
Suverenliyin ilkin şərtləri: Müstəqil siyasət, güclü iqtisadi konsepsiya
2003-cü ilin 15 oktyabrından etibarən ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu proseslərinin, sosial-iqtisadi inkişafın, ordu quruculuğunun, həmçinin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi istiqamətində aparılan ardıcıl fəaliyyətin növbəti mərhələsi Ulu Öndərin siyasi varisi və layiqli davamçısı, Prezident İlham Əliyevin missiyası ilə bağlı olmuşdur.
Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan köklü islahatların birinci mərhələsi 18 mart 2009-cu ilədək (Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum) davam etmiş, bu dövr, əsasən, demokratik islahatların, dövlət quruculuğu proseslərinin davam etdirilməsi ilə səciyyələnmişdir. Bu mərhələdə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi, həmçinin ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər keçid dövrünün 2009-cu ildə başa çatdığını təsdiqləyən mühüm göstəricilər kimi qiymətləndirilə bilər.
Cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə ölkəmizin sosial-iqtisadi həyatında böyük irəliləyişlər baş vermis, rəhbərliyinin təkcə ilk on ili ərzində iqtisadiyyat 3,4 dəfə, dövlət büdcəsi 19 dəfə artmış, iqtisadiyyata təqribən 110 milyard manat həcmində sərmayə yönəldilmişdir.
2003-2013-cü illər ərzində ölkənin nəqliyyat-kommunikasiya infrastrukturu da əhəmiyyətli şəkildə inkişaf etdirilmişdir. Beynəlxalq hava limanları, yeni avtovağzal kompleksləri və metro stansiyaları istifadəyə verilmiş, çoxsaylı körpülər, avtomobil yolları inşa edilmiş, qaz, su, elektrik xətləri çəkilmiş, Azərbaycanın ən ucqar kəndlərində də müasir infrastruktur qurulmuşdur. Həmçinin əhalinin sosial müdafiəsi və təminatına yönəlmiş xərclər artmış, vətəndaşların gəlirləri, əməkhaqları və pensiyaları bir neçə dəfə yüksəlmişdir. 2004-cü ildən başlayaraq, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla icra edilmiş və bu istiqamətdə görülən işlər tarixi nailiyyətlərlə müşayiət olunmuşdur.
Erməni təcavüzünün nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşların sosial problemlərinin həlli üçün çoxsaylı fərman və sərəncamlar imzalanmış, müvafiq dövlət proqramı və əlavələr qəbul edilmişdir. Məcburi köçkünlərin yaşadığı çadır düşərgələri və “fin tipli” qəsəbələr ləğv edilərək onların yerinə yüksək standartlara cavab verən yaşayış binalarından ibarət qəsəbələr və məhəllələr inşa edilmişdir. Bu insanların həyat şəraitinin yaxşılaşdırılması və məşğulluq imkanlarının təmin edilməsi üçün ardıcıl tədbirlərdə həyata keçirilmişdir.
2004-cü ildən etibarən sonrakı 9 il ərzində ölkədə 1 milyon 600 mindən artıq yeni iş yeri açılmış, işsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biri – 5 faiz civarında, yoxsulluq isə 5-6 faiz səviyyəsində olmuşdur.
2009-cu ildən etibarən isə cənab İlham Əliyevin prezidentliyi hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsi mərhələsinə daxil oldu. Bu dövr dövlət idarəetməsində institusional inkişaf, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və idarəetmədə şəffaflığın artırılması ilə səciyyələndirilir. 21 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin olunması da dövlət idarəçiliyində davamlılığı və möhkəm strukturların formalaşmasını təmin edən strateji addımdır.
Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr hər cəhətdən Azərbaycanın intibahı dövrüdür, bu intibah dövlət və vətəndaş birliyinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu prosesin əsas dayağı ölkə rəhbərinin strateji və yaradıcı vizyonu, eləcə də Azərbaycan vətəndaşlarının dövlət başçımızın yürütdüyü siyasətə dəstəyi olmuşdur. Bu dövr eyni zamanda Azərbaycan siyasi-mədəni həyatında xalq və hakimiyyət birliyinin yeni, daha məhsuldar epoxasının başlanğıcını təşkil etmişdir.
