Hindistanın ən böyük kripto birjası CoinDCX, rəqəmsal aktivlərin qorunması üçün “Koqnitiv İntellekt” əsaslı yeni texnologiyasına rəsmi patent alıb.
LivePress Media CryptoTimesin məlumatına istinadən xəbər verir ki, bu sistem süni intellekt vasitəsilə istifadəçi davranışlarını analiz edərək şübhəli əməliyyatların və icazəsiz girişlərin qarşısını real vaxt rejimində alır.
Yeni texnologiya fərdi açarların (private keys) daha təhlükəsiz idarə olunmasını təmin edir və tranzaksiyalarda texniki xətaları minimuma endirir. Şirkət bu yeniliyi artıq özünün “Okto” pulqabısına inteqrasiya edib. Ekspertlər bu patenti Hindistanın Web3 sektorunda innovasiyaların dəstəklənməsi baxımından mühüm nailiyyət hesab edirlər.