
Rəşadət dolu həyat
Gecənin sükutunu yeddi yaşlı uşağın divarlarda əks-səda verən səsi pozdu. Sanki ruhunu parçalayan bir boşluğun içindən gəlirdi bu hıçqırıq səsi. Ana tələsik otağa girdi, titrək əlləri ilə ona toxundu:
– Burdayam, – dedi – oğlum, burdayam. Yuxu görmüsən?..
– Atamı gördüm… Mən atamı istəyirəm… Ana, görəsən Allaha çox-çox dua etsəm, atamı geri gətirər?..
Və anasının sinəsinə sığındı. Hıçqırtılar azaldı, amma qəlbinin dərinliyindəki səs susmadı, heç vaxt susmayacaq da…
Atasının arzusunu yerinə yetirdi
Yağı düşmən təkcə vətən torpaqlarımızı yaralamadı, təkcə neçə-neçə nər igidlərimizin canına qıymadı, yüzlərlə, minlərlə ailənin ocağını söndürdü, gözləri yaşlı, ürəkləri nisgilli, intizarlı, həsrətli qoydu. Hər şəhidin arxasında sükuta qərq olmuş bir ev, gözü yaşlı, ürəyi dağlı ana, həyat yoldaşı, övlad qaldı. Düşmən yalnız torpağımızı deyil, ailələrimizin sevincini, ömrümüzün ən dəyərli parçalarını da bizdən aldı.
Vətənini öz həyatından üstün tutan şəhidlərimizin hekayəsi isə ayrı bir dastandır. O dastanlardan biri də Çevik Polis Alayının çavuşu Ramil Şirinovun həyat yoludur. Uşaqkən xəyal etdiyi arzuları, gənclik illərində qazandığı uğurları, son səfərinə gedərkən söylədiyi sözləri ilə o, yaddaşlarda silinməz iz buraxdı.
Şirinov Ramil Arif oğlu 1987-ci il avqustun 8-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ziyalı ailəsində anadan olub. İlk təhsilini qəsəbədəki Rəhim Alışov adına tam orta məktəbində alıb. Daha sonra ailəsi ilə birlikdə Sumqayıta köçüb və təhsilini 12 saylı tam orta məktəbdə başa vurub.
Ramil hələ 18 yaşında ikən həyatının ən sərt sınağıyla qarşılaşır. Bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan və son günlərini yaşayan atası onu yanına çağırıb hara qəbul olduğunu soruşur. Atasının bu dünyadakı son gününün olduğunu hiss edən Ramil hələ cavablar çıxmasa da, onun nigaranlığına son qoymaq üçün Azərbaycan Texnologiya Universitetinə qəbul olduğunu deyir. Bu, onların son söhbəti olur. Bir neçə gün sonra nəticələr elan edilir və məlum olur ki, Ramil həqiqətən Azərbaycan Texnologiya Universitetinə qəbul olunub.
Universiteti bitirib, həqiqi hərbi xidmətə yollanır. Sonra bir müddət mülki işlərdə çalışır. Uşaqlıqdan idmanla məşğul olan Ramil həm intizamı, savadı, həm də fiziki hazırlığı ilə həmişə seçilir. Günlərin birində təsadüfən polis orqanlarına qəbulla bağlı elan görür, sənədlərini hazırlayıb müraciət edir. Sıra baxışı zamanı Ramil DİN rəhbərliyinin diqqətini cəlb edir və birbaşa nazirliyin Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı taboruna göndərilir.
O dünyadan gələn qonaq…
2017-ci ildə sevib-seçdiyi Aynur xanımla ailə həyatı qurur, Arif və Şəms adlı övladları dünyaya gəlir. Aynur xanım deyir ki, onu belə erkən itirəcəyini bilsəymiş, yenə də onu seçərmiş: “Heç küsmədik, incimədik biri-birimizdən. O qədər xoşbəxt idim ki… Heyif ki, xoşbəxtliyimiz uzun çəkmədi. O, mənim yalnız həyat yoldaşım deyildi, dostum, sirdaşım idi. Tanıdığım heç kimə bənzəmirdi, sanki bu dünyaya aid deyildi. Yanımda olanda dünya mənim idi. Hərdən düşünürdüm ki, ona, bizə nəsə olacaq… Qorxduğum başıma gəldi”.
