükəsizlik anlamlarına məna verir. Bu isə o deməkdir ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması tarixi hadisədir. Və indi nəzərdən keçirdiyimiz geosiyasi məsələ kontekstində İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın Vaşinqton müzakirələrinin əhəmiyyəti böyükdür.

Birincisi, həmin müzakirələr çərçivəsində paraflanan sazişin təməl şərtlərini Azərbaycan Prezidentinin təklif etdiyi beş əsas prinsip təşkil edir.

İkincisi, Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin fəlsəfəsi rəsmi Bakıya məxsusdur.

Üçüncüsü, məhz Azərbaycanın təklif etdiyi məzmun və ssenaridə Bakı-İrəvan münasibətlərinin normallaşmasının regional konteksti vardır.

Dördüncüsü, sülh sazişinin imzalanmasından sonra regional, regionlararası və qlobal miqyaslarda iqtisadiyyat, enerji, nəqliyyat, logistika, informasiya və təhlükəsizlik sahələrində əlaqələr Bakının strateji vizyonu ilə sıx bağlılıqda həyata keçiriləcək.

Bu dörd xüsusiyyət səkkiz istiqamətin ideya təməlinin tərkib hissələridir. Çünki onlar, əvvəla, dünya miqyasında anti-Azərbaycan mövqeyi tutanların arzusunu gözündə qoydu, ikincisi, Azərbaycan Prezidentinin liderlik nüfuzunu yeni səviyyəyə yüksəltdi, üçüncüsü, Azərbaycanın, regional, regionlararası və qlobal miqyaslarda geosiyasi aktorluğuna yeni məna çaları gətirdi. Bu aspekt üzərində bir qədər geniş dayanaq.

“ŞƏT plyus” formatında görüş

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyəti fonunda daha geniş coğrafiyada qarşılıqlı faydalı, sabit və səmərəli əməkdaşlıq perspektivlərinə nəzər salınıb. Bu formatda yeni məqam ŞƏT üzvü olmayan ölkələrin təşkilatın ümumi platforması çərçivəsində iştirak imkanlarının müzakirəsi ilə bağlıdır.

Azərbaycan Prezidenti tədbirdəki çıxışında yeni enerji növləri (məsələn, bərpaolunan enerji) və nəqliyyat-logistika əlaqələrinin inkişaf yolları ilə bağlı tezislər irəli sürüb. Orta dəhlizin Zəngəzur hissəsinin geosiyasi və geoiqtisadi əhəmiyyətini geniş izah edib. Prezident İlham Əliyevin vurğulanan tezisinin ciddiliyi və praktiki reallaşması üçün Bakının əhəmiyyətli rol oynaya biləcəyinə inam Azərbaycan Prezidentinin liderlik nüfuzu ilə birbaşa bağlıdır. Buna görə də hər kəs dövlət başçımızın bu təklifinə həssaslıqla yanaşır.

BMT Baş Assambleyasının sessiyası

Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı İlham Əliyevin irəli sürdüyü tezislər XXI əsrdə uğurlu siyasi liderliyin triumfu idi. Çünki həmin tezislərin ümumi ideya ruhu dövlətin geosiyasi mövqeyinin strateji aspektinin dəqiq ifadəsindən ibarətdir. Həmin çıxışla İlham Əliyev, birincisi, uğurlu liderlik təcrübəsinin bir sıra məqamlarını nümayiş etdirdi, ikincisi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi strateji inkişaf kursunun perspektivinin anatomiyasını ortaya qoydu. Nəticədə, Azərbaycan dövlətinin və onun başçısının qlobal geosiyasi miqyasda yüksək statusunun mövcud olduğuna BMT-də tam əminlik yarandı. Bu, müstəqil bir dövlətin regional liderlikdən qlobal geosiyasi oyunçuya yüksəlmək istiqamətində konkret müsbət təcrübənin özünütəsdiqi kimi də qəbul edilə bilər.

“Avropa Siyasi Birliyi”nin sammiti

Nyu Yorkda dünyanın ən ali kürsüsündən – BMT tribunasından çıxışından sonra Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci sammitində Azərbaycan Prezidentinə yüksək marağın olması tamamilə təbii və gözlənilən idi. Orada Avropanın enerji təhlükəsizliyi, sabit inkişafı və geosiyasi miqyasda oynaya biləcəyi rol ilə bağlı Prezident İlham Əliyevin müxtəlif görüşlərdə səsləndirdiyi fikirlərə verilən qiymət və göstərilən diqqət bu qənaəti təsdiqləyir. Mövzu baxımından Kopenhagen Sammiti Azərbaycanın Avropa qitəsi üçün aktual olan məsələlərin müzakirəsində xüsusi yeri olduğunu nümayiş etdirdi. Bu aspektdə əgər Nyu York Azərbaycanın dövlət identikliyinin beynəlxalq miqyasda tam qəbulunun göstəricisi idisə, Kopenhagen tədbiri Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini nümayiş etdirdi. Bu cür miqyas və məkan dəyişikliyinin politoloji dərki çox vacibdir. Həmin kontekstdə Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci zirvə görüşünün xüsusi əhəmiyyəti vardır.