Prezident İlham Əliyev milli həmrəyliyin möhkəmlənməsinə, dövlət müstəqilliyinin və ideoloji əsasların gücləndirilməsinə, həmçinin beynəlxalq aləmdə milli maraqların qorunmasına nail olmuşdur. Onun siyasi fəaliyyəti rasional davranış modeli və analitik təhlilə əsaslanan, milli məqsədlərə xidmət edən praqmatik realizm nümunəsi təqdim etmiş, siyasi mədəniyyət və milli etik standartların təkmilləşdirilməsinə töhfə vermişdir. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu novator yanaşmalarla daha da zənginləşdirərək, müasir dünya siyasi mədəniyyətində öz üslubunu formalaşdırmışdır.
Azərbaycanın iqtisadi inkişafı və milli dövlətin tərəqqisi prosesi ardıcıl xarakter aldıqca dövlətimizin beynəlxalq mövqeyi və strateji əhəmiyyəti də əhəmiyyətli dərəcədə artmışdır. Ümummilli Liderin neft strategiyası cənab İlham Əliyevin dövründə müasir çağırışlara uyğun təkmilləşdirilmiş, enerji infrastrukturu gücləndirilmiş və Azərbaycan Avropanın alternativ enerji təchizatçısına çevrilmişdir. Bu inkişaf valyuta ehtiyatlarının artmasına, sosial-iqtisadi proqramların icrasına və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə şərait yaratmışdır.
Beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu İlham Əliyevin şəffaf və hesablanmış siyasəti sayəsində möhkəmlənmiş, ölkə etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycan qlobal tədbirlərin, o cümlədən Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq, “Eurovision”, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1”, COP29 və sairə bu kimi beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir.
Azərbaycanın geostrateji potensialının tam istifadəsi məqsədilə Prezident İlham Əliyev regionda irimiqyaslı iqtisadi layihələrə rəhbərlik etmişdir. Ölkə enerji resurslarının dünya bazarlarına çıxarılmasını təmin edən Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, həmçinin “Cənub qaz dəhlizi” çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri uğurla həyata keçirilmişdir. Bununla yanaşı, Azərbaycan Bakı-Tbilisi Qars dəmir yolu xətti kimi qlobal əhəmiyyətli layihələrlə nəqliyyat-logistika mərkəzinə çevrilərək Şərq-Qərb və Şimal-Cənub qovşaqlarında regional əməkdaşlıq üçün strateji platforma təmin etmişdir.
Bu bütün inkişaf mərhələləri Prezident İlham Əliyevin şəxsi liderliyi, strateji düşüncəsi və sistemli icra qabiliyyəti nəticəsində reallaşmışdır və Azərbaycanı həm regional, həm də qlobal siyasətdə söz sahibi olan etibarlı bir dövlət kimi möhkəmləndirmişdir.
Böyük dövlət xadimi İlham Əliyevin prezidentliyi Azərbaycanın xarici siyasətində də yeni mərhələni təmsil edir. Bu mərhələ özündən əvvəlki dövrün təməlləri üzərində qurulmuş və onları daha da dərinləşdirərək, xarici siyasətin məzmun və əhatəliliyini genişləndirmişdir. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının xarici siyasətinin əsas məqsədləri dövlətin müasir, rəqabətədavamlı və dayanıqlı iqtisadi-mədəni struktura malik ölkəyə çevrilməsindən, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasından, Azərbaycanın beynəlxalq enerji, nəqliyyat-kommunikasiya və tranzit mərkəzlərindən birinə çevrilməsindən, vətəndaşların rifahının yüksəldilməsi üçün əlverişli beynəlxalq şəraitin yaradılmasından ibarət olmuşdur.
Bu məqsədlərin həyata keçirilməsi üçün çevik, tarazlaşdırılmış və səmərəli xarici siyasət xətti müəyyən edilmiş, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxsaylı xarici səfərləri, beynəlxalq platformalarda fəal iştirakı, Azərbaycanın qəbul etdiyi beynəlxalq nümayəndə heyətləri ölkənin xarici siyasətinin dinamikliyini və effektivliyini nümayiş etdirmişdir.
Ötən onilliklər ərzində ölkəmizdə keçirilmiş ikitərəfli, regional və beynəlxalq toplantılar, həmçinin Azərbaycan tərəfinin dövlətlərarası ziddiyyətlərin həllində vasitəçilik fəaliyyəti ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirmiş, qlobal səviyyədə rolunu artırmışdır. Bu dövr Azərbaycanın diplomatik imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrin dərinləşdirilməsi baxımından son dərəcə strateji əhəmiyyət daşıyır.
