
Qələbəyə inamla…
Uğurlu antiterror əməliyyatının aparıldığı gün – 20 sentyabr təqvimimizdə əbədi olaraq Dövlət Suverenliyi Günü kimi bayrama çevrilib. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. 2023-cü il sentyabrın 20-si ölkəmizin suverenliyinə tam nail olduğumuz gündür. Uğrunda minlərlə canın qurban getdiyi müstəqilliyimizin rəmzi olan üçrəngli ay-ulduzlu bayrağımızın bütün ərazilərilərimizdə dalğalanmağa başladığı gündür.
Bu gün qürurla, sevinclə qeyd etdiyimiz gündür. Dövlət Suverenliyi Günü kimi tariximizə yazılan o gün keçirdiyimiz hisslər unudulmazdır. Hər bir azərbaycanlı həyacanlı idi. Yenə bütün qəlbimiz, ruhumuz Qarabağdaydı. Orada qəhrəman Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə lokal xarakterli antiterror əməliyyatı aparırdı.
O zaman böyük Zəfərimizin üçüncü ildönümünə hazırlaşırdıq. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlamış və 44 gün davam etmişdi. Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağda, Şərqi Zəngəzurda böyük rəşadət göstərmişdi. Nə işğalçı Ermənistan, nə də onun xarici havadarları bu zərbələri gözləmirdilər. Doğrudur, Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini görməmək mümkünsüz idi. Bilirdilər ki, artıq qarşılarında Birinci Qarabağ müharibəsi zamanı olduğu kimi, müstəqilliyini yeni əldə etmiş, keçid dövrünün problemlərinin məngənəsində sıxılmış, öz milli ordusunu qurmağa macal tapmamış, üstəlik, ikili standartlarla üzləşmiş, düşməninə hər cür yardım, silah-sursat verildiyi halda onun vətəndaşlarından ov tüfəngləri belə alınmış ölkə yoxdur. Azərbaycanın çətinlikləri addım-addım keçərək tərəqqi yoluna qədəm qoyduğunu, gündən-günə gücləndiyini, həm daxili, həm də xarici siyasətində qazandığı uğurları gördükcə rəsmi İrəvan işğal etdiyi Azərbaycan torpaqlarını əlində saxlamaq üçün əlacı həmin yerlərdə səngərlər qazmaqda, istehkamlar qurmaqda, himəyadarları olan bir sıra dövlətlər və beynəlxalq təşkilatlar isə bu iki ölkə – Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını uzatmaqda görürdülər. Qarabağ və Şərqi Zəngəzur torpaqlarını əsarət altında saxlamaqla Azərbaycanı işğalla barışdıracaqlarını güman edirdilər.
Azərbaycanın mövqeyi isə aydın və qətiyyətli idi. Dövlətimizin başçısı uca kürsülərdən bəyan edirdi ki, Azərbaycan öz ərazilərində ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Dövlətimizin, xalqımızın məqsədi, məramı problemin danışıqlar vasitəsilə həll olunması, Qarabağ və Şərqi Zəngəzur torpaqlarının sülh yolu ilə geri qaytarılması idi.
İşğalçılar isə xislətlərindəki məkri, riyakarlığı təxribatlar, terrorlar törətməklə nümayiş etdirirdilər. 1994-cü ilin mayında imzaladığı atəşkəs sazişini Ermənistan tez-tez pozurdu. İşğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və mülki vətəndaşlarının yaşayış yerlərini iriçaplı silahlardan atəşə tuturdu. Nəticədə əsgər və zabitlərimiz, mülki şəxslərimiz şəhid olurdu.
2020-ci il sentyabrın 27-də azğınlığına son qoymayan, beynəlxalq qanunları heçə sayan Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına da Azərbaycan Ordusu gərəkli cavabı verdi. İkinci Qarabağ müharibəsi o gün başladı.
Müharibə zamanı müasir silahlara, hərbi texnikaya malik olan, yüksək peşəkarlıq nümunəsi göstərən Azərbaycan Ordusunu sarsılmaz edən həm də mənəvi gücü idi. Əsgər və zabitlərimiz bilirdilər ki, öz dədə-baba torpaqlarını xilas etmək, otuz ilə yaxın düşmən tapdağı altında inləyən Qarabağı və Şərqi Zəngəzuru işğaldan qurtarmaq naminə döyüşürlər. Və əmin idilər ki, Azərbaycan dövləti və xalqı öz xilaskar ordusunun yanındadır. Odur ki, qəsbkarların üzərinə qətiyyətlə yeridilər. Döyüş meydanında əlləri titrəmədi, addımlarını qətiyyətlə atdılar. Hər biri bir qəhrəman oldu. İşğalçı Ermənistanın silahlı qüvvələri isə Azərbaycan Ordusunun rəşadətini, şücaətini gördükcə sarsıldı. Döyüş meydanında silahını atanlar da oldu, fərarilik edənlər də…
Həmin ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, o cümlədən Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar başa çatdı. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
Ermənistan üçtərəfli Bəyanata əsasən, öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmalı idi. Lakin rəsmi İrəvan üzərinə götürdüyü öhdəliyə əməl etmədi. Əksinə, 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, eləcə də minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıdı. 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırdı. Və yenə də Azərbaycan torpaqlarında Ermənistanın təxribatları, terrorları bir kabus kimi dolaşdı, faciələr yaratdı.