Qəbələ Zirvəsi

Dövlət başçılarının Qəbələ görüşündə İlham Əliyevin ifadə etdiyi fikirlər və irəli sürdüyü təkliflər türk dünyası üçün son dərəcə aktual və əhəmiyyətli idi. Azərbaycan Prezidenti TDT-nin daha da gücləndirilməsi, hədəflədiyi məqsədlərə çatması istiqamətində tezislər söylədi. Bu tezislər türk dünyasının inteqrasiyasının mühüm mərhələsini ifadə edir. Və TDT üzvlərinin təhlükəsizlik sferasında ortaq fəaliyyətinin təməlini əks etdirir. TDT bir təşkilat kimi bu istiqamətdə sistemli, ardıcıl və ölçülü-biçili addımlar atır. Onun ana yolunu Prezident İlham Əliyev Qəbələ Zirvəsində göstərdi!

Düşənbə görüşü

Buradan Prezidentin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı iştirakına keçidin ciddi məntiqi əsası var. Çünki həmin tədbirdə İlham Əliyev dünyanın ən güclü dövlətlərindən olan, şimal qonşumuz Rusiya ilə prinsipial geosiyasi əhəmiyyət kəsb edən məsələnin həllinə nail oldu. Fəaliyyət miqyası baxımından isə Nyu York-Kopenhagen-Qəbələ miqyaslarında irəli sürülən müddəaların davamı olaraq Düşənbə vacib incəliyi ifadə edir. Onun strateji mənası Azərbaycan Prezidentinin V.Putinlə görüşə güclü arqumentlərlə getməsindən ibarətdir.

Türk dünyası, Avropa və dünya səviyyəsində İlham Əliyevin çox uğurlu liderlik təcrübəsi aydın göstərdi ki, onunla bəhanələrlə danışmağın perspektivi yoxdur. Çox yaxşıdır ki, Rusiya Prezidenti bunu ciddi nəzərə alaraq iki qonşu ölkə arasında münasibətlərin “İlham Əliyev ssenarisi” üzrə inkişafının lazımlığını qəbul etdi!

Yaxın Şərq sülh sammiti

Bu hadisədən cəmi üç gün sonra İlham Əliyevin Azərbaycanın xarici siyasəti üçün strateji əhəmiyyət daşıyan, lakin çox mürəkkəb situasiya ilə qarşılaşmış Yaxın Şərqə səfərinin tarixi mənası vardı. Azərbaycan Prezidenti ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq sülh sammitində iştirak etdi. Dünyanın çox məhdud sayda dövlət başçılarının dəvət olunduğu həmin sammitdə ABŞ Prezidenti daxil olmaqla bir çox dövlət başçısının İlham Əliyevə xüsusi sayğı göstərməsi tarixi olaydır. Azərbaycan həmin tədbirdən Qəzzada təhlükəsizliyin təminatçısı olan dövlətlərdən biri kimi ayrıldı. Bu fakt dünya miqyasında Azərbaycanın geosiyasi statusunun növbəti yüksəlişi idi.

İtaliya və Qazaxıstan

Nəhayət, İtaliya Prezidentinin Azərbaycana, dövlət başçısı İlham Əliyevin isə Qazaxıstana səfəri vurğulanan altı istiqamətin fonunda son dərəcə gərəkli siyasi addımdır. Onları yeddinci və səkkizinci istiqamətlər kimi qəbul etmək olar.

İtaliyanın dövlət başçısı ilə müzakirələr Azərbaycan-Avropa əlaqələrinin perspektivini bir daha ortaya qoydu. Xüsusilə Avropanın Azərbaycanla tərəfdaşlıqda marağının yüksək olduğunu sübut etdi. Prezident İlham Əliyevin Qazaxıstana səfəri isə rəsmi Bakının geniş geosiyasi məkanda birləşdirici rolunu bir faktla təsdiqlədi: İlham Əliyev Ermənistana taxılın Azərbaycan ərazisindən keçməklə çatdırılmasına yaşıl işıq yandırdı. Bütün dünya bunu çox yüksək qiymətləndirdi. Diplomatik gediş kimi isə çox məharətli və zamanında atılmış addım olaraq xarakterizə etdilər.

