Sənətini tezliklə Qubadlıda davam etdirəcək
Məcburi köçkün həyatı hər kəs üçün çətin sınaq dövrü idi. Lakin bu sınaqlar bəzən insanlarda güclü iradə, peşəyə sevgi və əmək əzmi formalaşdırır. Qubadlı rayonunun Mərdanlı kəndindən məcburi köçkün düşmüş Muxtar Nəriman oğlu Nəzərov da belə insanlardandır.
Hələ Qubadlıda yaşayanda bu peşəni öyrənmək üçün evlərinin yaxınlığında işləyən ayaqqabı ustasının yanında oturardı. Usta da ondakı həvəsi görüb ona sənətin sirlərini öyrədərdi. Sumqayıtda ilk illər zavodlardan hansısa birində işləmək istəyirdi. Amma özünün dediyi kimi, heç bir yerdə qərar tuta bilmədi.
2000-ci ildən ayaqqabı ustası kimi fəaliyyət göstərən Muxtar Nəzərov artıq 25 ilə yaxındır ki, bu sənətlə məşğuldur. O, hazırda Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən ayaqqabı təmiri köşkündə çalışır. Kiçik bir köşk olsa da, Muxtar ustanın əlləri ilə orada böyük işlər görülür, köhnə ayaqqabılar yenilənir. Muxtar usta işinə göstərdiyi dəqiqlik və səliqə ilə müştərilərinin rəğbətini qazanıb. Çünki onun üçün bu iş, sadəcə, bir qazanc vasitəsi deyil, həm də həyat tərzidir. O öz peşəsinə hörmətlə yanaşır, ona görə də müraciət edənlər ustanın həm peşəkarlığından, həm də insanlığından razılıq edirlər.
Tezliklə geri dönəcəkləri Qubadlıda da sənətini davam etdirəcək Muxtar usta kimi insanlar cəmiyyətimizdə dürüstlüyün və sənətə bağlılığın nümunəsidirlər.
Vaqif BABAYEV,
Qubadlı rayon sakini,
Sumqayıt