Şuşada dalğalanan üçrəngli bayraq bərpa və dirçəlişin rəmzinə çevrildi
8 Noyabr – xalqımızın tarixində qızıl hərflərlə
yazılmış Zəfər Günü, dövlətçilik salnaməmizin ən şərəfli və möhtəşəm səhifələrindən
biridir.
Bu Qələbə əsrlərlə formalaşan azadlıq
ideallarının, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun,
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, dəmir iradəsinin, eləcə də
xalq–ordu birliyinin parlaq təntənəsidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin müdrik rəhbərliyi, qəhrəman Ordumuzun rəşadəti və xalqımızın sarsılmaz
birliyi nəticəsində otuz illik işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa
edildi. Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi tarixi ədaləti bərpa
etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti
hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına
başladı.
44 gün davam edən bu mübarizə Müzəffər Ali Baş
Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun igidliyi və
xalqımızın birliyi ilə tarixə yazıldı.
Azərbaycan Ordusu bir çox şəhər və kəndlərimizi
— Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşanı və nəhayət, Şuşanı
azad edərək xalqın illərlə həsrət qaldığı torpaqları geri qaytardı.
8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbəri
bütün ölkəni misilsiz sevinc dalğasına qərq etdi. Prezident İlham Əliyevin Şəhidlər
xiyabanından xalqa verdiyi xoş xəbər və səsləndirdiyi bu sözlər:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!” –
Azərbaycan tarixinə əbədi həkk olundu.
Bu Qələbə illərlə qurulmuş güclü iqtisadi əsasların,
müasir ordunun, vətənpərvərlik ruhunun və xalq–iqtidar birliyinin nəticəsi idi.
Eləcə də Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, dönməzdir,
sarsılmazdır!” kəlamının gerçəkləşməsi idi. “Dəmir Yumruq” əməliyyatı düşmənin
hərbi qüvvəsini məhv etməklə yanaşı, onların illərlə yaratdıqları “məğlubedilməzlik”
mifini də tamamilə darmadağın etdi.
Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni
və 286 kəndi düşməndən azad etdi.
8 noyabrda Şuşanın azad edilməsindən sonra Ermənistan
2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin sənədə
əsasən, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə atmadan Azərbaycana
qaytarıldı və bu torpaqlarda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalandı.
Beləliklə, Azərbaycan dövləti müharibəni təkcə
döyüş meydanında deyil, həm də siyasi-diplomatik müstəvidə parlaq şəkildə
qazanmış oldu.
Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə
atmadan geri qaytarılması Prezident İlham Əliyevin yüksək diplomatik məharətinin,
strateji uzaqgörənliyinin və qətiyyətli liderliyinin ən bariz təzahürlərindən
biri kimi tarixə yazıldı.
Vətən müharibəsi həm də liderlik məktəbi kimi
tarixə düşdü.
Prezident İlham Əliyev döyüş meydanında Ali
Baş Komandan, diplomatik müstəvidə siyasi lider, informasiya cəbhəsində isə
haqq səsinin carçısı kimi çıxış etdi. Dünya mediasına verdiyi 30-dan çox
müsahibə ilə Azərbaycanın ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı.
Bu Zəfər Prezident İlham Əliyevin uzaqgörən və
məqsədyönlü dövlətçilik kursunun parlaq və məntiqi nəticəsi idi. İllər ərzində
möhkəm iqtisadi baza yaradılmış, müasir ordu formalaşdırılmış, Azərbaycanın
beynəlxalq aləmdə diplomatik nüfuzu yüksəlmiş və milli həmrəyliyin sarsılmaz təməli
qoyulmuşdu.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il
tarixli Sərəncamı ilə 8 Noyabr – Zəfər Günü dövlət bayramı elan edildi. Bu
tarix xalqın qəhrəmanlığının, dövlətin qüdrətinin və milli birliyin simvoluna
çevrildi.
Qələbədən dərhal sonra dövlətimiz azad edilmiş
torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı.
Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən
ağıllı şəhər və kənd layihələri, inşa olunan müasir yollar, enerji
infrastrukturu, məktəblər, sosial obyektlər və Qarabağ Universiteti bu
torpaqlarda həyatın sürətlə bərpa olunduğunu və bölgənin dayanıqlı inkişaf
yoluna qədəm qoyduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin “Biz bu torpaqlara həyat
gətiririk, qururuq, yaradırıq. Qarabağ və Zəngəzur Azərbaycanın yeni siması
olacaq” sözləri bu siyasətin istiqamətini aydın ifadə edir.
Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin olunur və artıq azad edilmiş ərazilərdə
50 mindən çox insan yaşayır, işləyir, təhsil alır.
2021-ci il yanvarın 14-də Şuşada dalğalanan
üçrəngli bayraq bərpa və dirçəlişin rəmzinə çevrildi. “Zəfər Yolu” salındı,
tarixi abidələr bərpa edildi, Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri
öz doğma yerlərinə qaytarıldı.
Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət
paytaxtı, 2022-ci ildə “Şuşa İli”, 2023-cü ildə Türk dünyasının mədəniyyət
paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Bu
qərarlar Azərbaycanın mədəni diplomatiyasının və beynəlxalq nüfuzunun təntənəsidir.
2023-cü ilin sentyabrında həyata keçirilən
lokal antiterror əməliyyatı Azərbaycanın suverenliyini tam bərpa etdi. Cəmi bir
sutka ərzində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatçılığa
son qoyuldu.
15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev
Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər şəhərlərdə üçrəngli bayrağımızı
ucaldaraq Azərbaycanın tam suverenliyini bütün dünyaya bəyan etdi.
Ulu Öndər Heydər Əliyevin “Şuşasız Qarabağ,
Qarabağsız Azərbaycan yoxdur” kəlamı bu Qələbə ilə reallığa çevrildi. Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasət, Ulu Öndərin siyasi kursunun davamı
kimi, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və ölkəmizi regionda
sülhün, sabitliyin və təhlükəsizliyin aparıcı qüvvəsinə çevirdi.
Bu gün Zəfərimizin rəmzləri olan Vətən Müharibəsi
Memorial Kompleksi, Zəfər Muzeyi və Zəfər Parkı xalqımızın qəhrəmanlıq salnaməsini
əbədiləşdirir. Qardaş Türkiyənin və digər dost ölkələrin göstərdiyi dəstək isə
Qələbəmizin beynəlxalq əhəmiyyətini daha da artırdı.
8 Noyabr – Zəfər Günü artıq hər il xalqımızın
birliyinin, qürurunun və qəhrəmanlığının bayramı kimi qeyd olunur. Bu Qələbə ilə
Azərbaycan yalnız torpaqlarını azad etmədi, həm də öz tarixi ədalətini, milli
qürurunu və dövlət nüfuzunu bərpa etdi.
Bu gün Azərbaycan güclü dövlət, qalib xalq
obrazı ilə inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin
“Nəyi, necə, nə vaxt etmək lazımdır – bunu mən bilirəm” sözləri bu inamın və
liderlik iradəsinin birmənalı ifadəsidir.
Zəfərimiz əbədi, müstəqilliyimiz sarsılmaz,
xalqımızın birliyi isə daimidir.
8 Noyabr – Zəfər Günü Azərbaycanın milli
qürurunun, dövlət müdrikliyinin və tarixi ədalətin əbədi təntənəsidir.
Mahir SÜLEYMANLI,
Milli Məclisin deputatı