
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Azərbaycan xalqının müasir tarixi mürəkkəb və keşməkeşli hadisələrlə zəngindir. 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra xalqımız azad yaşamaq, öz taleyini müstəqil şəkildə həll etmək imkanı qazandı. Lakin bu müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi böyük sınaqlar qarşısında idi.1990-cı illərin əvvəllərində ölkəmiz çox ağır şəraitə düşmüşdü. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağda genişmiqyaslı müharibə gedir, torpaqlarımız işğal edilirdi. Digər tərəfdən isə ölkə daxilində siyasi qarşıdurmalar, hakimiyyət böhranı, dövlət çevrilişi cəhdləri və vətəndaş müharibəsi təhlükəsi mövcud idi. İqtisadiyyat sürətlə dağılır, əhalinin sosial vəziyyəti pisləşirdi. Xalqda böyük narazılıq və gələcəyə inamsızlıq yaranmışdı. Belə bir vəziyyətdə Azərbaycan parçalanma və hətta müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qaldı. Xalq isə nicat yolunu yalnız böyük dövlət xadimi, görkəmli lider Heydər Əliyevin şəxsiyyətində görürdü.1993-cü ilin iyun hadisələri ölkəni vətəndaş qarşıdurmasına sürükləyirdi. Gəncədə baş verən silahlı qiyam və hakimiyyət böhranı vəziyyəti daha da gərginləşdirmişdi. Belə məqamda xalqın israrlı tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. O, qısa müddətdə müdrikliyi və dövlətçilik təcrübəsi ilə gərginliyi müəyyən qədər aradan qaldırdı. Lakin böhranlı vəziyyətin tam həlli üçün ölkədə ümumxalq seçkilərinin keçirilməsi qaçılmaz idi. 3 oktyabr 1993-cü ildə keçirilən ümumxalq seçkilərində xalq yekdilliklə Heydər Əliyevə səs verdi. Onun prezident seçilməsi yalnız bir siyasi akt deyildi, bu, həm də Azərbaycan xalqının öz taleyini düzgün əllərə etibar etməsi demək idi. Seçkilərdən sonra Heydər Əliyevin qarşısında çox böyük vəzifələr dayanırdı:
- ölkədə sabitliyi bərpa etmək;
- vətəndaş qarşıdurmasının qarşısını almaq;
- ordunu nizama salmaq və torpaqlarımızı müdafiə etmək;
- dağılmış iqtisadiyyatı bərpa etmək;
- Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaq.
Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti qısa zamanda öz nəticəsini verdi. O, ölkədə anarxiyanın qarşısını aldı, dövlət idarəçiliyində möhkəm nizam-intizam yaratdı. Vətəndaş müharibəsi təhlükəsi dəf edildi. Orduda islahatlara başlanıldı, nizami hərbi hissələr yaradıldı, vahid komandanlıq sistemi bərpa olundu. İqtisadi tənəzzülün qarşısını almaq üçün strateji proqramlar həyata keçirildi. Xarici sərmayələrin cəlb olunmasına şərait yaradıldı. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, ölkəmizin müstəqilliyi dünyada qəbul edildi. Xalq öz liderinə güvəndi və dövlətçilik ətrafında sıx birləşdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi faktiki olaraq dağılmaq təhlükəsindən xilas oldu. Bu tarixi hadisə xalqımızın müstəqil dövlət quruculuğu yolunda dönüş nöqtəsi idi.Onun siyasi uzaqgörənliyi sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı. Heydər Əliyev hər zaman qeyd edirdi ki, “Müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir.” O, bu çətin vəzifənin öhdəsindən layiqincə gəldi. Beləliklə, 3 oktyabr 1993-cü il Azərbaycan tarixində yalnız bir seçki günü deyil, həm də müstəqilliyimizin qorunub saxlandığı, dövlətçiliyimizin möhkəmləndiyi və xalqımızın gələcəyə inamla baxmağa başladığı gün kimi yadda qalmışdır.
Əgər həmin gün xalq öz iradəsini Heydər Əliyevin rəhbərliyinə ünvanlamasaydı, bəlkə də müstəqilliyimiz böyük təhlükə qarşısında qalardı. Məhz bu səbəbdən 3 oktyabr 1993-cü il hadisəsi Azərbaycan dövlətçiliyinin xilası və gələcək inkişafının təməli kimi tarixə düşmüşdür. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan öz inkişaf yolunu tapdı, müstəqilliyini qorudu və gələcək nəsillərə güclü dövlət miras qoydu.
Arifət Əhmədova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru.