Türk Akademiyası Azərbaycanın Vətən müharibəsi haqqında qazax dilində kitab nəşr etdirib
Azərbaycanda Zəfər Günü münasibətilə Türk Akademiyası qazax dilində “Azərbaycanın Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili (27 sentyabr – 10 noyabr 2020)” adlı kitab nəşr etdirib.
AZƏRTAC Türk Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, nəşrdə 44 günlük İkinci Qarabağ müharibəsinin sənədli xronikası əhatə olunur və Azərbaycan xalqının ədalətli mübarizəsi hərtərəfli şəkildə işıqlandırılır.
Kitabda, həmçinin Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbləri, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli səyləri, Milli Ordunun yaradılması və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının əsas aspektləri araşdırılır.
Xüsusilə İkinci Qarabağ müharibəsinin diplomatik aspektlərinə, Azərbaycanın tarixi Qələbəsinin geosiyasi nəticələrinə və İlham Əliyevin Qarabağın müharibədən sonra həyata keçirdiyi sosial-iqtisadi dirçəliş strategiyasına diqqət yetirilir.
Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev nəşrə ön sözündə qeyd edib ki, Qarabağdakı Qələbə təkcə Azərbaycan xalqının Zəfəri deyil, həm də bütün Türk dünyası üçün ortaq sevinc və qürur mənbəyidir.
“Türk Akademiyası adından Azərbaycan xalqının böyük Qələbəsi haqqında etibarlı mənbə olan bu əsəri Qazaxıstan oxucularına təqdim etməkdən məmnunam. Əminəm ki, bu kitab türk xalqlarının ortaq taleyi, vahid missiyası və gələcək əməkdaşlığı kontekstində mühüm töhfə olacaq”, – deyə Şahin Mustafayev vurğulayıb.
Kitabın tam versiyası Türk Akademiyasının rəsmi saytında yerləşdirilib.