Aynur Şirinova deyir ki, polis xanımı olmaq nə qədər qürurverici olsa da, bir o qədər çətin idi: “Ailəmiz üçün önəmli olan günlərdə, bayramlarda çox zaman yanımızda olmurdu. Ad günlərimizi çox vaxt bir neçə gün sonra qeyd edirdik. Onun evdə, yanımızda olması bizim üçün həmişə toy-bayram idi. Ramilin istirahət gününü səbirsizliklə gözləyib, uşaq kimi sevinirdik”.
2023-cü ilin sentyabrında Ramil deyib ki, yaxın günlərdə təlimə gedəcəklər. Elə o gündən Aynurun yuxuları ərşə çəkilib: “Bugünkü kimi yadımdadır. Sentyabrın 13-ü idi. Gecə 3-də qəfil oyandım, öz-özümə dedim ki, Ramilə bir şey olsa nə edərəm, necə yaşayaram, uşaqları necə böyüdərəm. Özü də evdə idi. O qədər ağırlıq vardı ki üstümdə…”
Şəhid xanımının həyat yoldaşı ilə son görüşü sentyabrın 18-də olub. İşdə olan xanımına zəng edib, Qarabağa gedəcəyini deyib. Aynur onu yola salmaq, çantasını hazırlamaq üçün evə gedib. “Sanki son sözlərini demək üçün çağırmışdı. Ağlaya-ağlaya gəldim, onu bir daha görməyəcəyimdən elə qorxurdum ki. Sağollaşıb qapıdan çıxanda arxaya dönüb gördü ki, ağlayıram. Dedi ki, “ağlama, üç günə qayıdacam…” Sözünü tutdu, düz üç gün sonra qayıtdı… Ramil gedəndən sonra heç yerə sığmırdım. Sanki dünya balacalaşıb bapbalaca olmuşdu. Həmin gün axşam telefonla düz 40 dəqiqə danışdıq. Həmişə iş vaxtı, yoldaşları yanında olanda bizimlə çox danışmazdı. Bu dəfə vəziyyətin fərqli olduğunu o da bilirdi”.
Sonuncu dəfə Füzulidə olublar. Ramil yazıb ki, telefonun enerjisi az olduğu üçün söndürür, bir də mənzil başına çatanda zəng edəcək.
Gözü yolda qalan var…
O gecə Aynurun gözünə yuxu getməyib. Səhər xəbərlərdə Xocavənd rayonu istiqamətində polislərin minaya düşdüyünü, şəhidlərimizin olduğunu oxuyub. Telefon əlindən yerə düşüb. Nigaran olsa da, məcbur işə getsə də, özünə yer tapa bilməyib. Həyat yoldaşları hərbçi olan iş yoldaşları bəzən günlərlə əlaqə yarada bilmədiklərini deyib, təskinlik veriblər. Məktəbin direktoru onu kabinetinə dəvət edəndə evə, övladlarına tələsib. Sanki dəhşətli xəbərdən qaçırmış kimi. Həyətlərinə çatanda onu Ramilin polis yoldaşlarının gözlədiyini görüb…
“Ramil şəhid olanda oğlumun hələ 5 yaşı tamam olmamışdı, 15 gün sonra ad günü olacaqdı. Qızım isə iki yaş yarımlıq idi. Nitq ləngiməsi var idi deyə, fikirlərini ifadə edə bilmirdi. Sadəcə, atasının şəkillərini qucaqlayıb yavaşdan ağlayırdı. Oğlum həmişə deyirdi ki, “atam mənim dünyamdır”. Onunla fəxr edirdi, qürur duyurdu. Əbəs deyilmiş”, – deyir şəhid xanımı.
Şəhid Ramil Şirinovun timsalında Azərbaycan polisinin qətiyyəti, peşəkarlığı və mərdliyi tarixə yazıldı. Onun göstərdiyi igidlik və qorxmazlıq gənclərimiz üçün örnəyə, xalqımız üçün qürur mənbəyinə çevrildi. Düşmənin 23 saat 43 dəqiqəlik müqaviməti məhz belə qəhrəman oğulların sayəsində puç oldu. Bu gün biz xalqımızın yenilməz iradəsi, ordusuna inamı, ölkəmizin rəhbərinin sərkərdəlik qüdrəti və Ramil kimi oğullarımızın canı bahasına qazandığımız qələbənin verdiyi qürur hissilə Qarabağımızda azadlığın, ədalətin və əbədi Zəfərin təntənəsini yaşayırıq.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”