XXI əsr türk əsrinə çevrilir
İlham ƏLİYEV: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin
müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”
Çox geniş bir coğrafiyanı və insan potensialını əhatə edən
türkdilli ölkələrin bir-birinə yaxınlaşması, getdikcə qlobal proseslərə təsir
imkanlarını genişləndirməsi Türk Dövlətləri Təşkilatında (TDT) bir araya gəlmiş
dövlətlərin böyük uğurudur. Təşkilatın qurulmasında, addım-addım inkişafında,
güc mərkəzinə çevrilməsində Azərbaycanın tarixi rolu çox böyükdür. Bu da ölkəmizin
gələcəyə strateji baxışından, xarici siyasət prioritetlərindən irəli gəlir. Belə
ki, dövlətimizin xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı türk
dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı əsas
istiqamət kimi müəyyənləşib.
Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə
qardaşlıq münasibətlərinə malikdir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət
və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir.
Azərbaycan təşkilatın gücləndirilməsinə xidmət edən siyasəti uğurla aparır.
Türk dünyası bu gün planetimizin mənzərəsinə müsbət yöndə həlledici təsir göstərməkdən
ötrü çox böyük potensialı özündə birləşdirir. Bu potensiala türk dövlətlərinin əhatə
etdiyi böyük coğrafiya, sarsılmaz hərbi güc, iqtisadiyyat, zəngin təbii sərvətlər,
geniş və şaxələnmiş nəqliyyat yolları, gənc və getdikcə sayı artan əhali
daxildir.
6-7 oktyabr 2025-ci ildə Qəbələ şəhərində baş tutan Türk
Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü, bu görüşdə verilən bəyanatlar
artıq TDT-nin qlobal arenada mühüm güc mərkəzi kimi formalaşmasının tarixi təsdiqi
oldu. “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən tədbir təkcə
ortaq etnik və mədəni irsə əsaslanan inteqrasiya nümunəsi kimi deyil, eyni
zamanda siyasi suverenliklərin uzlaşdırıldığı, iqtisadi potensialların birləşdirildiyi
və təhlükəsizlik sahəsində strateji koordinasiyanın təmin olunduğu çoxşaxəli əməkdaşlıq
platforması kimi TDT-nin müasir dünyamızdakı potensialını ön plana çıxardı.
Dünya nizamında qüvvələr balansının yenidən qurulduğu, yeni
güc mərkəzlərinin meydana çıxdığı və regional ittifaqların beynəlxalq sistemdə
artan təsir imkanları ilə səciyyələnən çağımızda TDT-nin varlığı və getdikcə
daha da güclənməsi son dərəcə əhəmiyyətli faktordur. Yeni dünya nizamında TDT
artıq sırf mədəni yaxınlığa əsaslanan təsisat deyil, qlobal miqyasda yeni
geosiyasi aktor və strateji müttəfiqlik modeli kimi formalaşmaqda olan kompleks
inteqrasiya strukturudur.
“Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq
platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın
beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik
köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”
– Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında
bəyan etdi.
Müstəqil təhlükəsizlik gündəliyi
Dövlət rəhbərimizin TDT-yə üzv təşkilatların 2026-cı ildə Azərbaycanda
birgə hərbi təlimlər keçirilməsini təklif etməsi də son dərəcə mühüm məqam kimi
türk dövlətlərinin birgə təhlükəsizlik gücü ilə regional sülhə doğru yeni bir
addım niyyətidir. Belə bir təşəbbüs TDT-nin müstəqil təhlükəsizlik gündəliyi
formalaşdırmaq əzmində olduğunu göstərir. Məlumdur ki, bu gün qlobal miqyasda
sülh və təhlükəsizlik hər bir ölkənin davamlı inkişafının əsas şərtinə
çevrilib. 2009-cu ildə TDT-nin təməlini qoyan Naxçıvan Sazişi də məhz bu
prinsiplər – sülhün qorunması və təhlükəsizliyin təmin olunması üzərində
qurulmuşdu.
Cənab İlham Əliyevin də xatırlatdığı kimi, müasir geosiyasi
çağırışlar fonunda təşkilatın ötən il Şuşada qəbul edilmiş Qarabağ Bəyannaməsi
və cari Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusu türk
dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bir daha
ortaya qoyur.
