Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert
Sülh Şurası təşəbbüsünə qoşulan ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Bu addım Azərbaycanın son dərəcə çətin, lakin uzaqgörən qərarının müdrikliyini bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə və dağıntıların bəşəriyyət və Yer kürəsi üçün dözülməz olduğunu yaxşı bilən və qəbul edən ən praqmatik lider kimi ön plana çıxır.
Bunu AZƏRTAC-a açıqlamasında Dini Azadlıq üzrə Amerika Mərkəzinin baş icraçı direktoru, ABŞ Daxili Təhlükəsizlik Departamentinin sabiq direktor müavini Janna Skot deyib.
J. Skot qeyd edib ki, Prezident İlham Əliyev mövcud reallıqlarla məhdudlaşmayan, geniş perspektivə əsaslanan liderlik baxışı nümayiş etdirib: “Otuzillik müharibədən sonra ölkəsinin ərazi bütövlüyünü tam bərpa edən bir lider kimi Prezident Əliyev bu addımın Azərbaycan xalqının gələcəyi üçün əhəmiyyətini yaxşı başa düşür. O, digər dünya liderləri ilə birgə “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştirak edərək Azərbaycanı qlobal dəyişikliklər dövründə strateji mövqeyə çıxarıb. Prezident İlham Əliyev Azərbaycanın Sülh Şurasındakı iştirakının gələcək nəsillər üçün uzunmüddətli və müsbət təsir yaradacağını bilir”.