Vurğuladığımız mövzu müxtəlifliyi prizmasından yekun geosiyasi qənaət əldə edə bilərik.

Ümumi geosiyasi qənaət

Azərbaycan Prezidentinin yuxarıda vurğulanan səkkiz istiqamətdə fəaliyyəti ölkənin xarici siyasət kursunun multivektorluq və multilaterallıq prinsiplərinin növbəti təntənəsidir. İlham Əliyev bütün istiqamətlərdə həm uğurlu liderlik aspektində, həm də Azərbaycanın regional, regionlararası və qlobal miqyaslarda dövlət statusunda geosiyasi rolunun yüksəlməsi kontekstində mühüm uğurlara imza atıb.

Azərbaycan regional lider kimi TDT-də rolunu və yerini daha da möhkəmləndirib. Avropa miqyasında qitənin davamlı inkişafı və təhlükəsizliyi üçün çox vacib dövlət olduğunu sübuta yetirib. Qlobal səviyyədə isə etibarlı tərəfdaş, sülhsevər dövlət və inkişaf paradiqmasına malik ölkə olaraq özünü bir daha təsdiqləyib. Bununla Azərbaycan, faktiki olaraq, yeni növ “orta güc” obrazının formalaşdırılması istiqamətində mühüm bir mərhələyə qədəm qoyub. 

Kamal ADIGÖZƏLOV,

siyasi analitik

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  
Next: “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

Related Stories

nazir:-qeyri-neft-baza-kəsirini-azaltmaq-boyuk-cagirislar-yaratsa-da,-biz-bu-istiqaməti-qoruyuruq  
  • Ölkə

Nazir: Qeyri-neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq  

LIVE PRESS 04/11/2025
“art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil  
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

LIVE PRESS 04/11/2025
komitə-sədri:-aqem-cərcivəsində-qadin-platformasinin-ilk-boyuk-toplantisinin-təskili-uzərində-islər-aparilir  
  • Ölkə

Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  

LIVE PRESS 04/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Nazir: Qeyri-neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq  
  • “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  
  • “Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti
  • Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  
  • Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub  

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Nazir: Qeyri-neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq   nazir:-qeyri-neft-baza-kəsirini-azaltmaq-boyuk-cagirislar-yaratsa-da,-biz-bu-istiqaməti-qoruyuruq   1
  • Ölkə

Nazir: Qeyri-neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq  

04/11/2025
“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil   “art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil   2
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

04/11/2025
“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti “orta-guc”-strategiyasi:-coxistiqamətliliklə-coxtərəfli-əməkdasligin-vəhdəti 3
  • Ölkə

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti

04/11/2025
Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır   komitə-sədri:-aqem-cərcivəsində-qadin-platformasinin-ilk-boyuk-toplantisinin-təskili-uzərində-islər-aparilir   4
  • Ölkə

Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  

04/11/2025
Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub   auditorlar-palatasi-surasinin-iclasinda-auditin-inkisafi-və-səffafligin-artirilmasi-məsələləri-muzakirə-olunub   5
  • Ölkə

Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub  

04/11/2025

Bir daha bax

nazir:-qeyri-neft-baza-kəsirini-azaltmaq-boyuk-cagirislar-yaratsa-da,-biz-bu-istiqaməti-qoruyuruq  
  • Ölkə

Nazir: Qeyri-neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq  

LIVE PRESS 04/11/2025
“art-weekend”in-istirakcisi-nigar-sultanova:-inkluziv-incəsənət-bizim-ucun-sadəcə-yaradiciliq-deyil  
  • Ölkə

“ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  

LIVE PRESS 04/11/2025
“orta-guc”-strategiyasi:-coxistiqamətliliklə-coxtərəfli-əməkdasligin-vəhdəti
  • Ölkə

“Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti

LIVE PRESS 04/11/2025
komitə-sədri:-aqem-cərcivəsində-qadin-platformasinin-ilk-boyuk-toplantisinin-təskili-uzərində-islər-aparilir  
  • Ölkə

Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  

LIVE PRESS 04/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Nazir: Qeyri-neft baza kəsirini azaltmaq böyük çağırışlar yaratsa da, biz bu istiqaməti qoruyuruq  
  • “ART Weekend”in iştirakçısı Nigar Sultanova: İnklüziv incəsənət bizim üçün sadəcə yaradıcılıq deyil  
  • “Orta güc” strategiyası: çoxistiqamətliliklə çoxtərəfli əməkdaşlığın vəhdəti
  • Komitə sədri: AQEM çərçivəsində Qadın Platformasının ilk böyük toplantısının təşkili üzərində işlər aparılır  
  • Auditorlar Palatası Şurasının iclasında auditin inkişafı və şəffaflığın artırılması məsələləri müzakirə olunub  
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.