Sahibə Qafarova:Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir
Müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər barədə ideyaları qardaş ölkənin davamlı inkişafının əsasını təşkil edir.
Müasir dövrün görkəmli siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Qardaş Türkiyə yeni beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olmaqla, müstəqil və çoxvektorlu xarici siyasəti vasitəsilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.
O diqqətə çatdırıb ki, Yaxın Şərqdən başlamış Şərqi Avropayadək bir sıra böhranlı regionlarda Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir, bütün dünyada dərin hörmət və rəğbət doğurur. Türkiyənin diplomatiyası çeviklik və müdrikliyin rəmzi, səsi isə sülh, sabitlik və ədalətin sədasıdır.
Milli Məclisin sədri qeyd edib ki, Türk xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi iqtisadiyyat, elm, texnologiya, müdafiə sənayesi və digər sahələrdə heyrətamiz uğurların əldə edilməsinə gətirib çıxarıb.