
Sirli-sehirli payız ovqatı
Havadan payız qoxusu gəlir. Yay bizimlə sağollaşıb yerini
payıza verir. Payız da sevinə-sevinə ilk addımlarını ataraq heyranı olduğumuz təbiətin
gözəlliyinə özünəməxsus rəng qatır. Hər fəslin öz gözəlliyi, fərqli rəng
çalarları var. Payız fəslinin rəngləri isə daha gözəldir, daha füsunkardır,
sirli-sehirli bir aləmdir.
Payız gəlişini yağış, küləklə hiss etdirir. Yağışla, çiskinlə
yüklənmiş lay-lay buludlar bir göz qırpımındaca göy üzünə pərdə çəkir, havanın
gözü tutulur. Günəşi bizdən gizlədən buludlar bir-birinə çırpılaraq nərilti,
gurultu qoparıb, yeri-göyü silkələyir, ildırımlar çaxır.
İsti yay günlərində, bürkülü havalarda yağmayan yağış sanki
payızın gəlişindən ürəklənib çisələməyə başlayır. Havanın hərarəti azalır,
istiliyi öləziyir. Payızın gəlişini hiss edən Günəş də yavaş-yavaş bizdən
“üz döndərir”.
Payız gələndə ilk yada düşən məşhur mahnının sözləri olur:
“Payız gəldi, uçdu getdi quşlar…”. Mahnını dinlədikcə quşların uçub
getdiyinə, meşələrin onlarsız darıxacağına təəssüflənirik. Təəssüflənirik ki,
bir müddət quşların həzin nəğməsinə, cəh-cəhinə həsrət qalacağıq.
Sonra fikirləşirsən ki, o gedən quşlar gələn il qanad
çala-çala yuvalarına dönəcəklər. Amma yaşadığımız o günlər heç vaxt geri
qayıtmayacaq. Çünki ilk qədəmlərini atan payız ömrümüzün bir yayını da qovub
birdəfəlik bizdən uzaqlaşdırır. Ondan bizə yalnız isti, ilıq və acılı-şirinli
xatirələr qalır. Kim bilir, bəlkə də bu isti, ilıq xatirələr nə vaxtsa qəlbimizi
üşüdəcək, ürəyimizi titrədəcək.
Payız fəsli həmişə insanlar üçün sirli-sehirli, rəngarəng və
bənzərsiz olub. Payız küləyi, yağışı və küləyi ilə təbiətin əynindən yaşıl
donunu çıxarır. Yayda coşub-çağlayan, yerə-göyə sığmayan, ətrafa meydan oxuyan
təbiət yavaş-yavaş əllərini qaldırıb payıza təslim olur, qızılı paltara
bürünür. Bu paltar ona elə yaraşır ki, elə bil əyninə biçilib. Bu geyimdə payız
təbiətin sarı paltarlı nazlı, qəmzəli gəlininə bənzəyir.
Payızın gəlişini hamıdan tez meşələrin yaraşığı, yaşıl
örtüklü ağaclar hiss edir. Onun nəfəsini duyan kimi müdrikcəsinə dərin fikrə gedir.
Bəlkə də elə fikir çəkməkdəndir ki, yavaş-yavaş yarpaqlarına xal düşür,
saralmağa üz qoyur. Payızın soyuq günləri ötüb keçdikcə ağaclar rəngarəng
libasa bürünür. Elə bil bu geyimdə onlar daha müdrik görünür. Yarpaqlar
saraldıqca zəifləyib gücdən düşürlər. Çılpaq qalmış ağaclar yavaş-yavaş qış
yuxusuna gedirlər. Sirli-sehirli təbiət xəyala dalır, ətrafa sakitlik çökür. Nə
quşların nəğməsi, nə də cırcıramaların səsi eşidilir.
Yağışı, küləyi ilə qapımızı döyən payız yaradıcı adamlara
ilham gətirir, onlara təzə ruh, təzə nəfəs və həvəs verir. Payız yaradıcı
insanlara yeni mövzular bəxş edən fəsildir.
Şairlərin ən çox sevdiyi, vəsf etdiyi, nəzmə çəkdiyi də elə payız deyilmi?
Onlar bu fəsildə daha çox payız qoxulu şeirlər yazırlar. Bu fəsildə yazılan
şeirlərin çoxunda payızın rəngi, ilıq ovqatı var. O ovqat ki, daim bizi
yaşamağa ruhlandırır, əlimizdən tutub üzü sabahlara aparır. Rəssamların çəkdikləri
əsərlərin də çoxu payıza həsr olunur.
Payız küləkləri dərin yuxuya getmiş düşüncələri oyadır.
Yayın bürküsündən təngə gəlib tıncıxan
yaradıcı insanlar payızda daha çox yazıb-yaratmağa maraq göstərirlər. Bəlkə də
elə buna görə də çoxları payızın gəlişini intizarla gözləyir. Bu baxımdan payız
həm də sevib-sevilənlərin xoşbəxtliyə qovuşduğu, arzuların çiçək açdığı toylar
fəsildir.
Üzümüzü güldürən payızın insan ömrünə də bənzəri var. Bu fəsildə
ağacların yarpaqları saralıb töküldüyü kimi, insanların da düşüncələri saralıb
xatirəyə dönür, söz-söz vərəqlər üzərinə səpələnir. Nədənsə, bu fəsildə xəyallara
daha tez-tez dalaraq keçmişimizi, arxada qalmış günlərimizi xatırlayırıq. Belə
anlarımızda düşüncələrimizlə, fikirlərimizlə baş-başa qalırıq.
Payız mübarək gəlişi ilə insanların üzünə rənglər dünyasının
qapılarını geniş açır. Qırmızı, sarı, yaşıl, çəhrayı – daha hansı rənglər olmur
payızda. Gördüyümüz və zövqümüzü oxşayan bu rənglər bizi xoş günlərə səsləyir.
Qızılı payız gəlişi ilə neçə-neçə ailələrə sevinc bəxş edir.
Evlərdən körpə qığıltısı ilə bərabər, ana laylası da eşidilir. İnsanların üzü
gülür, könüllərinə sevinc tökülür. Belə gözəl anlarda insanlar sabahlara böyük
ümid və arzularla boylanırlar.
Anlayırıq ki, təki gələn fəsillərin payızı olsun. Ömrümüzün
payızı gəlməyə tələsməsin, ləngisin, yubansın. Qoy ömür karvanımız aram-aram öz
yolu ilə davam etsin. Heç vaxt yollarda büdrəyib yıxılmasın, çarəsiz dərdlərə
düçar olmasın. Payız ömrümüzə yalnız xoş günlər gətirsin.
Qədəmlərin mübarək!
Vahid MƏHƏRRƏMOV,
“Azərbaycan”