Cənubi Koreya Mərkəzi Bankı (BOK), “Bithumb” birjasında bir işçinin texniki səhvi ucbatından baş vermiş 43 milyard dollarlıq “fantom” Bitkoin paylanmasından sonra hərəkətə keçib.
LivePress Media CryptoTimesın məlumatına istinadən xəbər verir ki, bank kripto bazarlarında kəskin dalğalanmaların qarşısını almaq üçün ticarəti avtomatik dayandıran “təhlükəsizlik açarı” (circuit breaker) sisteminin tətbiqini təklif edib. Fevralda baş verən hadisə zamanı sistem xətası qiymətlərin 15% çökməsinə səbəb olmuş, birjanın müdaxiləsi isə 20 dəqiqə ləngimişdi. BOK bu boşluğu sektordakı zəif daxili nəzarətin nəticəsi kimi qiymətləndirir. Yeni mexanizm şübhəli əməliyyat aşkarlandıqda birjanın fəaliyyətini dərhal dondurmağı hədəfləyir. Hazırda hökumət rəqəmsal aktivlər üçün bank səviyyəsində yeni təhlükəsizlik standartları üzərində işləyir.