
Yeni layihələr “Əsrin müqaviləsi”nin ömrünü uzadır
8 il əvvəl “Azəri-Çıraq-Günəşli”nin işlənməsi müddəti 2050-ci ilədək artırıldı
“Azəri-Çıraq-Günəşli”(AÇG) “ailə”sinin hələlik “sonbeşiyi” olan “Azəri Mərkəzi Şərqi”(ACE) platforması keçən ilin aprelindən hasilata başlayıb. AÇG-nin bu ilin birinci yarısında verdiyi təxminən 59 milyon barel (gündə orta hesabla 327 min barel) neftdə ACE-nin də payı var. Belə ki, bu platformadan gündəlik 25 min barel neft hasil olunur.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması və uğurla fəaliyyət göstərməsi 8 il əvvəv AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin uzadılmasından sonra layihə tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. ACE sazişinin özü isə müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft strategiyamızın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin və zamanın tələbləri baxımından inkişaf etdirilərək yeni nailiyyətlər qazanmasının daha bir göstəricisidir .
“Azəri-Çıraq-Günəşli”nin ACE-yə qədərki digər hasilat platformaları bunlardır: “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”. 2017-ci il sentyabrın 14-də ACE layihəsi ilə AÇG yataqlarının işlənməsində yeni dövr başlandı. Belə ki, AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edildi və yenidən tərtib olunmuş sənəd imzalandı. Yeni saziş Milli Məclis tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olundu.
Bu sazişi “Yeni əsrin müqaviləsi” də adlandırırlar. Çünki bununla nəhəng AÇG yataqlar blokunun işlənilməsinin müddəti 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Üstəlik də, saziş ölkəmiz üçün daha əlverişli şərtlərlə imzalandı. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” də Azərbaycanın maraqlarını tam təmin edirdi.
“Yeni əsrin müqaviləsi” ölkənin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Sazişin bir hissəsi olaraq SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə yüksəldildi. Beynəlxalq tərəfdaş şirkətlər layihənin icrası dövründə ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bir vacib məqam da odur ki, tərəfdaşların tərkibində dəyişiklik olmadı. O cümlədən BP şirkəti layihənin operatoru olaraq qaldı. Bu da Prezident İlham Əliyevin yaratdığı möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platformasının bir daha təsdiqidir.
8 il əvvəl yeni sazişin imzalanması mərasimində dövlətimizin başçısı demişdir: “1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, – əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, – onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq… O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır”.
“Yeni əsrin müqaviləsi” uğurla start götürdüyü kimi, beləcə də davam edir. Müqavilə çərçivəsində 6 milyard dollarlıq ACE layihəsi həyata keçirilir. 2019-cu ildə ümumi tikinti işləri başlandı. Dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni hasilat, qazma və yaşayış platforması quraşdırıldı. Göründüyü kimi, yeni “Azəri Mərkəzi Şərqi ” platforması adını da öz yaxın qonşularından alıb.
ACE-nin dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) tikilmişdi. Blokun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğunun tikinti işləri üç il çəkmiş və təhlükəsiz şəkildə, yəni heç bir bədbəxt hadisəyə yol verilmədən tamamlanmışdı.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılmışdı. Üst modullara neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların çəkisi 19 min 600 tondur. Bu qurğu “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilmişdi.
Xatırladaq ki, 2022-ci il dekabrın 13-də Prezident İlham Əliyev BDÖZ sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə xeyir-dua vermişdi.
BP bu qurğunun texnoloji və rəqəmsal baxımdan şirkətin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platforması olduğunu bildirib. ACE gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.
ACE-dən hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçərək 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili xətlə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına çatdırılır. Platformadan ilk neft 2023-cü ilin sonunda qazılmağa başlanmış birinci quyudan alınıb.
ACE platformasının uğurla işə salınmasını operator olan BP şirkəti SOCAR və Azərbaycan hökuməti ilə davamlı sıx əməkdaşlığın və tərəfdaşlarımızın əsl nümayişi kimi dəyərləndirir: “Bu nailiyyətin AÇG-nin 30-cu ildönümündə əldə olunması bu dünyamiqyaslı yatağın işlənməsinin növbəti mərhələsinin başlandığını bildirir. Biz artıq Xəzərdə doqquz dünyasəviyyəli hasilat platforması inşa etmişik, quraşdırmışıq və təhlükəsiz şəkildə idarə edirik. Bunların arasında ACE, həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və avtomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, “gələcəyin platforması” olduğuna inandığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik”.
Flora SADIQLI,
“Azərbaycan”