Qubadlının quruculuğu Azərbaycanın suverenliyinin və milli iradəsinin təntənəsidir
25 oktyabr tarixi Azərbaycan tarixində qızıl hərflərlə yazılan günlərdən biridir. 44 günlük Vətən müharibəsinin ən həlledici mərhələlərindən biri məhz Qubadlının azad olunması ilə baş verdi. Qubadlı əməliyyatı sadəcə bir şəhərin deyil, bütöv bir strateji ərazinin azad edilməsi və müharibənin gedişində dönüş yaradan bir əməliyyat idi. Düşmən burada güclü istehkamlar quraraq hər bir yüksəklikdə müdafiə mövqeləri yaratmışdı. Lakin Azərbaycan əsgəri bu maneələri bir-bir dəf etdi. 25 oktyabr 2020-ci il Vətən müharibəsi tarixində Zəfərə gedən yolun dönüş nöqtəsi kimi qaldı. Qubadlı şəhərinin azad edilməsi ilə Azərbaycan Ordusu həm də Laçın istiqamətində mühüm üstünlük əldə etdi. Bu qələbə təkcə Qubadlının deyil, bütövlükdə Vətən müharibəsinin taleyini dəyişən tarixi məqam oldu.
Qubadlı əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığının, hərbi intizamının və fədakarlığının bariz nümunəsi idi. Əməliyyat yüksək dəqiqliklə planlaşdırılaraq ardıcıl şəkildə icra olundu. İlk növbədə, strateji yüksəkliklər və şəhərə aparan əsas istiqamətlər azad edildi. Ardınca Xanlıq, Padar, Sarıyataq kimi mühüm kəndlər düşməndən təmizləndi. Bu kəndlərin azad edilməsi şəhərə girişi təmin etdi və oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlını tam şəkildə azad etdi. Bu qələbə həm də Azərbaycan əsgərinin iradəsinin, xalqın birliyinin və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin təntənəsi idi. Qubadlı əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu qarşısında heç bir istehkam, heç bir düşmən mövqeyi tab gətirə bilməz.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Bu Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olundu.
Ermənistanla 120 kilometr sərhədə malik olan Qubadlı rayonunun 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə 29997 nəfər Qubadlı sakini doğma yurdlarından didərgin düşdü, rayonun 94 yaşayış məntəqəsi yerlə-yeksan edildi. 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün torpaqlarda, o cümlədən də Qubadlıda yeni həyat başlanıb – işğaldan doğan dağıntıların yerində müasir şəhərlər, kəndlər salınır və infrastruktur layihələri icra olunur. Bu gün Qubadlı yenidən dirçəlir, tikilir, canlanır. Hər bir bərpa olunan ev, hər bir salınan yol, hər bir açılan məktəb o müqəddəs Zəfərin davamıdır. 25 oktyabr – Qubadlı şəhəri günü artıq xalqımızın yaddaşında qürur, zəfər və milli birliyin təntənəsi kimi yaşayır.
27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu fəaliyyətə başladı. Bu post işğaldan azad olunmuş torpaqlarda qanunsuz dövriyyəyə, qaçaqmalçılığa və narkotik vasitələrin keçirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradıldı. Bu addım həm də Qubadlının dövlət suverenliyinin bərpasında, iqtisadi təhlükəsizliyinin təminində mühüm mərhələdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 sentyabr 2025-ci il tarixində “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”ı təsdiqləməklə bu torpaqlarda planlı və davamlı inkişafın bünövrəsini qoydu. Baş plana əsasən, Qubadlının gələcək inkişafı yalnız bərpa deyil, həm də müasir urbanizasiya və yaşıl enerji konsepsiyası üzərində qurulur.
Müasir Qubadlı şəhəri ilə yanaşı, Qubadlının kəndləri də bərpa olunur, yenidən qurulur. Qubadlının Mahruzlu kəndində hazırda 190 ev tikilir, 836 sakinin burada məskunlaşması nəzərdə tutulur. Rayonun Zilanlı kəndində ilkin mərhələdə 159 evin tikintisi və 772 nəfərin bu kəndə köçürülməsi planlaşdırılır. Bu kəndlərdə yalnız evlər deyil, həm də məktəblər, tibb məntəqələri, mədəniyyət mərkəzləri və “ağıllı kənd” infrastrukturu qurulur. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirən yollar bərpa olunur. Ən mühüm layihələrdən biri Qubadlı-Eyvazlı avtomobil yoludur. Uzunluğu 28,5 kilometr olan bu yol Mahmudlu, Xıdırlı, Müskanlı və digər kəndlərdən keçərək bölgənin iqtisadi əlaqələrini genişləndirəcək. Bununla yanaşı, yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi Zəngəzur bölgəsinin logistika xəritəsini tamamilə dəyişəcək.
Bu gün Qubadlıda bərpa və quruculuq işləri təkcə daşdan, betondan ibarət deyil – burada xalqın ruhu, dövlətin gücü və gələcəyə inamın təcəssümü var. Bir vaxtlar işğalın ağrısını yaşamış bu torpaqlar bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində yenidən həyat qazanır. Qubadlıda ucalan hər bir bina, salınan hər bir yol Azərbaycanın suverenliyinin, milli iradəsinin və müstəqil dövlətçilik ideallarının təntənəsidir.
Vasif Qafarov,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru