
Yeni məktəb binaları istifadəyə verildi
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın hər yerində olduğu kimi, Astara rayonunda da məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Yeni dərs ilində Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbi üçün inşa edilən 264 şagirdlik məktəb binası istifadəyə verilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müəllimlər, şagirdlər, kənd ictimaiyyəti iştirak etmişdir. İcra başçısı bildirmişdir ki, müstəqil, suveren dövlətimizdə bütün sahələrə olduğu kimi, təhsilə də xüsusi önəm verilir: “Prezident İlham Əliyevin rəhbərliyi altında icra olunan dövlət proqramlarında prioritet məsələrdən biri – təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması məsələsi diqqət mərkəzindədir. Ötən illər ərzində yüzlərlə yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. Astara rayonunda da son illər xeyli yeni məktəb binası tikilmiş və köhnə məktəb binaları əsaslı təmir olunmuşdur. Bunlardan biri də Sərək kəndində tikilmiş və bu gün açılışında iştirak etdiyimiz tam orta məktəbdir. Bu münasibətlə məktəbin şagird və müəllim kollektivini, valideynləri və bütün kənd ictimaiyyətini təbrik edirəm. Əvvəllər yararsız vəziyyətə düşmüş, darısqal, köhnə məktəb binasında tədris aparıldığından dərs məşğələlərinin müasir səviyyədə təşkili mümkün deyildi. Səyyar qəbul və görüşlərdə sakinlər kənddə yeni məktəb binasının tikintisinə ehtiyac olması barədə dəfələrlə təklif və arzularını bildirmişdilər. Prezidentin sərəncamı ilə qısa müddət ərzində kənddə müasir tipli yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Hər cür inventar və avadanlıqlarla təmin olunan binada şagirdlərin yüksək səviyyədə bilik alması üçün bütün imkanlar var. Bu məktəb həm də Azərbaycanın dövlət suverenliyinin qorunmasında şəhid olmuş Milli Qəhrəmanımız Yalçın Nəsirovun adını daşıyır. İnanıram ki, məktəbin işgüzar pedaqoji kollektivi müasir tələblərə cavab verən, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılan yeni məktəbdə səylərini daha da artıracaq, şagirdlər də elmin sirlərinə yiyələnmək üçün maksimum çalışaraq savadlı, nümunəvi və Yalçın kimi qəhrəman, vətənpərvər gənclər olacaqlar. Bir daha hər birinizi təbrik edir, uğurlar arzulayıram”.
Lənkəran-Astara regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və Milli Qəhrəman Yaçın Nəsirovun əmisi Rafiq Muradov tədbirdə çıxış etmişlər.
Ən müasir layihə ilə inşa edilən üçmərtəbəli binada bütün zəruri avadanlıqlarla təchiz olunmuş sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, kitabxana, bufet, akt və idman zalı var. Hərbi kabinetin ən yeni təlim avadanlıqları ilə təchiz edilməsi şagirdlərin ilkin hərbi biliklərə yiyələnməsində mühüm rol oynayacaq.
Pedaqoji kollektivin, şagird və valideynlərin uzun illərdən bəri arzusunda olduğu məktəb binasının yeni dərs ilinin ilk günündə istifadəyə verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuş, onlar bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
***
Biləsuvar rayon Rafiq Rzayev adına Nəsimi kənd tam orta məktəbi üçün inşa olunmuş 624 şagirdlik yeni binanın açılış mərasimi keçirilib. Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, təhsil işçiləri, məktəbin müəllim kollektivi və şagird heyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimdə çıxış edən RİH-in başçısı Faiq Qürbətov Bilik Günü və yeni məktəbin açılışı münasibətilə pedaqoji kollektivi, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. İcra başçısı bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, bu sahədə keyfiyyətin yüksəldilməsinə göstərilən dövlət qayğısı bir daha təsdiq edir ki, təhsil dövlətin prioritet sahəsidir. Rayonumuzda yeni məktəblər tikilir, əsaslı təmir olunur və məktəblərin maddi-texniki bazaları genişləndirilir. Bu istiqamətdə görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan regional Təhsil İdarəsinin şöbə müdiri Müşfiq Dadaşov və digərləri çıxış edərək 15 Sentyabr Bilik Günü və məktəbin yeni binasının açılışı münasibətilə xoş sözlərini bildirib, kollektivə uğurlar arzulayıblar.
Açılış mərasimində çıxış edənlər təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda qonaqlar məktəb binasına baxış keçirib, sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 1972-ci ildən fəaliyyət göstərən məktəbin binası köhnə və yararsız vəziyyətdə olduğu üçün Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2023-cü ilin fevral ayından məktəbin yeni binasının tikintisinə başlanılmışdı. Hazırda istifadəyə verilən 624 şagirdlik məktəbin yeni binasında sinif otaqlarından əlavə, fizika, kimya, biologiya laboratoriyaları, hərbi hazırlıq, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, akt zalı, idman zalı və yeməkxana mövcuddur. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətti də çəkilib.
Seyran CAVADOV,
“Azərbaycan”