Azərbaycanın bu mərhələdki xarici siyasətində ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi mühüm yer tutur. 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikası 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə layiqli qələbə qazanmışdır. Bu zaman Azərbaycanın BMT üzvü olan 193 dövlətdən 155-nin səsini toplaması böyük nəticə idi. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyü 2012-ci il yanvarın 1-dən 2013-cü il dekabrın 31-nə qədər davam etmiş, bu müddət ərzində Azərbaycan dünya siyasətini müəyyən edən 15 dövlətdən birinə çevrilmiş, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi də diqqəti çəkmişdir.
Azərbaycan 2011-ci ilin mayından Qoşulmama Hərəkatının da tam hüquqlu üzvü olmuş, 2019-2023-cü illərdə isə BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan bu quruma uğurla sədrlik edərək Qoşulmama Hərəkatının institusional inkişafına, qlobal güc mərkəzi kimi təsir imkanlarını artırmasına misilsiz töhfələr vermişdir.
Bu illərdə Azərbaycanın xarici siyasət prioritetlərinin ən mühümü, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələləri ilə bağlı olmuş, güclü ordu quruculuğuna paralel şəkildə ölkəmiz münaqişənin insan itkilərinə, yeni faciələrə yol vermədən həlli üçün sülh prinsiplərinə sadiq qalmış, danışıqlar prosesi cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də səbir və təmkinlə davam etdirilmişdir.
2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair təkliflər paketi hazırlamış və bu sənəd “Madrid prinsipləri” adı ilə tarixə düşmüşdür. Onun ilkin versiyası tərəflərə təqdim edilmiş, 2009-cu ilin sonunda isə yenilənmiş variantı hazırlanaraq müzakirəyə çıxarılmışdır. Hər iki sənəd münaqişənin mərhələli nizamlanmasını nəzərdə tutur, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını, kommunikasiya xətlərinin bərpasını və digər mühüm elementləri əhatə edirdi. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən bu dəfə də gözlənilən nəticə əldə olunmamışdır.
Sonrakı mərhələdə keçirilən görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə dialoqun davam etdirilməsi barədə razılığa gəlmiş, problemin humanitar aspektlərinə xüsusi diqqət yetirmişlər. Bununla belə, danışıqların intensivləşməsi və prosesin Ermənistanın maraqlarına uyğun inkişaf etməməsi fonunda qarşı tərəf hərbi təxribatlara əl ataraq siyasi dialoqu pozmağa çalışmışdır. Xüsusilə, Fransanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 27-də keçirilmiş Paris görüşündən dərhal sonra Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40 min nəfərdən artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirmişdir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təmas xəttində hücum xarakterli uçuşlarla təxribat törətməsi danışıqlar prosesinin intensivliyinin azalmasına səbəb olmuşdur. Bunun nəticəsində iki ölkə rəhbərləri arasında dialoq yalnız 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilmişdir.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə bağlı konkret planların müzakirə edildiyi bir vaxtda Ermənistan silahlı qüvvələri yenidən təxribat xarakterli addımlara əl atmışdır. Belə ki, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri intensiv atəşə tutulmuşdur. Bu hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 6 nəfər mülki şəxs həlak olmuş, 33 nəfər isə ağır yaralanmışdır.
Ermənistan 2017-ci ildə də siyasi və hərbi təxribatlarını davam etdirmiş, iyun və iyul aylarında, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini intensivləşdirdiyi və beynəlxalq ictimaiyyətin substantiv danışıqlara dair çağırışlarının gücləndiyi bir şəraitdə, Ermənistan tərəfi qoşunların təmas xətti boyunca vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə cəhd göstərmişdir. Ermənistan silahlı birləşmələri ağır artilleriya vasitələrindən istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və mülki əhalinin yaşadığı məntəqələri intensiv atəşə tutmuşdur.
Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyi dəstəklənmişdir. Bu sənədlər münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkünlüyünü bir daha təsdiq etmişdir.
2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi. Tərəflər arasında imzalanan 9 noyabr sənədinə əsasən, Ermənistan və Dağlıq Qarabağ arasında əlaqəni Azərbaycan ərazisindən – Laçın üzərindən qurmalı idi. Ermənistan və Dağlıq Qarabağın qondarma rejimi bu yoldan sosial problemlərini həll etməkdənsə, Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına ara vermədi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün qeyd edilməsi Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir.
Biz həm qalib xalq kimi, həm Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi kimi xoşbəxt insanlarıq. Həm də ona görə xoşbəxt insanlarıq ki, yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini,tarix üzrə fəlsəfə doktoru