Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir
Zəngin floraya malik Kəlbəcər rayonu Azərbaycanın arıçılıq sahəsində qədim və dəyərli ənənələrini yaşadan bölgələrindəndir. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirir. Bu torpaqlarda arıçılıq sadəcə bir peşə deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir.
44 günlük Vətən müharibəsindən sonra doğma torpağa qayıdan sakinlər arıçılıq ənənələrini yenidən dirçəldirlər. Onlardan biri də Kəlbəcər şəhər sakini Ceyhun Əsgərovdur.
Ceyhun Əsgərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 7 yaşında ikən ailəsi ilə məcburi köçkün düşərək Gəncədə məskunlaşıblar. Elə köçkünlük illərində arıçılıqla məşğul olmağa başlayıb. Hazırda Kəlbəcərdə həm müəllim kimi fəaliyyət göstərir, həm də arıçılıqla məşğul olur. “2022-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə arılarımızı hər yay Kəlbəcərə bal mövsümünə gətiririk. Ötən il isə ailəmlə bərabər Kəlbəcərdə məskunlaşmışam, elə arılarımı da burada saxlayıram. Burada məhsuldarlıq çox gözəldir, Kəlbəcər balı digər bölgələrin balından fərqlidir. Bu da əsasən çiçək müxtəlifliyi ilə bağlıdır”, – deyə o bildirib.
Ötən il Ceyhun Əsgərovun təsərrüfatında 40 arı ailəsi olub və ümumilikdə 400 kiloqrama yaxın bal əldə edilib. Məhsulun satışı fərdi qaydada həyata keçirilir, bir kiloqram balın qiyməti isə 30–40 manat arasında dəyişir.
Kəlbəcərli arıçı gələcəkdə təsərrüfatını daha da genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, məqsəd yalnız bal istehsalını artırmaq deyil, həm də Kəlbəcərin zəngin təbiətindən gələn məhsulları daha çox insana çatdırmaq və arıçılıq ənənələrini gələcək nəsillərə ötürməkdir.