
Ramin Məmmədov: Multikultural və tolerantlıq ənənələrini təşviq edən model tapmaq lazımdır
Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini, mədəni müxtəlifliyi qorumaqla, həm də ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaradıb. Bu siyasət müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün sosial və mənəvi məsuliyyətin sərhədlərini dəqiq müəyyən edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumun açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır. Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, simpoziumda aparılacaq elmi diskussiyalar təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacaq.
Komitə sədri əlavə edib ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edən model tapmaq lazımdır. Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm alətdir.