
Yeni dövrün prioriteti
Böyük qayıdışın birinci mərhələsi uğurla icra olunur
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdış davam edir. Keçmiş məcburi köçkünlərin qayıdışı yeni dövrün prioritetidir və bu proses ölkənin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib.
Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın dövlət suverenliyinin tam bərpası əməliyyatının növbəti ildönümündə də keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaqdadırlar. Ötən günlərdə Xocavənd və Xocalının kəndlərinə köç karvanı yola salındı. Həmçinin Ağdərə rayonunun Vəngli kəndinə də 29 ailə – 105 nəfər köçürülüb. “Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə qayıdış, burada aparılan bərpa-quruculuq işləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzurda yeni salınan yaşayış məntəqələrinə səfərlər edir, yaradılan şəraitlə yerində tanış olur, yurdlarına dönən soydaşlarımızla görüşürlər. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”,- deyə o əlavə edib.
Deputat qeyd edib ki, 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük qürur hissilə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad olunmuş ərazilərin bərpası, ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. Böyük qayıdış proqramı əsasında bütün azad olunmuş ərazilərdə yüksək standartlara malik bərpa-quruculuq işləri aparılır, soydaşlarımızın təhlükəsiz və firavan yaşayışı üçün hər cür şərait yaradılır.
Prezident İlham Əliyev hər zaman vurğulayır ki, işğal dövründə təcavüzkara göstərilən hərtərəfli dəstəyin əsas məqsədi həm də azərbaycanlıların doğma yurdlarına qayıdışına mane olmaq idi. Lakin Azərbaycan öz gücü hesabına yeni reallıq yaratdı, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
N.Məmmədova bildirib ki, işğaldan azad olunmuş ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması əsl nümunə kimi qiymətləndirilməlidir: “Cəmi 8 aya – 2021-ci ilin oktyabrında Füzuli, bir il sonra isə Zəngilan Beynəlxalq Hava Limanı, bu ilin mayında isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Beləliklə, azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanının inşası, eyni zamanda müasir yol-nəqliyyat infrastrukturunun qurulması əhalinin təhlükəsiz, rahat və sürətli gediş-gəlişini təmin etməkdədir. Yeni nəqliyyat qovşaqları bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradaraq əhalinin rifahına töhfə verməkdədir.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb”.
Deputat xatırladıb ki, Böyük qayıdış proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan məskunlaşacaq. Bu proqramın uğurlu icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb. Bu isə Böyük Qayıdışa dair II Dövlət Proqramının da uğurla icrasını şərtləndirir.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”