Üçtərəfli Bəyanat Azərbaycanın qalib, Ermənistanın məğlub olduğunu təsdiq etdi
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlandı. Uzun illərdən bəri susan silahlar bir an içində alov saçdı. Yer-göy atəş səslərinə büründü. Qəflətən mövqelərimiz üzərinə hücuma keçən işğalçılar ölkəmizin yeni ərazilərini ələ keçirməyə çalışırdılar. Amma Azərbaycan Ordusunun igid zabit və əsgərləri işğalçıların hücumlarını qətiyyətlə dəf edərək onların çirkin arzularını gözlərində qoydular.
Düşmən təxribatının qarşısı alınandan sonra yüksək komandanlığın əmri ilə uzun illərdən bəri erməni işğalında qalmış torpaqlarımızın azad olunması məqsədilə əks-hücum əməliyyatlarına başlanıldı. Şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri müharibənin elə ilk günlərindən qəsbkarlara sarsıdıcı zərbələr vuraraq bütün istiqamətlərdə irəliləməyə, zəfərlər qazanmağa müvəffəq oldular.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə Ermənistanın işğalı altında qalmış torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun başladığı genişmiqyaslı əks-hücum əməliyyatlarında zabit və əsgərlərimiz böyük uğurlar əldə etdilər. Tarixi yurdlarımızı qəsbkarlardan xilas edən hərbçilərimiz döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Ordumuzun hərbi qulluqçuları erməni işğalçıları üzərində qazandıqları qələbələrlə xalqımıza böyük sevinc bəxş etdilər.
2020-ci il noyabrın 8-i tariximizə ən şanlı gün kimi yazıldı. Həmin gün xalqımız üçün ən mühüm, ən önəmli hadisə baş verdi. Musiqi beşiyimiz, Qarabağın tacı Şuşa şəhəri erməni işğalçılarından azad olundu. Bu sevindirici xəbər Ermənistan silahlı qüvvələrinin zəiflədiyindən, məğlubiyyətə məhkum olacağından xəbər verdi. Böyük strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə ciddi təsir göstərdi. Bir gündən sonra, 2020-ci il noyabrın 10-da Ermənistan silahlı qüvvələri ağ bayraq qaldıraraq təslim oldu.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarımızı davam etdirdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirtdi. Rəşadətli Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 20-də Zəngilan şəhərini, 25-də isə Qubadlı şəhərini və başqa ərazilərimizi işğalçılardan təmizlədi. Bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və uzun illər yerinə yetirilməmiş, kağız üzərində qalmış qətnamələrini icra etmiş oldu.
Sentyabrın 27-də səhər saatlarında erməni təxribatı nəticəsində başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Nəticədə düşmən ordusu məhv edildi, diz çökdürüldü. Ermənistan məğlub olduğunu rəsmi şəkildə bildirərək kapitulyasiya aktına imza atdı. Noyabrın 10-da gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi əməliyyatların dayandırılması haqqında 9 bənddən ibarət üçtərəfli Bəyanat imzaladılar.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev televiziya ilə xalqımıza, həmçinin dünyada yaşayan azərbaycanlılara müraciət edərək dedi: “Biz qalib gəldik. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaqdır”.
Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq, çaxnaşma və olduqca mürəkkəb vəziyyət yaratdı. Ermənistanın guya qüdrəti hesab olunan lobbisinin gücü, erməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklər boyu uydurulan miflər ordumuzun uğurlu döyüşləri ilə məhv edildi.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 20-də imzaladıqları üçtərəfli Bəyanatla 30 illik münaqişə başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təsdiqi oldu. Bu mühüm sənədin imzalanmasında döyüşlərdə qazanılmış qələbələr əhəmiyyətli dərəcədə rol oynadı. Azərbaycanın döyüş meydanında əldə etdiyi böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, bir güllə atılmadan, qan tökülmədən Ağdam, Kəlbəcər və Laçın rayonları tarixi sahibinə qaytarıldı.
Bu bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il ərzində davam edən danışıqlar prosesində rəsmi İrəvan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Şanlı Azərbaycan Ordusunun müharibədə qazandığı qələbə uydurma “böyük Ermənistan” planını alt-üst etdi. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi isə, ümumiyyətlə, gündəmdən çıxarılaraq tarixin arxivinə atıldı. Ermənistanın və ona arxa dayananaların tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları məhvə uğradı. Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Zəfər regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıqlar yaratdı. Ölkəmizin dünyada nüfuzu artdı, mövqeləri daha da möhkəmləndi.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə uzun illər mövcud olmuş status-kvonu dəyişdi, itirilmiş ərazilərimizi geri qaytardı, Ermənistanın uzun illər işğalçılıq siyasəti yürütdüyünü dünyaya göstərdi. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu, güclü xalq strategiyası ilə torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca təzahürü kimi diqqəti cəlb etdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyini əldə etdi. İkinci Qarabağ müharibəsində fərqli döyüş üsulu, bənzərsiz taktiki gedişlər nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən bu gün də öyrənilməkdədir. Bütün bunları eşitmək xalqımız üçün çox qürurvericidir.
Döyüş meydanlarında böyük igidliklə, qəhrəmanlıqla qazanılmış 8 Noyabr – Zəfər Günü xalqımız üçün qürur və iftixar dolu bir gündür. Zəfər Azərbaycan xalqının tarixi iradəsinin, birliyinin, həmrəyliyinin, Prezident İlham Əliyevin müdrik, qətiyyətli və əvəzedilməz liderliyinin nəticəsidir.
Şərəfli tariximizin səhifələrinə Zəfər gününü yazan cəsur igidlərimiz, qəhrəman oğullarımız xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların adları həmişə ehtiramla çəkiləcək. Gələcək nəsillər igidliyi, qəhrəmanlığı bu cəsur Vətən övladlarından öyrənəcəklər.
Vahid MƏHƏRRƏMOV,
“Azərbaycan”