VK: Son 10 ayda 2 minə yaxın vətəndaşa hüquqi yardım göstərilib
Cari ilin 10 ayı ərzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım Mərkəzi tərəfindən, eləcə də təşkil edilmiş pulsuz hüquqi yardım aksiyalarında ümumilikdə, 1902 nəfər vətəndaşa hüquqi yardım göstərilib.
Bu barədə VK-nın mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, VK Rəyasət Heyətinin fevralın 18-də keçirilmiş iclasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı təsdiq edilib. Həmin Tədbirlər Planından irəli gələrək il ərzində bir sıra tədbirlərin, o cümlədən pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi qərara alınıb.
Tədbirlər Planından irəli gələrək 2025-ci ilin iyun-iyul ayları ərzində Milli Məclisin 21 deputatının təşəbbüsü ilə pulsuz hüquqi yardım aksiyası təşkil edilib. 7 aksiya Bakı şəhərində, 14 aksiya isə regionlarda keçirilib. Həmin aksiyalarda 480 nəfərə pulsuz hüquqi yardım göstərilib.
Həmçinin VK və Oğuz, Zərdab, Şamaxı və Gədəbəy Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə həmin rayonlarda pulsuz hüquqi yardım aksiyaları təşkil edilib. Vəkillər tərəfindən vətəndaşlara hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib. Onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub. Həmin aksiyalarda ümumilikdə 100-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.
Bundan başqa, VK ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə 21 aksiya təşkil olunub və 526 nəfərə pulsuz hüquqi yardım göstərilib.
Kollegiya və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə isə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları keçirilib. Təşkil edilmiş 6 aksiyada 147 nəfər şəxsə pulsuz hüquqi yardım göstərilib.
VK ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş köçkünlər üçün pulsuz hüquqi yardım aksiyaları da təşkil edib. Təşkil olunmuş 2 aksiyada 200 nəfərə yaxın şəxsə pulsuz hüquqi yardım göstərilib.
Eyni zamanda, kollegiya və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin iştirakı ilə iyunun 25-də “Açıq qapı” günü təşkil edilib. Mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, hüquqi məsələlər, aliment, boşanma, əlilliyin müəyyənləşdirilməsi, müalicə, sosial müavinətlər, işlə təminolunma, istirahət, yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən yayınma və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. Bu aksiyalar 2025-ci ilin sonuna qədər hər ay bölgələrdə təşkil ediləcək.
“Konstitusiya və Suverenlik İli”, eləcə də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətlərilə iyunun 26-da isə VK tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı” günü təşkil edilib. Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlər verilib.
VK ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Şağan Reabilitasiya Pansionatında fərdi hüquqi qəbullar da olub, müraciət edən şəxslərə sosial təminat və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlər verilib. Həmçinin kollegiyanın Hüquqi Yardım Mərkəzi tərəfindən 549 nəfər vətəndaşa müvafiq hüquqi yardımlar göstərilib.