
Zəngilan strateji nəqliyyat-logistika mərkəzinə çevrilib
30 ilə yaxın işğal altında qalan Zəngilan
rayonu 44 günlük Vətən müharibəsində
azadlığına qovuşdu. 1993-cü il Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan
sonra vətənpərvər Zəngilan sakinləri 67 gün tam mühasirə şəraitində ermənilərlə
vuruşdu.
25–29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi
son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçdi. Yəni,
Zəngilanın işğalı asan başa gəlmədi.
44 günlük Vətən müharibəsi zamanı Zəngilan
rayonundan şərqdə yerləşən Cəbrayılda düşmən qüvvələrinin darmadağın edilməsi
ilə 30-dan çox yaşayış məntəqəsi işğaldan azad olundu və Azərbaycan Silahlı
Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı.
Şanlı Ordumuz oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata
başladı və iki gün sonra — oktyabrın 20-də artıq Zəngilan azad olunmuşdu.
Döyüşlər nəticəsində Zəngilan şəhəri, rayonun
4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi də məhz Zəngilanın
işğaldan azad olunması ilə tam bərpa edildi. 2020-ci il dekabrın 23-də Müzəffər
Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı.
Böyük qələbədən sonra bərpa-quruculuq işlərinə
dair ilk pilot layihə Zəngilanda, Ağalı kəndində icra olundu. Burada 200 evdən
ibarət, müasir standartlara uyğun kənd salınıb. Beləliklə, Ağalı “ağıllı kənd”
kimi dünyanın ən müasir kəndlərindən birinə çevrilib.
2022-ci ilin may ayında Ağalı kəndinin ilk
sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi
çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871
nəfərin məskunlaşması təmin olunub.
Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına
dair Baş planı da beynəlxalq standartlara uyğun hazırlanıb. Baş planın
konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar”
kimi şəhər yanaşmaları təşkil edir ki, bu da 30 ildən sonra doğma yurduna
qayıdan insanların normal həyat şəraitinin təmin olunmasına şərait yaradır.
Strateji coğrafi mövqeyə malik olan Zəngilan həm
də mühüm nəqliyyat qovşağıdır. Belə ki, nəqliyyat dəhlizləri üzərində yerləşməsi
onun əhəmiyyətini daha da artırır. Zəngilan Beynəlxalq Hava Limanının inşası isə
bütövlükdə Şərqi Zəngəzurun inkişafına təkandır. Artıq Zəngilan Beynəlxalq Hava
Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilib.
İşğal dövründə Zəngilanda 50-yə yaxın
tarixi-dini abidə erməni vandalları tərəfindən dağıdılıb. Hətta düşmən bütün mənəvi
sərhədləri aşaraq məscidlərdən tövlə kimi istifadə edirdi.
Böyük Qələbədən sonra dini-tarixi bütün bölgələrdə
olduğu kimi, Zəngilanda da abidələrin bərpasına başlanılıb. Təsadüfi deyil ki,
Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilan şəhər məscidi yenidən inşa olunub.
Zəngilanda həm də pilot kənd təsərrüfatı layihələri
icra olunmaqdadır. Burada yeni ekosistem yaradılır və ən əsası, bu layihələrin
icrası yüzlərlə insanın məşğulluğunun təmin olunması deməkdir.
Son 5 ildə Zəngilan həm də beynəlxalq tədbirlərə
ev sahibliyi edir. Uğurla reallaşan bərpa-quruculuq prosesinin ən unikal nümunəsi
kimi, Zəngilanda şəhərsalma forumları keçirilir.
İnklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan
təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları məhz Zəngilanda
müzakirə edilir.
Bir sözlə, 5 il ərzində ən uğurlu şəhərsalma təcrübəsi
sərgiləyən Zəngilan doğma sakinlərini qarşılamaqla yanaşı, beynəlxalq statuslu
bölgə kimi də inkişaf etməkdədir.
Nigar MƏMMƏDOVA,
Milli Məclisin deputatı