
Türkiyənin iqtidar partiyasının sədr müavini: 20 Sentyabr tarixi Azərbaycanın milli iradəsinin rəmzidir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, K.Zorlu sosial şəbəkədəki paylaşımında 20 sentyabr tarixini “qardaş Azərbaycanın tarixində mühüm səhifə” və “Azərbaycan xalqının milli iradəsinin simvolu” adlandırıb.
“Bu gün işğaldan azad olunmuş Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də Şəhər Günü qeyd olunur. Bu əlamətdar gündə Azərbaycan xalqını suverenlik münasibətilə təbrik edir, öz ölkəsinin azadlığı uğrunda döyüşmüş qəhrəmanların xatirəsini hörmətlə anırıq”, – deyə paylaşımda qeyd olunub.