Təhlükə gedikcə artırdı. Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə olan qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən 2023-cü il sentyabrın 18-də Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”nın E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi GPS naviqasiya sistemlərində fasilə yaranmasına səbəb oldu. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat verdi. Nazirlik həmçinin sentyabrın 18-də saat 23:50 və sentyabrın 19-u saat 11:45 radələrində Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğunu bildirdi. Məlumatda bölmələrimiz tərəfindən cavab tədbirləri görüldüyü qeyd edildi.
Həmin gün saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Krasnoselo rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovo yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutulduğu və qeyd olunan istiqamətdə cavab tədbirləri görüldüyü barədə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən məlumat yaydı.
Sentyabrın 19-da Xocavənd rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil minaya düşdü. Sürücü və sərnişin həlak oldu. Həmin gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işçilərinin öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən polis işçiləri eyni faciə ilə üzləşdilər. Onların da maşını sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşdü. DİN-in 4 polisi həyatını itirdi, 5 polis əməkdaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Qarabağdan ard-arda gələn faciəli xəbərlər yenidən Azərbaycan xalqını kədərləndirmişdi. Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərk-silah edərək torpaqlarımızdan çıxarmaq, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunu bərpa etmək üçün rəsmi Bakı növbəti dəfə qətiyyətli qərar verdi. 2023-cü il sentyabrın 19-da saat 13:00-da Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycanın Konstitusiya quruluşunu bərpa edilməsi məqsədilə Qarabağda antiterror tədbirlərinə başladığını bildirdi. Ordumuzun lokal xarakterli antiterror əməliyyatına başlaması xəbərini hər bir azərbaycanlı alqış və dualarla qarşıladı.
Antiterror əməliyyatı 23 saat 43 dəqiqə çəkdi. Sentyabrın 20-də Azərbaycan xalqı yenə də həyacanla, həsrətlə gözlədiyi müjdəli xəbəri dövlətinin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən eşitdi. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində senyabrın 19-da səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu qeyd etdi: “Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır”.
Prezident, Ali Baş Komandan qeyd etdi ki, sentyabrın 19-da törədilmiş terror aktı bu sıradan olan hadisə idi. Dövlətimizin başçısı Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirildiyini, müxtəlif yerlərdə basdırıldığını, bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minaların Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərildiyini və onlardan ciddi tədbir görülməsinin tələb edildiyini açıqladı. Bildirdi ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır: “Yəni bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır: “Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”.
Hərbi əməliyyatlar sentyabrın 20-də saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Əməliyyat nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya Sülhməramlı Kontingenti vasitəsilə müraciətini nəzərə alaraq şərtlər altında antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğu qeyd edildi. Şərtlərə əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməli idi.
Azərbaycan Ordusu peşəkarlığını, qəhrəmanlığını, şücaətini Qarabağda lokal xarakterli antiterror əməliyyatı zamanı yenidən bütün dünyaya göstərdi. Dövlətimizin başçısı xalqa müracətində fəxrlə vurğuladı: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.
Mülki əhalinin təhlükəsizliyinin qorunmasına, ərzaq, tibbi vəsait təminatlarına diqqətlə, həssaslıqla yanaşıldı. Aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisinin zərbə altına düşməmələri və mülki əhalinin qorunmalı olduğu barədə əvvəlcədən Prezident İlham Əliyev tərəfindən hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi. Dövlət başçısı sentyabrın 20-də xalqa müraciətində diqqətə çatdırdı ki, biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər: “Eyni zamanda göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.
Bölgədə aparılan qısamüddətli lokal xarakterli antiterror tədbirlərində Azərbaycan Ordusunun qələbəsi haqqın, ədalətin növbəti zəfəri idi.
Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”, – dövlətimizin başçısı dedi.
Otuz il həsrətini çəkdiyimiz, düşmənin gəzdiyini düşündükcə hiddətləndiyimiz şəhərdən – Xankəndidən o gün dövlətimizin başçısı bütün Azərbaycan xalqının qürurunu, sevincini ifadə etdi və “…biz bu Qələbəyə layiqik”, – dedi.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”