
Yeni tariximizin qürurverici səhifəsi
Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir.
Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan da suveren dövlətdir. Bu gün hər bir azərbaycanlı dövlət suverenliyimizin və ərazi bütövlüyünün tam bərpa edilməsinin ikinci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edir.
Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakı mərhələdə isə cəmi birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Bu tarixi uğurlar dünya durduqca Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq.
1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış coğrafi ərazisinin 20 faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmişdi. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir.
Bu ərazilər işğal edilsə də, suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Çünki suverenlik dövlətin davamlığını və qarşılıqlı münasibətlərini təmin edən əsas amil kimi çıxış edir. Ermənistanın müasir dövlət prinsiplərinə münasibəti orta əsr yanaşmasına əsaslanırdı. Odur ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermədi. Ermənilər bir növ suveren dövlətlər sistemində yaşadıqlarını unudub, orta əsr qaydalarına uyğun olaraq dövləti canlı varlıq kimi nəzərdən keçirirdilər. Sanki dövlət digər dövlətlərin ərazilərini işğal edib istədiyi qədər ekspansiya edə bilərdi. Onlar unutdular ki, suveren dövlət artıq hüquqi əsaslara, davamlı mövcudluğa malikdir və onun tanınmış sərhədlər daxilində mövcudluğu beynəlxalq hüquq tərəfindən qorunur.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən – Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
2023-cü ilin sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal xaraqterli antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.
Taleyini müstəqil müəyyən etmək, öz ərazisinə, sərvətlərinə sahib olmaq, milli-mənəvi dəyərlərini qoruyub yaşatmaq xalqımızın ən böyük arzusu idi. Azərbaycanın bərpa edilmiş dövlət suverenliyi bu baxımdan xalqımızın milli mənlik şüurunun, ictimai-siyasi iradəsinin təntənəsidir.
Mirtəhmasib RƏHİMOV,
Lerik rayonu