Təhlükəsizlik təmin edilmədən inkişafın mümkün olmadığı
artıq hamıya bəllidir, bu aksiomdur. Beynəlxalq hüququn tez-tez pozulduğu
indiki dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi
strateji zərurətə çevrilib. Bu sahədə Azərbaycan və Türkiyə arasında dərin müttəfiqlik
münasibətləri parlaq nümunədir, yalnız son bir ildə iki ölkə arasında 25-dən
çox birgə hərbi təlim keçirilib.
Azərbaycanın bu əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə
2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin
ölkəmizdə keçirilməsi təşəbbüsündən çıxış etməsi bir daha təsdiqləyir ki, türk
dövlətlərinin ortaq təhlükəsizlik platforması regionda sabitlik, inkişaf və
sülh üçün mühüm strateji dayağa çevrilə bilər.
Azad yurdların bərpa və quruculuğuna qardaş töhfəsi
Belə təşəbbüslər müvafiq Zirvə görüşünün yalnız formal
protokol tədbiri deyil, türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin
və birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdiyi tarixi hadisə olduğunu
nümayiş etdirir. Bu baxımdan TDT-nin Qəbələdə keçirilmiş Zirvə görüşü iştirakçı
dövlətlər arasında siyasi koordinasiyanı və institusional əməkdaşlığı dərinləşdirən
mühüm mərhələ kimi tarixə düşdü. Zirvə görüşü çərçivəsində təşkilata üzv və
müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları son görüşdən bəri
həyata keçirilmiş fəaliyyət istiqamətlərini təhlil etdilər, əldə olunmuş nəticələri
qiymətləndirdilər, gələcək əməkdaşlıq üçün prioritet istiqamətləri müəyyənləşdirdilər.
Görüşün yekununda qəbul edilmiş rəsmi sənədlər, xüsusilə XII
Zirvə Görüşünün Bəyannaməsi Türk Dövlətləri Təşkilatının siyasi-institusional
inkişafının növbəti mərhələyə transformasiyasını təsdiqlədi. Bu sənəd təşkilatın
normativ əsaslarının möhkəmləndirilməsi, qərar qəbuletmə mexanizmlərinin səmərəliliyinin
artırılması və inteqrasiya proseslərinin institusional sabitliyinin təmin edilməsi
baxımından mühüm əhəmiyyət daşıyır.
Zirvə görüşünün əsas nəticələrindən biri kimi TDT-yə sədrlik
funksiyasının Qırğızıstandan Azərbaycana keçməsi xüsusilə böyük rəmzi və
strateji məna ifadə edir. Bu dəyişiklik Azərbaycanın təşkilat daxilində artan
rolunun və liderlik potensialının rəsmi tanınması ilə yanaşı, ölkənin regional əməkdaşlıq
gündəliyinin formalaşmasında əsas aktora çevrildiyini də nümayiş etdirir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin keçirdiyi bir sıra ikitərəfli görüşlər, həmçinin TDT Xarici İşlər
Nazirləri Şurasının iclası yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların
qəbul olunması və türk dünyasının gələcək inteqrasiya modelinin strateji
parametrlərinin müəyyənləşdirilməsi üçün platforma rolunu oynadı.
Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və
görüşdə iştirak edən digər dövlət və hökumət başçılarının Türkmənistan tərəfindən
Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoymaları da türk
dünyasının mənəvi birliyinin ifadəsi kimi tarixə düşdü.
Azərbaycan Prezidenti çıxışında Qarabağın və Şərqi Zəngəzurun
bərpasına dəstək vermis qardaş ölkələrə bir daha təşəkkürünü bildirdi:
“Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi,
Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız
qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən
məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir.
Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan
xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Ailəmiz türk dünyasıdır
TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan
Sazişi ilə rəsmi şəkildə təsis olunub. Təşkilatın ideyası türkdilli xalqlar
arasında əsrlərlə formalaşmış siyasi, mədəni və hərbi həmrəyliyə əsaslanır.
TDT-nin qurucu dövlətləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandır.
2019-cu ildən isə Özbəkistan da TDT-yə üzv kimi qəbul olunub. 2018-ci ildən
Macarıstan, 2021-ci ildən Türkmənistan, 2022-ci ildə isə Şimali Kipr Türk
Respublikası TDT-nin müşahidəçi üzvləridir. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq
Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
TDT dinamik inkişaf edərək fəaliyyət miqyasını sürətlə
genişləndirir və bu gün dünyada mövcud olan ənənəvi regional əməkdaşlıq
formatlarının heç birinə bənzəmir. Təşkilatın gündəliyi yalnız mədəni və
humanitar sahələri əhatə etmir, eyni zamanda strateji təhlükəsizlik, enerji
diplomatiyası, innovasiya və texnoloji inkişaf, nəqliyyat-logistika
infrastrukturunun inteqrasiyası, kənd təsərrüfatı siyasətinin koordinasiyası,
kosmik tədqiqatların təşkili və qlobal ticarət marşrutları üzərində təsir
imkanlarının genişləndirilməsi kimi çoxşaxəli istiqamətləri əhatə edir. Bu
tendensiya TDT-ni tədricən regional identiklikdən qlobal strateji aktorluğa
keçid mərhələsində olan institusional platforma kimi səciyyələndirir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal və
strateji baxımdan həlledici üzvlərindən biri kimi bu qurumun həm təşəkkül
tapmasında, həm də müasir mərhələdə institusional inkişafı prosesində mühüm
rola malikdir. Ölkə rəhbərliyi səviyyəsində nümayiş etdirilən ardıcıl siyasi
iradə Azərbaycanın TDT çərçivəsində həm ideoloji-mənəvi birliyin möhkəmləndirilməsi,
həm də praktiki əməkdaşlıq mexanizmlərinin dərinləşdirilməsi istiqamətində
aparıcı mövqe tutduğunu təsdiqləyir.
Prezident İlham Əliyev demişdir: “Bizim üçün Türk Dövlətləri
Təşkilatı əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa
ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”. Dövlətimizin başçısı bu bəyanatı
2024-cü il fevralın 14-də keçirilmiş andiçmə mərasimində səsləndirərək Azərbaycanın
türk dünyasına yönəlik xarici siyasət prioritetlərini və identiklik əsaslı
geosiyasi mövqeyini qlobal auditoriyaya nümayiş etdirmişdir. Bu fikirlər Azərbaycanın
TDT-yə verdiyi mənəvi dəyərin və strateji önəmin ən parlaq ifadəsidir.
Azərbaycan hazırda bu birlik platformasının əsas hərəkətverici
qüvvəsi və strateji lokomotivi rolunda çıxış edir. Ölkəmiz təşkilatın çərçivəsində
siyasi təşəbbüslərin irəli sürülməsi, yeni əməkdaşlıq istiqamətlərinin
formalaşdırılması, eləcə də ortaq layihələrin maliyyələşdirilməsi və idarə
olunmasında fəal iştirakı vasitəsilə inteqrasiya prosesinə konkret töhfə verir.
Azərbaycanın təşkilatın işinə dəstək məqsədilə TDT Katibliyinin hesabına 2
milyon ABŞ dolları məbləğində ianə köçürməsi də bunun bariz nümunələrindəndir.
Prezident İlham Əliyevin çoxşaxəli təşəbbüsləri TDT-nin
inkişaf strategiyasının əsas konturlarını müəyyənləşdirərək, təşkilatın fəaliyyətinə
yeni məzmun və istiqamət qazandırır. Məhz bu ardıcıl və sistemli yanaşma nəticəsində
TDT tədricən formal əməkdaşlıq platformasından real təsir gücünə malik beynəlxalq
subyektə çevrilir, regional və qlobal miqyasda strateji aktor statusunu möhkəmləndirir.
Azərbaycanın strateji liderliyi
2024-cü ilin iyul ayında Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə
görüşü və onun nəticəsi olaraq qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın
Türk Dövlətləri Təşkilatında ideoloji və strateji liderlik rolunu bir daha təsdiqlədi.
Həmin sənəd TDT-nin gələcək inkişafı üçün vahid siyasət və qərar qəbuletmə
mexanizminin formalaşdırılmasına ehtiyac olduğunu da aydın şəkildə ortaya
qoydu. Şuşada keçirilən Zirvə görüşü zamanı Prezident İlham Əliyevin səsləndirdiyi
“Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə
çevrilməlidir… XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır” fikirləri
təşkilatın gələcək missiyasını müəyyən edən strateji vizyon bəyanatı kimi dəyərləndirilir.
Bu çıxış türk dövlətləri qarşısında təkcə regional deyil, qlobal miqyasda
tarixi hədəflər müəyyənləşdirmişdir.
Həmin Zirvə görüşünün ardınca keçirilən tədbirlər də bu xəttin
davamı olmuş, 2024-cü ilin noyabrında Bişkekdə təşkil olunmuş XI Zirvə Görüşü və
2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə görüşü TDT-nin
institusional yetkinliyinin və geosiyasi nüfuzunun artmasına mühüm töhfə
vermişdir. Xüsusilə Budapeşt zirvəsi üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi,
strateji koordinasiyanın genişləndirilməsi və Avrasiya məkanında birgə
maraqların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
TDT çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələri son dərəcə
önəmlidir. Türk dünyasının nəqliyyat, tranzit və kommunikasiya potensialından səmərəli
istifadə məqsədilə atılan addımlar beynəlxalq səviyyədə mühüm layihələrin
reallaşmasına şərait yaradır.
Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə
25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir
yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti ilə
Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən biri kimi bu prosesə mühüm töhfə
verir. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin
fəal iştirakçısı olaraq, Türkiyə ilə Mərkəzi Asiya arasında iqtisadi, coğrafi və
nəqliyyat sahələrində körpü rolunu oynayır. Bunun xoş nəticələrindən biri
2022-ci ildən etibarən Orta dəhlizlə yük daşımalarının təqribən 90 faiz
artması, tranzit müddətlərinin isə əhəmiyyətli dərəcədə azalmasıdır.
Bu sahədə daha bir mühüm addım isə Zəngəzur dəhlizinin
(TRIPP) açılmasıdır. Dəhliz Orta dəhliz və “Şimal-Cənub” dəhlizlərinin
inteqrasiyasını təmin edən yeni nəqliyyat arteriyası qismində regional iqtisadi
əlaqələrin gücləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan Orta
Asiya, Türkiyə və Avropa arasında “yaşıl enerji” dəhlizi üzərində fəal
şəkildə çalışır.
Azərbaycan TDT-yə üzv ölkələrlə iqtisadi əməkdaşlığı da gücləndirib.
Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə
qoyulmuşdur, əsas hissəsi Türkiyə iqtisadiyyatına yatırılmışdır. Eyni zamanda
Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları
yaradaraq bir sıra layihələrin icrasını təmin edir.
Tarixi-mənəvi bağlar
Ümumilikdə, həyata keçirilən tədbirlər türk dünyasında iqtisadi
inteqrasiyanın, enerji və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsinə və
regionun dayanıqlı inkişafına xidmət edir. Ortaq tarixi, etnik və dil kökləri
bu əlaqələri daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan Prezidentinin
1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixi əhəmiyyətini
xüsusi qeyd etməsi, gələn il I Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində
təntənəli şəkildə keçirilməsi təklifini irəli sürməsi Zirvə görüşünün əlamətdar
faktlarından oldu. Cənab İlham Əliyevin də bəyan etdiyi kimi, bu tədbir yalnız
tarixi irsimizin qeyd edilməsi deyil, həm də türk dünyasında mədəni və elmi
inteqrasiyanın simvolu olacaq. Çünki TDT-yə üzv ölkələrin digər sferalar kimi,
mədəniyyət, təhsil və informasiya sahələrində əməkdaşlığı da son dərəcə önəmlidir
və Azərbaycan bu məsələyə də yüksək diqqət yetirir. Mənzil-qərargahları Bakıda
yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Mədəniyyəti və
İrsi Fondunun (TMİF) uğurlu fəaliyyəti buna nümunədir.
Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş XII Zirvə
Görüşü bir daha göstərdi ki, TDT artıq bu günün və gələcəyin güc mərkəzi kimi
qlobal siyasi arenadadır və XXI əsrin türk əsrinə çevrilməsi üçün real, təsirli
addımlar atır.
İradə ƏLİYEVA,
“Azərbaycan”