
“Qarabağ”ın sağ əli millimizin başına
Ağdam klubu qitənin ən nüfuzlu turnirində tarix yazdı
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
“Benfika” (Portuqaliya) –
“Qarabağ” (Azərbaycan) – 2:3
Qollar: Barreneçea, 6 (1:0); Pavlidis, 16 (2:0); Leandro Andrade, 30 (2:1); Kamilo Duran,
49 (2:2), Aleksey Kaşuk, 87 (2:3)
Hakimlər: Erik Lambrexts,
Co De Veird və Kevin Monteni (Belçika)
Lissabon. “Estadio da Luz”
O, futbol vasitəsilə Azərbaycan adının bütün dünyada çəkilməsində əvəzsiz rol oynayan mütəxəssis kimi qəlblərə həkk olunub. O, Azərbaycanın təkcə siyasi-demokratik, sosial-iqtisadi inkişafı ilə yox, idmanda da möcüzə yarada biləcək ölkə olduğunu əməldə sübuta yetirib. O, ən nəhayət, azərbaycanlıları əcnəbi futbolçulara yox, öz doğma komandalarına azarkeşlik etməyə, qələbələrindən ruhlandırmağa sövq edə bilib.
Təkcə bu xidmətlər futbol deyərkən ilk növbədə yada düşən “Qarabağ” və onun əzmkar baş məşqçisi Qurban Qurbanovun adının idman tariximizə böyük hərflərlə yazılmasına bəs edir…
Ağdamın “Qarabağ” klubu növbəti dəfə tarixi zəfərə imza atdı. Komandamız UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində möhtəşəm qələbə qazandı-3:2. Bu həm də ağdamlıların qitənin ən nüfuzlu klub turnirində ilk qələbəsi idi.
121 yaşlı “Benfika” Portuqaliya futbolunun 3 nəhəngindən (“Portu” və “Sportinq”lə birlikdə) biri, rekord sayda – 38 dəfə ölkə çempionu, 26 dəfə ölkə kubokunun, 8 dəfə liqa kubokunun, 10 dəfə ölkə superkubokunun sahibi, bu Pireney ölkəsinin ən nüfuzlu idman klublarından biri, böyük ənənələri olan, dünyanın istənilən komandası üçün ağır, çətin rəqibdi. Oyunlarını 68 minlik tamaşaçı tutumu olan məşhur “Estadio da Luj”da keçirir. Ciddi azarkeş dəstəyi var, tərəfdarları klubu çox sevir, ən pis vaxtlarında belə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. Bunun sayəsində “Benfika” Avropanın ən gəlirli klublarından biridir və maddi baxımdan problem yaşamır, istədiyi oyunçular üçün 30-35 milyonluq transfer haqları ödəməkdən çəkinmir. Komandanın ümumi bazar dəyəri 345 milyon avrodur.
“Qarabağ” “Benfika”ya göstərdiyi oyun üslubu, toplu və topsuz oyunlardakı üstünlüyü ilə hər şeyin meydanda həll olunduğunu növbəti dəfə təsdiqlədi. Xüsusilə xətlərarası məsafəni çox qısa tutaraq rəqibin mərkəzdə boş zona əldə etməsinə imkan vermədi. Belə olan halda isə qazanılan topları sürətli müdafiə arxasına ötürməklə təhlükəli epizodlar yaratmaq lazım idi ki, bunu bacardı.
Təbii ki, əzbər oyun planının komandaya aşılanmasında baş məşqçi kimi Qurban Qurbanovun uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyət strategiyası ön planda yer alır. Ən önəmli məqamlardan biri isə budur ki, məhz onun sayəsində “Qarabağ” təkcə futbol oynamadı, eyni zamanda getdiyi hər bir ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı. İşğal altında olan şəhəri – Ağdamı təmsil etdiyini hamı bildi. Bu gün isə azad Ağdamı təmsil edərək yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla mübariz komanda olduğunu, döyüşkənliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi. Bütün bu nailiyyətlərin əldə olunmasında isə Qurban Qurbanovun yaradıcı əzmkarlığı həlledici əhəmiyyətə malik olub.
“Qarabağ”ın sağ əli millimizin başına… Belə ki, bu günlərdə milli komandamız rüsvayçı nəticələrə görə portuqaliyalı çalışdırıcı Fernandu Santuşla yollarını ayırdı. Yenə səhv seçim, yenə əcnəbiyə ödənilən milyonlarla avro təzminat… Nə qədər gec deyil, ədalətli olmağı bacarmalıyıq. Milli komandamıza yerli mütəxəssisin təyinatı atılan ən düzgün addım olardı.
Elçin CƏFƏROV,
“Azərbaycan”