
Sanae Takaiti Yaponiyanın Baş naziri seçilib
O, ölkə tarixində bu vəzifəni tutan ilk qadındır
Hakim partiyanın seçkilərdəki məğlubiyyəti, hökumət koalisiyasının dağılması və kabinetin istefası – Yaponiyada üçaylıq siyasi qeyri-sabitlik dövrü başa çatıb. Ölkənin yeni baş naziri var – ifrat-mühafizəkar millətçi baxışları ilə tanınan Sanae Takaiti.
Oktyabrın 20-də Yaponiya parlamenti Sanae Takaitini baş nazir seçib. O, ölkə tarixində bu vəzifəni tutan ilk qadındır. Yeni hökumət başçısının namizədliyini 465 deputatdan 237-si dəstəkləyib. O, artıq kabinetini formalaşdırmağa başlayıb.
Səsvermə onun hakim Liberal Demokrat Partiyasının yeni tərəfdaşı İnnovasiyalar Partiyası ilə hökumət koalisiyası yaratdığını elan etdikdən sonra baş tutub.
Sanae Takaiti, iyul ayında keçirilən seçkilərdə LDP-nin sarsıdıcı məğlubiyyətindən yaranan üç aylıq siyasi boşluğa son qoyaraq, istefa verən baş nazir Şiqeru İşibanı əvəz edəcək.
Cəmi bir il bu vəzifədə olan İşiba çərşənbə axşamı kabineti ilə birlikdə istefa verib.
Mühafizəkarlarla sağçıların yeni koalisiyası hələ də çoxluğa nail olmaq üçün parlamentdə kifayət qədər yerdən məhrumdur və istənilən qanunu qəbul etmək üçün isə digər müxalifət qruplarını öz tərəfinə çəkməli olacaq. Bu o deməkdir ki, Takaiti hökuməti qeyri-sabit və səmərəsiz olmaq riski daşıyır.
Takaiti bazar ertəsi İnnovasiyalar Partiyasının lideri və Osaka qubernatoru Hirofumi Yosimura ilə imzalanma mərasimində deyib ki, “siyasi sabitlik indi çox vacibdir – sabitlik olmasa, biz güclü iqtisadiyyat və ya diplomatiya qurmaq üçün tədbirləri irəli apara bilməyəcəyik”.
Srağagün iki partiya Takaitinin itrat-mühafizəkar millətçi fikirlərini əks etdirən koalisiya sazişi imzalayıb.
Razılaşma liberal demokratların çoxdankı tərəfdaşlarını – daha yumşaq, daha mərkəzçi mövqedən çıxış edən buddistlərin dəstəklədiyi “Komeyto” Partiyasını itirməsindən 10 gün sonra əldə edilib. Koalisiyanın dağılması Yaponiyada onilliklər boyu hakimiyyəti əlində saxlayan LDP-nin hökmranlığını təhlükə altına qoyub.
Sanae Takaiti 1961-ci ildə Nara prefekturasında doğulub. Anası polis zabiti, atası isə ofis işçisi olub.
Kobe Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
Tələbə ikən gələcək baş nazir xevi – metal musiqisi və motosikletlərlə maraqlanıb. Məzun olduqdan sonra o, ABŞ-də təcrübə keçərək demokrat konqresvumen Patrisiya Şröderin aparatında təcrübə qazanıb.
Takaitinin siyasi karyerası 1980-ci illərdə, ABŞ və Yaponiya arasında ticarət gərginliyi pik həddinə çatdıqda başlayıb. 1990-cı illərin əvvəllərindən bəri o, yalnız bir dəfə uduzaraq doqquz dəfə parlamentə deputat seçilib. Daha sonra Sindzo Abe hökumətində qısa müddət nazir vəzifələrində çalışıb.
Yeni baş nazirin iş qrafiki ilk bir neçə ayda kifayət qədər sıx olacaq. O, həftənin sonunda əsas nitqlə çıxış etməsi planlaşdırılır. Daha sonra Sanae Takaitini ABŞ Prezidenti Donald Trampla danışıqlar və regional sammitlər gözləyir.
Yeni baş nazir ictimai narazılığı aradan qaldırmaq üçün qiymət artımlarını dayandırmaq və dekabrın sonuna qədər iqtisadi stimullaşdırma tədbirləri hazırlamalıdır.
Onun mühafizəkar fikirlərini nəzərə alaraq, analitiklər hesab edirlər ki, Takaiti yeni vəzifəsində gender bərabərliyi və ya müxtəlifliyi təşviq etməkdən çəkinəcək.
O, Yaponiyada qadınların statusunu yaxşılaşdırmaq üçün tədbirlərə mane ola biləcək siyasətçi hesab olunur. Takaiti həmçinin İmperator Xrizantema taxtının mövcud olan yalnız kişi varislik xəttini dəstəkləyir və eynicinsli nikahlara, habelə qadınların evləndikdən sonra qızlıq soyadlarını saxlamaq hüququna qarşıdır.
Yaponiyanın tarixində ilk qadın baş nazirin, sui-qəsd nəticəsində öldürülən keçmiş hökümət başçısı Sindzo Abenin ordunu və iqtisadiyyatı gücləndirmək, eləcə də Yaponiyanın pasifist konstitusiyasına yenidən baxılması siyasətini davam edəcəyi gözlənilir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”