Prezidentin çağırışı
Dövlət başçısı alimləri bərpaolunan enerji layihələrində fəal iştiraka dəvət etdi
İndi elə bir beynəlxalq tədbir, yaxud mötəbər yığıncaq yoxdur ki, orada enerji keçidindən söhbət getməsin. Ənənəvi enerji növlərinin bərpaolunan enerjiyə yol verməsi, ikincinin istehsalı, nəqli, istehlakı hazırda bütün dünyanı düşündürən və məşğul edən məsələdir.
Bərpaolunan enerji Azərbaycanın da iqtisadi siyasətinin mərkəzində dayanan prioritetlərdəndir. Odur ki, bu istiqamətdə qısa zamanda nəzərə çarpan irəliləyişlər baş verib.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında da bu mövzuya toxunması təsadüfi deyil. Dövlət başçısı vurğulayıb ki, bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır və burada da Azərbaycan ön sıralardadır.
Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri həqiqətən də genişmiqyaslıdır. Təkcə işğaldan azad olunmuş ərazilərimizdə həmin istiqamətdə görülən işləri qeyd etmək kifayətdir. Məlum olduğu kimi, Prezidentimiz Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan edib. Orada indiyədək bir sıra bərpaolunan eneji layihələri uğurla icra edilib ki, bu da qarşıya qoyulan hədəflərə doğru inamlı addımları göstərir. Cari ilin avqust ayında Kəlbəcərdə istifadəyə verilən üç yeni kiçik su-elektrik stansiyasının (KSES) açılışı ilə Qarabağ və Şərqi Zəngəzurda bu cür enerji obyektlərinin sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatıb. Həmin stansiyaların əksəriyyətinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi onların önəminə bir daha diqqət çəkir.
İndi bu sıraya “Şəms” və “Üfüq” də qoşulacaq. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş-Elektrik stansiyalarının təməlini qoyub. Bu layihə ölkəmizin “yaşıl enerji” strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsinin zənginləşməsinə xidmət edir.
Bu layihələr 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalanan 100 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Keçən il həmçinin bərpa-olunan enerji mənbələrinin inkişafı üçün Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi ayrılıb. Bu çərçivədə “Clean Energy Cəbrayıl” MMC üçün 135 hektardan çox, “Enerso Cəbrayıl” MMC üçün 93 hektardan çox ərazi müəyyən edilib. Cari ilin aprel ayında isə Azərbaycan Respublikası hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş-Elektrik Stansiyası, “Clean Energy Cəbrayıl” MMC ilə “Şəms” Günəş-Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.
Hər iki stansiyanın 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Nəzərdə tutulduğuna görə, “Şəms” və “Üfüq” Günəş-Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Nəticədə hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət olunacağı, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.
Ölkəmizin ən böyük günəş-elektrik stansiyası da işğaldan azad olunmuş ərazilərimizdə inşa edilir. Belə ki, hazırda Cəbrayıl rayonunda 240 meqavatlıq “Şəfəq” Günəş-Elektrik Stansiyasının tikinti işləri aparılır. İşlər nəzərdə tutulmuş qrafikə uyğun irəliləyir. Ölkəmizdə ən iri neft, qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkətinin tikdiyi bu stansiyanın təməli keçən il Bakıda COP29-un davam etdiyi vaxt qoyulub. Yekun investisiya qərarı isə bu ilin iyun ayında qəbul edilib.
Xatirladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin tanınmış “Masdar” şirkətinin sərmayəsi ilə Bakıda tikilən 230 MVt gücündə “Qaradağ” Günəş-Elektrik Stansiyası artıq iki ildir fəaliyyətdədir. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə qoyuluş gücü 240 MVt olan Xızı-Abşeron Külək-Elektrik Stansiyası layihəsini reallaşdırmaqdadır.
2023-cü il oktyabrın 26-da “Qaradağ” stansiyasının açılış mərasimi çərçivəsində dövlət başçısının iştirakı ilə Azərbaycan hökuməti və “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunda 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.
Prezident İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası da “yaşıl enerji” zonası elan edilib və burada da həmin istiqamətdə layihələrin inkişafına böyük potensial var. Bir sözlə, ölkəmizin bir çox bölgəsində bu iş yaxın gələcəkdə daha geniş vüsət alacaq.
Dövlət başçısı AMEA-nın yubileyinə həsr olunmuş yığıncaqda “Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su-elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir” demişdir və Azərbaycan alimlərini də bu işdə fəal olmağa çağırmışdır.
Flora SADIQLI,
“Azərbaycan”