
Siyasi iradəni, qələbələrimizi və dövlətçilik ənənələrimizi yaşadan tarix
Tarix boyu xalqların öz taleyinə sahib çıxaraq, müstəqil və inkişaf edən dövlət qurması onların ən böyük nailiyyəti olub. Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində üzləşdiyi çağırışlara, işğala, məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmi sarsılmamış, heç bir qüvvə buna mane ola bilməmişdir.
1990-cı illərin əvvəlində Ermənistan BMT-nin Nizamnaməsini, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq torpaqlarımızı işğal etmiş, soyqırımı, etnik təmizləmə, ekosid və urbisid cinayətləri törətmişdir.
2018-ci ildə dəyişən Ermənistan hökuməti də münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Bu ölkənin yeni işğalçılıq planlarının və təxribatlarının qarşısının alınması məqsədilə 5 il öncə – sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin misilsiz liderliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti sayəsində Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. İşğal altındakı ərazilərimizin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər.
44 günlük müharibədə məğlub olan Ermənistan sülh müzakirələrinə başlamaq niyyətini nümayiş etdirmədir. BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və suveren dövlət daxilində qəbuledilməz idi. Bununla yanaşı, ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edir, militarist bəyanatlar səsləndirirdilər.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma qurumun növbəti təxribatlarının qarşısının alınması, Ermənistanın ərazilərimizi tərk etməyən silahlı qüvvələrinin qalıqlarının tərk-silah olunaraq torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ordumuz tərəfindən antiterror tədbirlərinə başlanıldı. Bir sutkadan da az davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində qəhrəman Azərbaycan Ordusu bütün hədəfləri yüksək peşəkarlıqla icra etdi. Parlaq Zəfər nəticəsində suverenliyimiz tam bərpa edildi və dövlət bayrağımız artıq bütün ərazilərimizdə əzəmətlə dalğalandırıldı.
Öz həyatını xalqına həsr etmiş, Vətənimizin daim çiçəklənən və qüdrətli bir ölkə olması naminə əzmkarlıqla və yorulmadan çalışmış, müasir və müstəqil Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin mükəmməl liderliyi sayəsində son 80 ildə heç bir dövlətə nəsib olmayan tam qələbəyə nail olduq. Düşməni torpaqlarımızdan qovaraq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri və ədaləti döyüş meydanında bərpa edərək, BMT-nin məlum 4 qətnaməsi və BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan regionumuzun siyasi, iqtisadi, hərbi-təhlükəszilik arxitekturasını dəyişdi və dayanıqlı inkişaf üçün əlverişli şərait yaratdı. Cənab Prezident İlham Əliyevin ədalətə və beynəlxalq hüquqa əsaslanan, regionun gələcək inkişafına hesablanmış sülh modeli əsasında əldə olunan razılaşmalar dünyanın aparıcı dövləti – ABŞ-nin paytaxtı Vaşinqtonda bu ilin 8 avqust tarixində təsdiq edildi, beynəlxalq ictimaiyyət tərəfindən təqdir olundu və alqışlandı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edildi. Bu sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətini bir daha nümayiş etdirir.
Dövlətçilik tariximizdə daha bir mühüm hadisə isə Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsidir.
Suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Konstitusiya və suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır. Dövlət Suverenliyi Gününün təsis edilməsi və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin dövlətçilik ənənələrinin möhkəmlənməsi, suverenlik anlayışının daha dərindən dərk olunması və müasir dövrdə Azərbaycan dövlətinin öz yolunu qətiyyətlə davam etdirməsinin simvoludur.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.
Xalq yalnız birlik, qətiyyət və uzaqgörən siyasət sayəsində öz müstəqilliyini əbədi və dönməz edə bilər və məhz bu baxımdan Dövlət Suverenliyi Günü gələcək nəsillərə bir mesajdır. Bu sadəcə bir əlamətdar gün deyil, bu tarix həm də böyük qələbələrin, siyasi iradənin və dövlətçilik ənənələrinin bayramıdır. Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti və bu siyasi kursu son dərəcə uğurla davam etdirən Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində müstəqilliyini qoruyub saxlamaqla yanaşı, dövlət suverenliyini möhkəmləndirərək, regionda və dünyada nüfuzlu, etibarlı tərəfdaşa çevrilmişdir. Məhz bu siyasətin nəticəsində Vətənimiz Azərbaycan gələcək illərdə daha da güclənərək, qlobal miqyasda davamlı və hərtərəfli inkişafına nail olan dövlət olacaqdır.
Zaur ŞÜKÜROV,
Milli Məclisin deputatı