Şanlı Zəfərə aparan yol
Qubadlının azadlığı müharibənin taleyini həll etdi
Bu gün yalnız bir şəhərin azadlığı deyil, ordumuzun, xalqımızın birliyinin, gücünün təcəssüm etdiyi günlərdən biridir…
Uzun illər düşmən işğalında qalan şəhərə yenidən həyatın qayıtdığı gündür…
Qubadlı beş ildir ki, azaddır və dirçəliş yolundadır…
Prezidentin sərəncamına əsasən, bu gün Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
Vətən müharibəsində Zəngilanın işğaldan azad olunması ilə Qubadlıya gedən qələbə yolumuz açıldı. Azərbaycan Ordusunun əsgər və zabitləri bir qarış torpağı da düşmən tapdağında saxlamamaq üçün canlarından keçməyə də hazır idilər. Vətənə məhəbbət ordumuzu Qubadlı istiqamətindəki döyüş əməliyyatlarını da uğurla icra etməyə imkan verdi. Qubadlı döyüşlərində ilk olaraq şəhərə hakim olan yüksəkliklər nəzarətə götürülərək, Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər azad edildi. Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqurşaq kəndləri oktyabrın 23-də düşməndən təmizləndi. Daha sonra uğrunda bir neçə gün döyüşlərin davam etdiyi Qubadlı şəhəri də daxil olmaqla, rayonun 8 kəndi azadlığına qovuşdu. Vətən müharibəsi bitənədək isə rayonun 41 kəndi də düşmən tapdağından xilas edildi.
Tarixin izi ilə: Qubadlı və onun ətrafında yerləşən kəndlər XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil olub. 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra isə Zəngəzurun tərkibinə daxil edilib. Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Həmin vaxt rayonda 1 şəhər və 93 kənd olub. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfər idi. 1988-ci ildən başlayaraq, Ermənistan və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror aktları törədilib. 31 avqust 1993-cü ildə isə Ermənistan silahlı birləşmələri tərəfindən rayon işğal olunub.
Daha bir rayonda üçrəngli hilalımız dalğalandı
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qubadlıya ilk səfəri 2020-ci il dekabrın 23-də oldu. Dövlət başçısı üçrəngli bayrağımızı Qubadlıda da qaldıraraq rayonun işğaldan azad edilməsinin tarixi hadisə olduğunu vurğuladı.
Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə yenidən Qubadlıya səfər edən dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdi.
Səfər çərçivəsində dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşdü. Ölkə rəhbəri Qubadlı döyüşlərinin əhəmiyyətindən söz açdı: “25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”.
Prezident həmçinin Qubadlıda görülən quruculuq işlərindən də söz açdı: “…Qubadlı şəhəri demək olar ki, yerlə – yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.
Yenidənqurma və bərpa işləri
Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 25-də imzaladığı “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, bu gün Qubadlıda da yenidənqurma və bərpa işləri görülür. Digər işğaldan azad olunmuş rayonlarımız kimi, Qubadlı da əzəli sahiblərini qarşılamağa hazırlaşır.
Qubadlı şəhəri beynəlxalq hava limanlarının fəaliyyət göstərdiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Qubadlıda Zabuxçay su anbarı da tikilərək istifadəyə verilib.
Prezident İlham Əliyev tərəfindən Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlləri qoyulub.
Məhəllə şəhərin təsdiq edilmiş ümumi baş planına uyğun salınır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Əsası qoyulan Xanlıq kəndi Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi kəndin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. Xanlıq kəndində 4 mindən çox sakinin məskunlaşdırılması planlaşdırılıb. Mahruzlu kəndinə isə 2700-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.
Zilanlıda isə 2520 nəfərin yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.
Qubadlıda İşğal və Zəfər muzeyləri kompleksi – İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Park da tikilir. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək.
Qubadlı igidləri
Qubadlının düşmən tapdağından azad edilməsi üçün də şanlı Azərbaycan Ordusu qəhrəmanlıq nümunəsi göstərdi. İllərlə bu ərazilərdə möhkəmlənmiş düşmənin ayaqları birdəfəlik bu torpaqlarımızdan da kəsildi. Qubadlı şəhərinin azad olunması əməliyyatı bir neçə gün çəkdi. Rayon uğrunda döyüşənlər də tarixə yazıldı. Vətən müharibəsindən sonra Qubadlı uğrunda şəhidlik zirvəsinə ucalanlar da, qazilər də Ali Baş Komandan tərəfindən mükafatlandırıldılar. Prezident İlham Əliyevin sərəncamına əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 15212 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Sərhəddə düşmənə gözdağı verən bayrağımız
Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdən danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Qubadlı uğrunda döyüşlər Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri idi: “Bu istiqamətdə əməliyyatlar istər strateji, istərsə də psixoloji baxımdan, demək olar ki, qələbəyə aparan yolu xeyli yaxınlaşdırdı və sürətləndirdi. Qubadlının Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi ilə Zəngilanla birlikdə dövlət sərhədimizə nəzarətin böyük hissəsi bərpa edildi. Digər tərəfdən, Laçın və Şuşa istiqamətində əməliyyatlara mövqelər qazandıq. Bu döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin ruh yüksəkliyi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti qələbənin əsas təminatı idi.
A.Nağıyev vurğulayıb ki, Qubadlının işğaldan azad edilməsi ilə həm Ermənistanla sərhədə çıxış əldə edilib, həm də digər istiqamətlərdə döyüşlərdə ciddi mövqelər qazanılıb: “Otuz ilə yaxın işğal altında qalan torpaqların azad edilməsi Azərbaycan xalqına ruh yüksəkliyi, qürur gətirdi. Bu gün azad edilmiş torpaqlarda həyat yenidən canlanır, şəhər və kəndlərdə infrastruktur yenidən qurulur. Qubadlı artıq döyüş meydanı deyil, inkişaf, quruculuq meydanına çevrilib. Qubadlı Şəhəri Günü bizə həm də qəhrəmanlıq salnaməsini xatırladır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Komitə sədri bildirib ki, Qubadlı döyüşləri 44 günlük müharibənin ən mühüm strateji mərhələlərindən biri olaraq tarixə qızıl hərflərlə yazılıb. Döyüşlərdə əldə olunan qələbələr dünyaya göstərdi ki, Azərbaycan xalqı, döyüşçüsü mənəvi və psixoloji cəhətdən necə hazırlıqlıdırlar. Qubadlı artıq Ermənistanla sərhəddə yerləşən, Azərbaycan bayrağı dalğalanan azad torpaqdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun elə bir yeri yoxdur ki, orada bərpa və quruculuğun şahidi olmayaq. Azərbaycan dövləti öz gücü hesabına azad etdiyi torpaqları indi də öz hesabına yenidən qurur, dirçəldir. Həm də görülən işlər müasir standartlara tam uyğun və sürətli şəkildə həyata keçirilir. Çünki bu gün qarşıda duran prioritet məsələ həm də keçmiş məcburi köçkünlərin öz el-obalarına qayıdıb, orada firavan həyat sürməsidir. Qubadlı da çox keçməyəcək öz sakinlərini qarşılayacaq. Rayonda görülən geniş tikinti və quruculuq da bundan xəbər verir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”