
Qazax ekspert: Azərbaycan Prezidentinin Qazaxıstana səfəri Türk dünyasının iqtisadi inteqrasiyasının dərinləşməsinə xidmət edir
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdırmaqla yanaşı, Türk dünyasının iqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşməsinə mühüm töhfə verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasət İnstitutunun eksperti, iqtisad elmləri doktoru Maqbat Spanov deyib.
Onun sözlərinə görə, dövlət başçılarının bu görüşünə əvvəlki strateji dialoqun məntiqi davamı kimi baxmaq olar. Xüsusilə Qəbələdə keçirilmiş görüş böyük Türk dünyasının, həmçinin türk iqtisadi məkanının inkişafı ilə bağlı prinsipial qərarların qəbul edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanla Azərbaycan arasındakı yüksəksəviyyəli qarşılıqlı səfərlər bir-birini tamamlayaraq, türk birliyinin siyasi, iqtisadi və mədəni sütunlarını möhkəmləndirir.
Maqbat Spanov qeyd edib ki, Orta Dəhliz ilkin mərhələdə Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi məqsədi daşısa da, hazırda bu marşrut qlobal iqtisadi və geosiyasi əhəmiyyət qazanıb.
“Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin rolu sürətlə artıb. Qərbin sanksiyaları nəticəsində bir çox ənənəvi logistika marşrutlarının bağlanması bu istiqaməti əsas nəqliyyat arteriyasına çevirir. 2014-cü ildən sonra və xüsusilə 2024-cü ildən bəri Orta Dəhliz Qərbi Avropa ilə Qərbi Çin arasında mühüm logistika qovşağına çevrilərək, inkişaf tempini daha da artırdı”, – deyə ekspert vurğulayıb.
Onun fikrincə, Trans-Xəzər nəqliyyat marşrutunun Zəngəzur seqmenti bu prosesdə dayanıqlılığı daha da möhkəmləndirir: “Bu il Zəngəzur dəhlizi (TRIPP) layihəsi ilə bağlı baş verən mühüm hadisələr Orta Dəhlizin inkişafında yeni mərhələ açır. ABŞ şirkətlərinin bu istiqamətdə fəal iştirakı region üçün əlavə investisiya və texnoloji imkanlar yaradır. Həm Qazaxıstan, həm də Azərbaycan bu dəhlizin inkişafına ardıcıl şəkildə sərmayə yatırır, bu isə yalnız logistika infrastrukturunun deyil, bütövlükdə regional iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”.
Ekspert bildirib ki, Qazaxıstan və Azərbaycan prezidentlərinin son görüşündə əsas müzakirə mövzularından biri yaşıl enerji və rəqəmsal əməkdaşlıq istiqamətlərinin inkişafı olub.
“Hər iki ölkə Paris İqlim Sazişinə qoşulmaqla yaşıl iqtisadiyyat və yaşıl enerji dəhlizləri konsepsiyalarını fəal şəkildə reallaşdırır. Qazaxıstanın üç atom elektrik stansiyasının tikintisini planlaşdırması region üçün yeni mərhələ açacaq. Bu layihələr başa çatdıqdan sonra rəsmi Astana elektrik enerjisini ixrac edə biləcək. Avropa Komissiyası atom enerjisini yaşıl iqtisadiyyatın bir hissəsi kimi qəbul etdiyindən, bu, Azərbaycanla enerji mübadiləsi imkanlarını da genişləndirəcək”, – deyə Maqbat Spanov əlavə edib.
Rəqəmsal dəhlizlərin inkişafının və fiber-optik rabitə sistemlərinin qurulmasının iki ölkə arasında strateji əhəmiyyətli əməkdaşlıq istiqamətləri olduğunu söyləyən ekspert vurğulayıb ki, hazırda əsas məqsəd logistika proseslərinin standartlaşdırılması, sənədləşmə müddətinin azaldılması və daşınma marşrutlarının optimallaşdırılmasıdır. Bu, malların hərəkətini yaşıl dəhliz prinsipi əsasında daha sürətli və səmərəli edəcək. Rəqəmsal texnologiyalar həm sənədlərin elektron emalını, həm də daşımaların koordinasiyasını asanlaşdırır və iqtisadi dövriyyənin sürətlənməsini təmin edir. Bundan başqa, informasiya təhlükəsizliyi və rabitə müstəqilliyi istiqamətində görülən işlər suverenliyə əlavə təminat yaradır.
Sonda iqtisadçı fikrini yekunlaşdıraraq bildirib ki, bütün bu təşəbbüslər iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsini təmin edəcək. “Yaxın illərdə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı, qarşılıqlı sərmayələrin və inteqrasiya layihələrinin miqyasının daha da genişlənəcəyi gözlənilir”, – deyə o əlavə edib.